Profil

Axtarış

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Aytən Azərlidir.

Mən - Azərli Aytən Fariz qızı Kürdəmir rayonunun Atakişili kəndində dünyaya gəlmişəm. 6 yaşımdan etibarən Bakıda yaşayırıq. 2001-2012-ci illərdə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən Rixard Zorge adına 90 saylı tam orta məktəbdə orta təhsilimi almış (məktəbə getməzdən ana dilimizin və rus dilinin əlifbasını artıq öyrənmişdim), elə həmin ildə də ADPU-nun Pedaqoji fakültəsinin "İbtidai sinif müəllimliyi" ixtisasına qəbul olmuşam. 2017-2019-cu illərdə ADPU-nun "Məktəbəqədər təlim-tərbiyənin metod və metodologiyası" ixtisası üzrə magistratura təhsili almışam. Doğma universitetimdə o qədər dəyərli və yüksək dünyagörüşlü pedaqoji heyətdən akademik bilik və bacarıqlar əldə etmişəm ki, bununla qürur duyuram! 

Tələbəlik illərimdən özünüinkişaf proqramlarına, inkişafetdirici müxtəlif təlimlərə qoşulmaqla uğurlu sertifikatlar əldə etmişəm. Magistratura təhsili müddətində müxtəlif kitablarda tezis, referat və məqalələrim dərc olunmuşdur. 

2019-cu ildə MİQ imtahanında 48 bal toplayaraq Şuşa rayon N. Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə artıq 3 ildir ki, pedaqoji fəaliyyət göstərirəm. 

3 illik təcrübə dövründə daima araşdırmalar etmiş, müxtəlif seminar, layihə və təlimlərə qoşulmuşam. 

Peşə fəaliyyətimi icra edərkən əsas amalım didaktik xarakterli dərslərlə öyrənənlərin dünyagörüşünü artımaqdır. Məlumdur ki, mövzuları təqdim etməyin müxtəlif üsulları var. Düşünürəm ki, standart dərs forması şagirddə çox az maraq oyadır. Ənənəvi və fəal təlim metodları ayrıca, bəzən isə sintez formada da təşkil edilə bilər. Məqsəd bütün şagirdlərin diqqətini mövzuya fokuslamaqdır. Burada müəllimin nitq mədəniyyəti, diksiyası çox vacibdir. Əyanilik prinsipi əsas olmaqla şagirdlərə problemli situasiyanı həll etməyə inkişafetdirici şərait yaradılmalı, informasiya müzakirə və mübadiləsinə diqqət edilməlidir. Hər fənnin öz maraq dünyası var. Məsələn, təsviri incəsənət dərsimizdə mən də şagirdlərimlə birgə mövzuya uyğun musiqi sədaları altında rəsm çəkir, bacarıqlarımızı üzə çıxarırıq. Həm əylənir, həm də öyrənirik. Sinif daxilində yarış xarakterli dərslər, imla, inşa, şeir müsabiqələri və s. sağlam rəqabət yaratmaqla şagirdləri stimullaşdırır, potensialı üzə çıxarmağa kömək edir. 

Şagirdlərimin istedad və bacarıqları ilə fəxr edirəm: kimi dünya coğrafiya xəritəsini və ölkələrin paytaxtlarını əzbər bilir, kimi tarixi gün və hadisələri araşdırmağı sevir və informasiyanı bizimlə bölüşür, kimi şahmatda mat etməyin yollarını bilir. İdman yarışlarında milli bayrağımızı fəxrlə yüksəldən şagirdlərimiz də var. Bir çox  musiqi alətlərində ifa edən şagirdlərimiz  müxtəlif yarışlara da qatılırlar. Şeir, rəsm, imla müsabiqələrində fəallıq göstərən şagirdlərim də az deyil. Hər biri bir incidir. 

Sinfimdə 40 şagird var idi. Artıq onlar ibtidai təhsil pilləsindən məzundurlar. Və onların arasında bir şagird var idi ki, mənə hər dərs sual hazırlayırdı. Xırda bir kağızda əlində bərk-bərk tuturdu. İstər ədəbiyyatdan müxtəlif qəsidə və qəzəllərdəki anlamadığı sözlərin izahını, istər digər yuxarı sinif fənlərindən tərif və düsturları. Mən də eynilə həmin vərəqdə cavablandırıb qaytarırdım. 1-ci sinfi başqa bir müəllimlə yekunlaşdırmışdı. Məni tanımağa çalışdığını valideynindən daha aydın öyrəndim. "Sizin çox şey bildiyinizi düşünərək həm də biliyinizi sınayır. Cavablarınızın dəqiqliyini görəndə sevinir". (Valideyn bunları deyərkən utanırdı). Maraqlı idi...müəllimi sevməyin və ona inanmağın fərqli bir durumu idi. Məni düşündürən isə əsas nəticə oldu... 

Fikrimcə, kənd və şəhər mühitləri arasında diqqəti cəlb edən fərqlər: məktəbin infrastrukturu, texniki baza. Ucqar kənd və rayonlarımızda hələ də təhsilsiz uşaqları xəbər alanda təəssüflənirəm. Onlar məktəbə getmək əvəzinə valideynlərinə kənd təsərrüfatı işlərində kömək edirlər. Bu iki işi birgə icra edən uşaqlar da az görməmişəm. Uşaqlıqdan zəhmətə alışdırılmaq gözəl olsa da, gələcəkləri məhdudlaşdırılmamalıdır. 

Dövr bir çox imkanlar təqdim edir, elm və texnologiya inkişaf etdikcə daha çox imkanlar yaranır. Sadəcə imkanı fürsətə çevirməyi bacaran aktiv düşüncəli, alternativləri olan təhsil menecerlərinə ehtiyac var. 

Bu faktdır ki, abituriyentlərin çoxu ali təhsil alır, lakin savad əldə edə bilmir. Bu mənada savadlılıq prinsipi əsas götürülməlidir. Peşə seçimi edərkən abituriyent daxili qüvvəsini nəzərə almalı, seçəcəyi ali təhsil ocağının onun inkişafına nə qədər və necə təsir edəcəyini hesaba qataraq yaxın gələcəyi üçün planlı olmalıdır. Çünki həyatının sütunu seçimlərin üzərində qurulur. Hər bir insan da seçdiyini yaşayır. 

Bir gün bir şagirdimdən belə bir fikir aldım: "Məncə, ən gözəl peşə müəllimlikdir. Polis olmaq istəyirəmsə, bu peşəni bilən müəllimlərdən öyrənəcəyəm. Həkimi də müəllim öyrədir, prezidenti də, müəllimi də müəllim öyrədir". Əlbəttə, müəllimlik vəzifəsindən qürurla danışan Ulu öndər Heydər Əliyev vaxtilə "Mən müəllimdən yüksək ad tanımıram" demişdir. 

İlk müəllimim anam olub. Tibb üzrə oxusa da, evdar xanımdır... Övladlarına elm aşılayan valideynlər çox dəyərlidir... 

İbtidai sinif müəllimimi çox müşahidə edirdim və çox sevirdim. Riyaziyyatdan 3-4 tapşırıq verəndə mən hər dəfə 3-4 səhifə işləyib dəftəri bitirirdim. Onu hirsləndirən bu davranışımı yuxarı sinifdə də davam etdirdim. Əsas sevimli fənnim riyaziyyat idi. Lakin Azərbaycan dilindən də 8-ci sinif kitabını yay tətilində bitirdiyimi yaxşı xatırlayıram. Müəllimin izahından öncə yeni mövzuları özüm öyrənib işləməyi çox sevirdim. Məncə, 2-ci bir şəxsin izahı insanda fərqli bir yanaşma doğura bilər, lakin özünün doğru formada öyrənib-anladığı heç unudulmur. 

Müəllimlik kitablardan oxunaraq öyrənilən bir peşə deyil. Düşünürəm ki, "müəllim doğulur". Müəllim "öyrədən" deməkdir. Doğru bildiklərini öyrədərək düz yol göstərəndir. Öyrənənlərin gələcəyinə işıq saçan mayakdır MÜƏLLİM!

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur
.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.

AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

15.10.2026

badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun