Profil

Axtarış

Aysel Alızadə - İbtidai sinif

Gənc Müəllim danışır rubrikamızın növbəti qonağı Aysel Alızadədir.

Mən - Aysel Alızadə 2001-2005-ci illərdə Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbdə təhsil almışam. 2005-ci ildən ailəmlə Bakı şəhərinə köçərək orta təhsilimi Bakı şəhər Xətai rayonu 64 saylı tam orta məktəbdə davam etdirmişəm. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olmuş, 2017-ci ildə 46 bal ilə müddətli müqavilə ilə pedaqoji fəaliyyətə başlamışam. Ancaq mənim hər zaman arzum ibtidai sinifdə təhsil aldığım məktəbə müəllim kimi qayıtmaq idi. 2018-ci ildə yenidən MİQ müsabiqəsində iştirak edərək 55 bal ilə Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışmağa başladım. Həmin il eyni zamanda magistratura imtahanında da uğur qazanmışdım, ancaq kəndə qayıdıb arzumu gerçəkləşdirməyi daha üstün bildim və magistr təhsilimdən imtina etdim.

İşlədiyim müddət qısa - 5 il olsa da bu illər ərzində bir sıra mükafatlara layiq görülmüşəm. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu ildə “İlin müəllimi” adına layiq görülmüş, İcra Hakimiyyəti, RTŞ və məktəb rəhbərliyi tərəfindən dəfələrlə təltif edilmişəm. Ceyhun Bayramovun Təhsil naziri olduğu zaman iki dəfə gənc müəllimlərlə görüşündə iştirak etmişəm. 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən Qrant qazanaraq “Kənd məktəblilərinin musiqi festivalı” layihəsinin rəhbəri olmuşam.

Orta məktəbdə şagird, universitetdə tələbə olduğum zamanlarda hər zaman sevdiyim və fərqlilik edən müəllimlərin dərsini oxumuşam. Müəllim kimi həmişə çalışıram ki, dərsimi monotonluqdan uzaq, fəal təlim metodlarından istifadə edərək qurum. Ən çox istifadə etdiyim interaktiv metodlar isə ziqzaq, beyin həmləsi, klasterdir. Bundan əlavə, uşaqlarda təlimə daha çox maraq yaratmaq üçün mövzulara aid əyləncəli oyunlar, yarışlar təşkil edirəm.

Ən çox yadımda qalan dərs günüm 2018-ci ildə dördüncü sinfə dərs deyirdim. İki şagirdimin xoş olmayan addım atmasını öyrənmişdim, onlarla təklikdə söhbət edərək etdikləri addımın düz olmaması ilə bağlı danışdım və sonra dərs müddətində birinin digərinə məktub yazmasını gördüm və alıb oxudum. Məktubda yazılmışdı ki, ”müəllim bizim səhvimizi uşaqların yanında demədi, bizi pisikdirmədi. Daha biz də bir də elə səhv etmərik”. Yəqin ki, ömrümün sonuna kimi o məktubu unutmaram. Ən yadımda qalan dərs isə 1-ci sinfə ilk dərs dediyim gün idi. Düşündüm ki, bu uşaqlar heç vaxt hərf tanımayacaq, oxuya bilməyəcəklər. Ancaq biz sinif olaraq bütün çətinliklərdən keçərək, pandemiyanın bizə təsir göstərməsinə izin verməyərək bunu bacardıq.

Mən riyaziyyatdan zəif olan şagirdimi bütün dərinlikləri öyrənməyə məcbur etmirəm. Düzdür, günlük həyatımızda lazım olan bacarıqlara yiyələnməlidir, ancaq hər kəs riyaziyyatçı olacaq və ya hər kəs universitet oxuyacaq deyə bir qayda yoxdur. Çox gözəl şeir demək bacarığı olan bir şagirdimi tədbirlərdə önə çıxarıram və ya riyazi bacarıqları olan şagirdimi o istiqamətdə yarışlara, olimpiadalara cəlb edirəm. Hər kəsin istedadına uyğun yanaşmaq şərtdir!

Heç vaxt şagirdlərim arasında seçim edə bilmədiyim və fərq qoymadığım üçün konkret ad çəkmək istəməzdim. 1 il dərs dediyim bir sinif var idi ki, orada sinfin 50 faizi üzündən belə oxuya bilmirdi. Ancaq bir şagird xüsusi istedadlı idi. Hətta deyərdim ki, bilmədiyi heç nə yox idi. Mənə görə ən böyük istedad da onda idi ki, yoldaşları dərs oxumağa meyil göstərməsə də, hər il bir müəllim dəyişsələr belə o özünü inkişaf etdirməyi bacarmışdı.

2005-ci ildən Bakıda yaşadığım və 12
il sonra yenidən kəndə qayıtdığım üçün mühitə alışmaq mənim üçün bir az çətin olmuşdu. Ən böyük çətinlik isə dostlarımın, yoldaşlarımın hamısının Bakıda olması idi. Ailəmdən tək anam mənimlə qalırdı, o da tez-tez Bakıya getdiyi üçün bəzən darıxırdım. Şəhərdə insan özünü daha çox inkişaf etdirir, istədiyi hər şeyi rahatlıqla əldə edə bilir. Kənddə isə vəziyyət daha fərqli olur. Ancaq uşaqların sevgisi, saflığı üçün hər bir çətinliyə dəyərdi.

Hər iki mühitdə təhsil aldığım üçün o fərqi ən gözəl mən gördüm. Şəraitsiz, odun peçi olan, hətta onun belə qızdırmadığı, köhnə bir kənd məktəbindən çox gözəl şəhər məktəbində oxumağa getmişdim. Şəhərdə uşaqlar daha dünyagörüşlü, daha sərbəst olurlar. Kənddə isə uşaqlar özlərini ifadə etməkdə, cəmiyyətə adaptasiyada çətinlik çəkirlər. Ancaq təcrübəmə əsasən onu deyə bilərəm ki, kənddə uşaqlar oxumağa daha həvəsli olurlar, düşünürlər ki, universitetə qəbul olmaq onların şəhərə getməklərinə səbəb yaradacaq, həyatları dəyişə biləcək. Şəhərdə uşaqların bütün imkanları olduğu üçün onları heç nə təəccübləndirə bilmir.

Müəllimlik yeganə peşədir ki, həkimi də, vəkili də yetişdirə bilir. Heç bir xəstə həkimin, günahkar vəkilin qarşısına qaçmaz, ancaq şagirdlər sevdiyi müəllimin qarşısına qaçırlar. Bir şagirdə bir hərf öyrətməyi bacaranda insan özünü dünyanının xoşbəxt insanı hesab edir. Əlbəttə, çox çətinlikləri olur. Hər şagird bir ailədən gəlir. Müəllim isə şagirdlərdən başqa onların valideynləri ilə də yaxşı münasibət qurmağa, hər kəsə öz xarekterinə uyğun olaraq fərdi yanaşmağa məcburdur. Ancaq bütün çətinliklərə baxmayaraq, mən müəllimlik peşəsini seçdiyim üçün çox qürurluyam. Tələbələrə isə onu demək istəyərdim ki, əgər həvəsləri varsa, bu peşədə işləməyi düşünsünlər. Əgər həvəs, maraq yoxdursa, bilik olsa belə müəllim sinif otağında uğur qazandıra bilməz. Ölkəmizin gələcəyini biz yetişdiririk, ona görə də bu gün can qoymalıyıq ki, gələcəkdə canımız etibarlı əllərdə olsun.

Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun