Profil

Axtarış

Əfsanə Qafarova - İbtidai sinif

"Gənc Müəllim Danışır" rubrikamızın  növbəti qonağı Əfsanə Qafarovadır.

Mən – Qafarova Əfsanə Abgül qızı 1995-ci il avqust ayının 26-da Abşeron rayonu  Qobu qəsəbəsində anadan olmuşam. 2001-ci ildə Abşeron rayonu Q.Xalıqov adına  Qobu 1 saylı orta məktəbində təhsil almağa başlamış, 2012-ci ildə həmin məktəbi bitirmişəm. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olmuşam. 2016-cı ildə pedaqoji təcrübə zamanı dərslərin nümunəvi təşkilinə görə Fəxri Fərmanla təltif edilmişəm. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu imtahanında 49 bal toplayaraq müddətli müqavilə ilə Abşeron rayonu Qobu qəsəbə 3 saylı tam orta məktəbə qəbul olmuş, 2019-cu ildə MİQ imtahanında yenidən iştirak edərək 53 bal toplayıb müddətsiz müqavilə ilə Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətimə davam etmişəm.

Müəllimlik çətin və bir o qədər də şərəfli peşədir.  Artıq 5 ildir ki, müəllim adına layiq olmaq üçün gecə-gündüz demədən çalışıram. Məqsədim yalnız şagirdlərimi akademik biliklərlə kifayətləndirməmək, həyati bacarıqlara yiyələnmələri üçün şərait yaratmaq, ən əsası vicdanlı vətəndaş yetişdirməkdir. Dövrün tələbinə uyğun olaraq “Öyrətmək üçün daim öyrənməliyik” prinsipini əsas tutaraq  yenilik axtarışındayam. Təhsillə bağlı müxtəlif seminar və təlimlərdə - ixtisasartırma, İKT bacarıqları və s  iştirak edib, təlim sonunda sertifikatla təltif edilmişəm. Təlimlərdə iştirakım hal-hazırda da davam edir. Şagirdlərimlə birlikdə e-Twinning layihələrində iştirak etmişəm.  

Dərslərimi müasir təlim metodları ilə təşkil edirəm. Daha çox oyunlara üstünlük verirəm. Həm əylənirik , həm də öyrənirik. Çünki müasir dövrün uşaqları yenilik axtarışında olur. Rollu oyun, Ziqzaq, Beyin həmləsi, BİBÖ, Akvarium kimi iş üsullarından istifadə edirəm. Daha çox əyani vəsaitlərə üstünlük verirəm. 

Hər bir dərsimə diqqətlə yanaşıram. Dərslərimi yaddaqalan etməyə çalışıram. Xüsusi olaraq şagirdlərimin "dərsimiz maraqlı idi nə tez bitdi?" suallarını tez-tez eşitmək doğru yolda addımladığımı göstərir. 

Bəzən şagirdlər onların istedadlarına biganə yanaşıldığı üçün cəmiyyətdə özünə düzgün yer tapa bilmir. Sevmədiyi peşəyə yiyələnir. Şagirdlərimin daim istedadlarına uyğun yanaşmağa çalışıram. Onların müxtəlif dərnəklərə, yarışlara və tədbirlərə yönəldirəm. Bu zaman şagird dəstək gördüyü üçün öz istedadı ilə bərabər dərslərinə də biganə qalmır. 
Şagirdlərim mənim üçün hər biri  istedadlı və maraqlıdır. Bir neçəsini nümunə göstərə bilərəm ki, şagirdlərimdən biri çox gözəl şeirlər yazırdı və rayon üzrə şeir müsabiqəsinə qalib gəlmiş, yazdığı şeir qəzetdə çap olunmuşdur. Digər bir şagirdim 8 yaşı olmasına baxmayaraq, riyaziyyat və məntiq üzrə verilən bütün tapşırıqları sərbəst həll edirdi. Digər bir şagirdim isə yaşıdlarından tamamilə fərqlənirdi. Danışıq tərzi, idarəçilik qabiliyyəti və tam fərqli xarakteri ilə təkcə sinif daxilində deyil, digər müəllim həmkarlarım da həmin şagirdimin alicənablığından söhbət açardılar. 

İşlədiyim təhsil müəssisəsində tək çətinliyim elektron resurslarla bağlı olub. Proyektor, elektron lövhə, internet kimi elektron resurslarınım az sayda olması dərslərimi qurmaqda bəzi çətinliklər yaradıb. Amma bunlara baxmayaraq açıq dərsimdə, əlamətdar günlərdə və digər dərslər zamanı elektron resurslardan istifadə etmişəm.  Təklifim bütün məktəblərin sinif sayı qədər imkan daxilində elektron resurslarla təmin edilməsidir. 

Şagirdləri yaşadıqları ərazilərə görə ayırmaq istəmirəm. Bütün uşaqlar ağ vərəq kimidir. Kənddə və ya şəhərdə yaşayan şagirdlərin istedad və bacarıqlarının üstün və ya zəif cəhətinin olduğunu heç kim deyə bilməz. Yaşayış şəraiti isə məqsədi olan insana mane ola bilməz. Üstün cəhəti şagird öz-özünə yaratmalıdır. Heç bir çətinliyi bəhanə etməməli, hədəfinə doğru inamla addımlamalıdır. Əlbəttə, bu yolda şagirdlərə yol göstərmək, düzgün istiqamətləndirmək biz müəllimlərə düşür.

Müəllimlik çətin və şərəfli peşədir. Müəllimlik çətin  peşə olsa da sənətini sevirsənsə, bu çətinlik sənə mane ola bilməz. Şagirdin üzündəki kiçik bir təbəssüm bütün çətinlikləri unutdurur.  Qələm tutmağı, hərfləri yazmağı öyrənməsi təkcə şagirdi deyil, bir o qədər də müəllimi sevindirir. Yeganə peşədir ki, müəllim şagirdlərini öz övladı kimi görür, əzizləyir, qayğı göstərir. 

Gələcəkdə müəllim olmaq istəyən abituriyentlərə, şagirdlərə tövsiyə edirəm ki, bu peşəni seçirsinizsə, peşənizə layiq olmağa çalışın.  Həvəs və maraq olmayan bir iş sizi xoşbəxt edə bilməz. Müəllim daim yenilik axtarışında olmalı, inkişafa meyilli olmalı və şagirdlərini bu istiqamətdə yönəltməlidir.
Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link :  https://ref.az/2r2ho8w

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun