Profil

Axtarış

Aydan Quliyeva - İngilis dili

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Aydan Quliyevadır.

Mən - Quliyeva Aydan Şəmsi qızı 1991-ci il noyabr ayının 7-si Biləsuvar rayonunda anadan olmuşam. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin ingilis dili müəllimliyi ixtisasına daxil olmuş və 2013-cü ildə həmin universiteti bitirmişəm.

 İxtisasım üzrə müxtəlif təlimlərdə iştirak etmiş (Tesol və İELTS) və sertifikatlar qazanmışam. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu imtahanında uğur qazanaraq Biləsuvar rayonu Arazbarı kənd tam orta məktəbinə işə qəbul olmuşam. Həmin ilin dekabr ayında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça –Məktəb –Lisey kompleksində müvəqqəti müqavilə ilə işə dəvət edilmişəm. 2017-ci ildən isə daimi əsaslarla müəllimlik fəaliyyətimi Təhsil kompleksində davam etdirirəm. 2021–ci ilin oktyabr ayından Amerika səfirliyinin Education USA proqramının Biləsuvar rayonu üzrə təlimçi müəllimi kimi fəaliyyət göstərirəm.

Öyrətmək elə bir işdir ki, ondan heç bir zaman doymaq olmur. Mən öyrətmə prosesini daha maraqlı etmək üçün müxtəlif üsullardan və yarışlardan istifadə edirəm. Şagird üçün vizuallıq daha maraqlı gəlir. Müasir texnologiyaların imkanlarından istifadə edərək şagirdlərim üçün dərs prosesini daha maraqlı edirəm. Müxtəlif yarışlar keçirdirəm və qalib şəxsi və ya qrupu kiçik hədiyyələr ilə mükafatlandırıram (Yutub kanalıma bu yarışları mütəmadi yerləşdirirəm) və ya bəzən də həftənin, ayın qalibi elan edirəm.

Mən düşünürəm ki, bütün dərslərim maraqlı və yaddaqalan keçir. Təbii ki, bəzən elə dərs olur ki, o bizim yaddaşımızda əbədi iz qoyur. Liseyə getdiyim gün ilk dərsim 8-ci sinfə oldu. O sinfin ingilis dili müəllimi məzuniyyətə getdiyi üçün mən əvəz edirdim. Şagirdlər əvvəlki müəllimlərinə olan sevgisindən mənə, ilk öncə, soyuq yanaşdılar. Həmin dərs özümə söz verdim ki, bu sinif məni də çox sevəcək. Elə ilk dərsin sonunda şagirdlərin münasibətinin yavaş-yavaş dəyişdiyini hiss etdim. Həmin sinif 2021-ci ildə 100%-lik nəticə ilə Respublikanın ən öndə gedən universitetlərinə daxil oldular. Bu gün o sinfin şagirdləri ilə müəllim-şagird münasibətindən daha çox dost münasibətimiz var.

Şagirdlərim sözün əsl mənasında çox istedadlıdırlar. Onlarla işləmək mənim ruhumu qidalandırır. Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün rayondaxili və ya ölkədaxili yarışlara, layihələrə yönləndirirəm. Bu yaxınlarda 13 şagirdim Education USA-in region seçimlərində iştirak etdi və uğur qazandı. Həmin şagirdlər layihəni başa vurduqdan sonra beynəlxalq sertifikatla təmin olunacaqlar. Çalışıram ki, bütün yeniliklərdən xəbər tutum və şagirdlərimi bu yeniliklərdən xəbərdar edim.

Müəllimlik fəaliyyətim dövründə bir çox istedadlı şagirdlərlə qarşılaşmışam və hal- hazırda da belə şagirdlərim var. 
Hal-hazırda dərs dediyim Biləsuvar liseyində heç bir çətinliklə qarşılaşmıram. Lakin kənd məktəbində çalışdığım dövrdə bir çox problemlər ilə üzləşmişdim. Maddi-texniki bazanın çatışmazlığı, şagird sayının azlığını buna nümunə gətirə bilərəm.

Kənd və şəhər məktəbi arasında ən böyük fərq maddi-texniki bazanın çatışmazlığı və məktəblərin istənilən vəziyyətdə olmamasıdır. Şagirdlər savadlı olsalar belə məktəbin yaxşı şəraitdə olmaması onların təhsilinə mənfi təsir göstərə bilir. Ən böyük fərq kimi mən bunu görürəm. Əslində indi əvvəlki illərə nisbətən vəziyyət yaxşıdır. Hal-hazırkı dövrdə gənc müəllimlər kənddə işləməyə daha çox həvəs göstərirlər. Düşünürəm, bu halı müsbət hesab etmək olar.

Müəllimlik dünyada ən çətin və eyni zamanda  ən şərəfli və hörmətli bir peşədir. Müəllim valideyndən sonra, bəlkə, 2-ci şəxsdir ki, şagirdin sevincinə sevinər, kədərinə isə kədərlənər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, hərtərəfli və dünyagörmüş şəxslər yetişir. ”Mən dünyada müəllim adından daha şərəfli ad tanımıram” deyən Ulu öndər H. Əliyev bu deyimində müəllimliyin necə ülvi bir peşə olduğunu göstərmişdir. Mən də şagird olmuşam və müəllimlərimdən gördüyüm isti münasibət müəllim olmaq istəyimdə başlıca səbəb olub. Müəllim olmaq istəyən şagirdlərimə isə demək istəyirəm ki, bu peşəni sevirlərsə və ətrafa sevgi yaya bilirlərsə, bu ixtisasa sahib olsunlar, əks-təqdirdə uğur qazanmaq qeyri-mümkün bir işdir. Düşünürəm ki, biz müəllimlər də şagirdlərimiz üçün bir nümunəyik. Beləliklə, onlar da bizlərdən öyrəndiklərini gələcəkdə şagirdlərinə aşılayacaqlar. Sevgi-hörmət-qayğı bu peşədə ilk prioritetdir. Özümü şanslı hesab edirəm, çünki mən də bu şərəfli peşənin bir nümayəndəsiyəm.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun