AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə istirahət proqramı təşkil olunub
11 avqust tarixində start götürən və 17 avqustda yekunlaşan istirahət proqramı çərçivəsində sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün xüsusi təşəbbüs reallaşdırılıb. AGMA-nın təşkilatçılığı və ETİHİ-nin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimləri təqdir etmək, onların motivasiyasını artırmaq və qarşılıqlı təcrübə mübadiləsi üçün şərait yaratmaq olub.
Proqramda həm yüksək nəticə əldə etmiş müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər. İştirakçılar müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində fəal iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, kollektiv ruhun güclənməsinə və yeni əməkdaşlıqların yaranmasına zəmin yaradıb.
Tədbir çərçivəsində həmçinin intellektual oyun təşkil edilib. Müxtəlif bölgələrdən gələn iştirakçıların qatıldığı bu yarışda müəllimlər öz bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, əyləncəli və maarifləndirici anlar yaşayıblar.
İstirahət proqramı müddətində iştirakçılar üçün həm sosial əlaqələrin qurulması, həm də təcrübə mübadiləsi baxımından dəyərli imkanlar təqdim olunub. Proqram, ümumilikdə, iştirakçılar üçün yaddaqalan və ruhlandırıcı bir təcrübəyə çevrilib.
Biz də bu təşəbbüsdə iştirak edən bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və davamlı motivasiya arzulayırıq.