Profil

Axtarış

Gənc Müəllim Danışır - Elvira Allahverdiyeva

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Elvira Allahverdiyevadır.

Mən - Allahverdiyeva Elvira Fəyyaz qızı 2010-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Elə həmin ildə Sabirabad şəhər N.Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq pedaqoji fəaliyyətimə başlamışam.
Bu günə qədər bir çox təlimlərdə, elmi konfranslarda, seminarlarda, tədbirlərdə fəal iştirak etmişəm. Bunlardan “Ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün İKT savadlılığının artırılması”, ”PİSA Beynəlxalq Qiymətləndirmə”, ”Yazı işinin təşkili metodikası”, "Tədris prosesində interaktiv proqramlardan və internet xidmələrindən istifadə”, Azərbaycan Təhsil Nazirliyi və Koreya Future Class Network şirkətinin KOİCA ilə təşkil etdiyi “Azərbaycan müəllimlərinin səriştəsinin artırılması” təlimlərində iştirak edərək sertifikatlarla təltif olunmuşam. Sabirabad Rayon Təhsil Şöbəsi tərəfindən 2020-2021-ci tədris ili ərzində müəllim və şagird münasibətlərinin düzgün qurulmasında, şagirdlərin təhsilə marağının artmasında fəal iştirak etdiyim üçün  “Tərifnamə” ilə təltif edilmişəm.

Hal-hazırda e-Twinningdə “Rebuslarla əylənərək öyrənirik” layihəsində türkiyəli həmkarlarımızla iştirak edirik. Şagirdlərim olduqca həvəslə və yaradıcı şəkildə layihədə iştirak edirlər.

Dərslərimizi aşağı siniflərdə daha çox oyunəsaslı dərs şəklində təşkil edirəm ki, uşaqlar üçün maraqlı şəkildə dərs qurulduqda öyrənmə də daimi olur. Dərsimi Tap görüm, Blum kubu, Dairə üzrə hərəkət, Rollu oyun, Auksion və b. təlim üsulları ilə  daha əyləncəli edirəm. 

Ədəbiyyat müəllimi kimi şagirdlərə vətənpərvərlik hissini aşılamaq ən ümdə vəzifəmdir. Bu baxımdan ən yaddaqalan dərsim “Zəfər günü”nə həsr etdiyim dərs olmuşdur. Bundan əlavə İ. Nəsimi, N. Gəncəvi və A. Ələsgərin yubileyi münasibəti ilə şagirdlərimlə yaddaqalan tədbirlər təşkil etmişik. Ana Dili Günü münasibətilə 6-cı sinif şagirdlərimlə maraqlı dərs keçirmişdik.

Dünya durmadan dəyişir və inkişaf edir. Bu dəyişən dünyada şagirdləri keçmiş ənənələr əsasında deyil, gələcək zaman üçün hazirlamalıyıq. Uşaqlara yaradıcı yanaşmanı, tənqidi düşüncəni, problem həlletmə bacarığını, öz düşüncələrinin məhsulunu ortaya qoymağı öyrətməliyik. Bu baxımdan H. Qardnerin “Çoxnövlü intellekt” nəzəriyyəsi, D. Qoulman “Emosional zəka nəzəriyyəsi”, K. Dvek “Düşüncə tərzi” nəzəriyyəsinin məhz şagirdlərə fərdi yanaşmaq və onların potensialını üzə çıxarmaqda təlimdə tətbiqi olduqca əhəmiyyətlidir. Uşaqlarda mütaliəyə həvəs yaratmaq üçün kitabxanada sinifdənxaric oxu dərsləri təşkil edir və həftə üzrə ən çox bədii əsər oxuyan şagirdlərə diplom tərtib edirəm. Diplomları özüm dizayn etdiyim üçün onlarda daha da maraq yaranır.  

Qarşılaşdığım ən istedadlı şagirdlərdən hazırda 11-ci sinifdə oxuyan Cəfərli Hüseyin Mətləb oğlunun adını çəkmək istəyirəm. Onun məntiqi-riyazi intellekti olduqca yüksəkdir və bu il Kimya fənni üzrə Olimpiadanın Respublika mərhələsinə keçib. Bundan başqa, N. Sadıqova, T. Zeynalova, E. Süleymanova, N.Nəsirli kimi şagirdlərim “Düşünən oxucu” müsabiqəsində məktəbimizi uğurla təmsil etmişdir. Heç vaxt unutmayacağım şagirdim isə bir vaxtlar parta arxasında əyləşən Vətən oğlu Şəhid Elgiz Abbaslıdır. Fəxr edirəm ki, bir qəhrəmanın müəllimi olmuşam. 

Rayon məktəbində müasir təlim texnologiyalarının tətbiqində çətinliyimiz var. Elektron lövhə, proyektorla təmin olunmaq istərdik. STEAM təlimlərinin təşkilini, Veb 2 alətlərdən istifadə təlimlərinin məktəblərdə təşkilini və müəllimlərimizin faydalanmasını istərdim.

Mən kənd məktəbində təhsil almışam. Elmin kənd və şəhər deyə ayrıcalığı yoxdur. Yetər ki hədəflər dəqiq, məqsədlər aydın olsun. Bu gün kənd uşaqları təbiətlə daha yaxındır bu baxımdan şəhərdəki uşaqlardan üstündürlər. Şəhər uşaqlarının üstünlüyü muzeylərə, teatr tamaşalarına getmək imkanlarının olmasındadır. Bu da dünyagörüşlərinin inkişafına təsir edir. Texnologiyadan istifadə baxımından da çətinliklərimiz var.

Ən istedadlı, ən bacarıqlı uşaqlar gələcəkdə müəllim olmalıdır. Ən vicdanlı, ən ədalətli insanlar müəllim olmalıdır ki, dünyamıza sevgi dolu, pozitiv və gözəl düşünərək gözəl düşündürən fərdlər yetişdirsin.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun