Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.
Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.
İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.
Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.
Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.