Profil

Axtarış

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təbliğində gənc müəllimlərin roluna həsr olunmuş forum keçirilib

İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib. 
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən forumda dövlət rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib. 
 
Forum Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
Forumda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı siyasi xətt və yanaşmasının gənclərə aşılanması müsbət və effektiv addımdır. Firudin Qurbanov vurğulayıb ki, Qayıdış konsepsiyası yalnız yaşayış infrastrukturuna, əvvəlki həyat şəraitinə qayıtmaq deyil, həm də tarixi yaddaşın, mədəni irsin qorunması deməkdir.
 
Təhsildə milli yaddaşın formalaşdırılması məqsədilə şagirdlər arasında keçirilən maarifləndirmə işlərinə toxunan nazir müavini bildirib ki, təhsilalanlar Azərbaycanın əzəli torpaqları haqqında müfəssəl məlumatlara sahib olmalı, onu gələcək nəsillərə ötürməlidirlər. Gənclər Qərbi Azərbaycana Qayıdış missiyasının əsas qüvvələridir. Təhsil yalnız bilik və bacarıqlardan ibarət olmamalı, həm də şəxsiyyəti, vətəndaşı formalaşdıran, cəmiyyəti birləşdirən mənəvi və əxlaqi dəyərləri də əhatə etməlidir. Şagirdlərin tərbiyəsi anlayışı elə genişləndirilməlidir ki, bu tərbiyə prosesi vətənpərvərlik və vətəndaşlıq hissinin, xalqın mədəni irsinə və ənənələrinə ehtiramlı münasibətin formalaşdırılmasına yönəlsin. Tarixi vətənpərvərlik kökləri nə qədər dərin olsa, xalq vətənpərvərliyinin təməli də bir o qədər güclü və möhkəm olar. 
 
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır. Qayıdış ideyası sadəcə bir arzudan ibarət deyil, bu, milli iradənin və tarixi ədalətin təntənəsidir. Əziz Ələkbərli qeyd edib ki, bu ideyanın həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşür. Biz milli dəyərlərə sahib bir gənc nəsil yetişdirməliyik. Çünki milli dəyər sahibi olmayan insanın nə özünə, nə də cəmiyyətə faydası olar. Bu baxımdan gənc müəllimlərin rolu xüsusilə önəmlidir. 
 
Çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova da öz növbəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində gənc müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb və planlaşdırılan layihələrə toxunub.  
 
Rəsmi açılış mərasimindən sonra forum öz işini panellərlə davam etdirib. 
 
“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş I panelə moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. Müzakirələrdə Milli Məclisin Gənclər və idman komitəsinin və QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafa və Elm üzrə prezident mükafatçısı Elnur Həsənov iştirak ediblər.
 
II panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşı paneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov, Bakı şəhəri 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Flora Osmanova və 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi çıxış ediblər.
 
Ardınca “Qərbi Azərbaycana qayıdış” olimpiadası haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qalibləri mükafatlandırılıblar. 
 
Tədbir bədii hissə ilə davam edib. 
 
Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib və kollektiv foto çəkdirilib.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun II günü keçirilib və forum yekunlaşıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu”nun II günü 21 dekabr 2025-ci il tarixində davam edib.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya “Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri, onların effektiv idarə olunması və maliyyə əsaslandırmasının vacib məqamları barədə iştirakçılara ətraflı məlumat verib.

II sessiya NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva “Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edib. O, müasir dövrdə süni intellekt texnologiyalarının təhsildə tətbiqi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bu sahədə mövcud çağırışlardan bəhs edib.

Aktiv müzakirələr və interaktiv formatda keçən sessiyalar gənc müəllimlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də praktiki təcrübə qazanmalarına şərait yaradıb.

Beləliklə, iki gün davam edən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb. Forum gənc müəllimlər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına və peşəkar şəbəkələşmənin gücləndirilməsinə mühüm töhfə verib.

22.12.2025

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun I günü uğurla keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nun I günü baş tutub. Forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova forumun əhəmiyyətindən, gənc müəllimlərin inkişafında bu cür platformaların rolundan bəhs edib. Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.

Forumun I günü çərçivəsində keçirilən I sessiya “Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin metod və yanaşmalarından danışıb.

Ardınca baş tutan II sessiya media savadlılığı mövzusuna həsr edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklər və çağırışlar barədə məlumat verib.

Forumun I günü iştirakçıların aktiv müzakirələri və fikir mübadiləsi ilə yadda qalıb, gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb.

21.12.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun