Profil

Axtarış

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində hazırlanmış videolar

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində hazırlanmış 5 maarifləndirici videoçarx artıq ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri üçün əlçatandır. Videoların təhsil prosesində istifadəsini təmin etmək məqsədilə materiallar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin TRİMS – trims.edu.az elektron resurs platformasında yerləşdirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olan və nazirliyin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsini tanıtmaq, milli yaddaşımızı yaşatmaq, gənc nəslin tariximizə və mədəni dəyərlərimizə marağını artırmaqdır.

Layihə çərçivəsində hazırlanmış videoçarxlar Qərbi Azərbaycanın tarixini, mədəni irsini və xalqımızın yaddaşında yaşayan dəyərləri əks etdirən beş mühüm istiqaməti əhatə edir:

 1. Qərbi Azərbaycanın tarixi coğrafiyası və toponimləri
Tarixi xəritələr, yer adlarının mənşəyi və dəyişdirilmiş toponimlər vasitəsilə bölgənin tarixi coğrafiyası, adların daşıdığı məna və tarixi yaddaşın qorunmasının əhəmiyyəti diqqətə çatdırılır.

 2. Qərbi Azərbaycanın maddi-mədəni irsi
Bölgədə mövcud olmuş məscidlər, körpülər, qalalar, qəbiristanlıqlar və digər tarixi-mədəni abidələr, onların keçmişi və taleyi haqqında məlumatlar təqdim olunur. Bu istiqamət maddi irsin tarixi və mədəni kimliyimizin formalaşmasındakı rolunu ön plana çıxarır.

 3. Qərbi Azərbaycanın qeyri-maddi mədəni irsi
Folklor nümunələri, aşıq sənəti, musiqi, adət-ənənələr və nəsildən-nəslə ötürülən mənəvi dəyərlər vasitəsilə xalqımızın zəngin mədəni dünyası tanıdılır.

 4. Qərbi Azərbaycandan deportasiya və yaddaş
Tarixi faktlar, şahid xatirələri və kollektiv yaddaş əsasında deportasiya hadisələrinin tarixi və insan talelərində buraxdığı izlər təqdim edilir. Bu materiallar tarixi hadisələrin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 5. Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri
Elm, ədəbiyyat və incəsənət sahələrində tanınmış şəxsiyyətlərin həyat və fəaliyyəti vasitəsilə onların Azərbaycan mədəniyyətinə, elminə və ictimai fikir tarixinə verdikləri töhfələr işıqlandırılır.

Hazırlanmış videoçarxların ümumi təhsil müəssisələri üçün əlçatan olması layihənin əhatə dairəsini genişləndirməklə yanaşı, müəllimlərə tarix, Azərbaycan dili və ədəbiyyatı, musiqi, təsviri incəsənət və digər fənlərin tədrisində istifadə edə biləcəkləri əlavə maarifləndirici resurslar təqdim edir.

Bu materiallar şagirdlərdə tarixi mənbələrə marağın artırılmasına, mədəni irsin dərk edilməsinə, milli-mənəvi dəyərlərə hörmətin gücləndirilməsinə və keçmişlə gələcək arasında mənəvi bağın qorunmasına töhfə verə bilər.

İnanırıq ki, milli mədəni irsimizin tanıdılması istiqamətində hazırlanmış bu videoçarxlar müəllim və şagirdlər üçün faydalı tədris resursuna çevriləcək, gənc nəslin tarixi biliklərinin zənginləşdirilməsinə və milli yaddaşın yaşadılmasına xidmət edəcək.

Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi ortaq məsuliyyətimizdir. Milli yaddaşımızı yaşatmaq, mədəni irsimizi tanıtmaq və onu gənc nəslə çatdırmaq istiqamətində fəaliyyətimizi davam etdiririk!


Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun