Profil

Axtarış

Gənc Müəllim Danışır - Qönçə Ağazadə

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Qönçə Ağazadədir.

Mən - Ağazadə Qönçə Rafiq qızı 22 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşam.1998-ci ildə İsmayıllı rayon E.Məmmədov adına şəhər 3 saylı tam orta məktəbin I sinfinə getmiş, 2009-cu ildə İsmayıllı rayon 5 saylı tam orta məktəbi bitirib elə həmin il ADPU-nun Pedaqoji fakültəsinin ibtidai sinif müəllifliyi ixtisasına qəbul olunmuşam. 2014-cü ildə universiteti bitirib İsmayıllı rayon H.Əliyev Mərkəzində işə başlamışam. 

Həmçinin rayonda yerləşən hazırlıq kursunda ibtidai sinif müəllimi kimi çalışmışam. 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək M.Piriyev adına Tircan kənd tam orta məktəbinə ixtisasım üzrə qəbul olunmuşam. 

İxtisasım üzrə bir sıra təlimlərdə iştirak etmişəm (İKT bacarıqları üzrə, Məktəbəqədər hazırlıq, yeni dərsliklərlə iş, Qrand layihə və s.).
Müəllim hər zaman öz üzərində işləməli,özünü inkişaf etdirməlidir. Zamanın tələbinə uyğun olaraq, şagirdləri təəccübləndirmək çətindir, təbii ki, müasir standartlara uyğun, kurikulum metodlarından istifadə edərək dərsləri daha maraqlı keçməyə çalışıram. Mütəmadi olaraq, şagirdlər arasında yarışlar keçirir, həvəsləndirmək üçün qalib gələn şagirdləri təltif edir, zəif çalışan şagirdlərlə fərdi söhbətlər aparır, interaktiv metodlardan istifadə edirəm.
Çalışıram ki, keçdiyim hər bir dərs maraqlı və inkişafetdirici olsun, şagirdlərimin yaddaşında qalsın. İlklər hər zaman yaddaqalan olur. İlk dərs və müəllimlik fəaliyyətinin ilk günü, təbii ki, heç zaman unudulmur. 

İstedadlı  şagirdləri üzə çıxarmaq, onları tanıtmaq müəllimlərin ən ümdə olan vəzifəsidir. Çünki müəllim əziyyətinin bəhrəsini gördükdə sevinir, ruhən cavanlaşır, öyrənmək eşqi ilə alışıb yanır. Hal-hazırda 6-cı sinifdə oxuyan şagirdim Fikrət 3 il bundan qabaq Texnologiya dərsində tullantı məhsullarından təyyarə düzəltmişdi. Təyyarə pultla idarə olunur, müəyyən hündürlüyə qalxa bilirdi. 

Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün rəsm, şeir, bədii qiraət üzrə müsabiqələr keçirir, daha bacarıqlı şagirdlərin rayonda keçirilən müsabiqələrə iştirakını təmin etməyə çalışıram.
Dərs dediyim kənd rayondan 20 km uzaqlıqda yerləşir. Hər gün səhər tezdən rayon mərkəzindən kəndə müəllim yoldaşlarım ilə birgə yola düşürəm. 

Desəm ki,hər şey qaydasındadır inanılası olmaz. İş varsa, orada problem də var, çatışmazlıq da. Kənddə kiçikyaşlı uşaqlar üçün bağçanın olmaması, məktəbdə idman zalının olmaması bizim üçün, təbii ki, çətinliklər törədir. Müəllim olaraq çalışıram ki, bu boşluğu aradan qaldırım. Uşaqları rayon mərkəzində yerləşən muzeylərə aparmışam. Uşaqlarla film günləri edib filmə baxırıq. Ən azından bacardığım qədər uşaqlarla daha çox vaxt keçirirəm.

Bakıda təhsil alan şagirdlərlə kənddə təhsil alan şagirdlər arasında oxşarlıqlar olsa da fərqliliklər daha çoxdur. Çünki şəhərdə təhsil alan şagirdlər dərsə daha hazırlıqlı gəlir, istər yazıb-oxumaq tərəfdən, istərsə də dünyagörüş tərəfdən.

Şagirdlər kiçik yaşlarından kurslara, dərnəklərə gedir, əlavə məşğuliyyətlərlə məşğul olurlar. Kənd uşaqları isə məktəbə bəzən ən sadə şeyləri belə bilmədən gəlir. Kənddə işləyən müəllim daha səylə çalışmalı, daha çox işləməlidir. Zamanın tələbinə uyğun şagirdlər hazırlamalıdır.

Niyə məhz müəllim? Sual o qədər gözəldir ki... Öyrədən olmaq, kiminsə həyatına təsir etmək, hər kəsin həyatında müəyyən iz buraxmaq, ən əsası həm öyrənən, həm də öyrədən olmaq...

MÜƏLLİM GÖZƏLDƏN GÖZƏLDİR BU SÖZ,
KÖRPƏ KÖNÜLLƏRDƏ MƏŞƏL YANDIRAN...

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun