Profil

Axtarış

Gənc Müəllim Danışır - Təbriz Cavadzadə

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Təbriz Cavadzadədir.

Mən - Qazi Təbriz Cavadzadə ADPU-nun Tarix və Cografiya müəllimliyi ixtisasını bitirmiş, daha sonra isə GDU-da CTM üzrə magistratura təhsili almışam. 2019-cu ildə MİQ müsabiqəsi ilə Qusar rayonu Cibir kəndində coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə baslamışam. 2020-ci il 29 sentyabr tarixində Vətən müharibəsinə könüllü şəkildə qatılmışam. Kəlbəcərin, Xocavəndin, Şuşanın, Laçın dəhlizinin düşməndən azad edilməsi əməliyyatlarında iştirak etmişəm.Cənab prezidentin sərəncamı ilə "Şuşanın azad edilməsi " medalı ilə təltif edilmişəm. Dövlətimizin qazilərə göstərdiyi diqqətin nəticəsidir ki, döyüş meydanında aldığım xəsarəti nəzərə alaraq daimi yaşayış yerim olan Qax rayonunun Əmircan kəndinə tarix müəllimi təyin edilmişəm. Eyni zamanda, Qax şəhər 5 saylı tam orta məktəbdə "Peşə Təmayüllü Siniflər " layihəsinin rəhbəri kimi calışıram.

Dərslərdə şagirdlərimi yeni təlim üsullarına uyğun şəkildə cütlərə, qruplara bölərək problemi həll etməyə, həm də əməkdaşlıq etmək yönündə işlər aparıram.

Ən maraqlı dərslərim müharibədən sonrakı dərslərimdir. Şagirdlərim müxtəlif suallar verir və mən qürurla onlara cavab verirəm.

Müxtəlif məktəblərdə müxtəlif istedadlı şagirdlərim olub. Onlardan rəssam, idmançı, musiqiçi olanlar olub. Hətta bir şagirdim bütün dünya ölkələrinin paytaxt şəhərlərini əzbər bilirdi.

Dərs dediyim kənd məktəbi modul tipli yeni qurulmuş məktəbdir, amma ağıllı lövhə, proyektor və sair kimi texniki problemləri vardır. Ümidvarıq ki, həmin problemlər gələn tədris ilində bizimlə olmaz.

Kənd məktəbindəki şagirdlərimlə fəxr edirəm. Ona görə ki onlar çox tərbiyəli və məsuliyyətli şagirdlərdir. Böyük şəhərlərdəki şagirdlərdən saflığına görə seçilirlər.

"Mən yer üzündə müəllim adından böyük ad tanımıram" Bu sözlər ümummilli lider Heydər Əliyevə məxsusdur. Mən də öz növbəmdə müəllimlik peşəsini sevərək oxumuşam və nə yaxşı ki müəlliməm!

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” təqdimatı uğurla baş tutdu!
 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən kitab təqdimatı tədbirində iştirakçılar qeyri-formal təhsil sahəsində yeni imkanlar, metodik yanaşmalar və təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

Bu dəyərli vəsait təlimçilərə və müəllimlərə öz fəaliyyətlərini daha sistemli və effektiv qurmaqda kömək edəcək. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik!

13.10.2025

badge-icon
"Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası" mövzusunda forum keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu” uğurla baş tutdu.

Tədbirin əsas məqsədi gənc müəllimlər arasında milli-mənəvi dəyərləri möhkəmləndirmək, müstəqillik və suverenliyin qorunmasında müəllimin rolunu vurğulamaq, eləcə də təhsil işçilərinin bu istiqamətdəki missiyasını müzakirə etməkdən ibarətdir.

Forum 11 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin ölkənin ideoloji və milli dayaqlarından biri kimi əhəmiyyətini vurğulayıb. O, müəllimlərin gənc nəslin vətənə, dövlətə sədaqət ruhunda formalaşmasında xüsusi rol oynadığını qeyd edib.

Forumda Milli Məclisin deputatı Naqif Həmzəyev təhsilin dövlət siyasətində prioritet istiqamət olduğunu bildirərək, gənc müəllimlərin bu missiyada fəal iştirakının önəmini vurğulayıb.

Forumun irəliləyən dəqiqələrində  “Müstəqillik və Suverenliyin Qorunmasında Müəllimin Missiyası” adlı panel müzakirəsi keçirilib. Panelə Pərvinə Qədimova moderatorluq edib. Müzakirədə tarix müəllimləri və dərsliklərin həmmüəllifləri Hafiz Cabbarov və Ramil Tanrıverdi çıxış edərək, müəllimlərin milli dəyərlərin ötürülməsində rolu və təhsildə ideoloji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Tədbirin növbəti hissəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu-nun MDM Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. O, məktəb mühitində uşaqların fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Forumun sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

11.10.2025

badge-icon
Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil"
Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil” olacaq.

Bu dəfəki müzakirədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsil Texnologiyaları Mərkəzinin psixoloqu Aydan Səfərli və moderator qismində Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

Qeyd edək ki, Adaptasiya Proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
Tarix: 10 oktyabr
Saat: 19:00
Məkan: AGMA-nın rəsmi Facebook səhifəsində canlı yayım (onlayn vebinar)

Gənc müəllimlər üçün nəzərdə tutulan bu faydalı müzakirəni qaçırmayın!

08.10.2025

badge-icon
Adaptasiya Proqramının III mövzusu – “Sinfin səmərəli idarə olunması”
 Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya Proqramının III mövzusu – “Sinfin səmərəli idarə olunması” olacaq.

Bu dəfəki müzakirənin qonaqları Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Respublikası Təhsil İnstitutunun baş metodisləri Fatimə Əliyeva, Esmira Tahirova və moderator qismində Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

Qeyd edək ki, Adaptasiya Proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Tarix: 3 oktyabr
Saat: 19:00

Məkan: AGMA-nın rəsmi Facebook səhifəsində canlı yayım (onlayn vebinar)

Gənc müəllimlərin inkişafına töhfə verəcək bu faydalı müzakirəni qaçırmayın!

02.10.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun