Profil

Axtarış

İlk zəngin xatirəsi

Uşaqlar səssizcə tapşırığı yerinə yetirirdi. Deyəsən, yeni dərs maraqlı gəlmişdi. Köhnəlmiş sinif otağının bir tərəfi şüşəli, digər tərəfi karton və köhnə qəzet parçaları ilə örtülmüş pəncərəsinin yanında dayanmışdım. Bu səssizlik məni sinfin sərin havasından alıb çox uzaqlara aparmışdı. Birdən zəng səsi eşidildi. Elə bil məni dərin yuxudan oyatdı. Axı illər öncə bu səsin nə olduğunu heç bilmirdim.
Ucqar bir kənddə dünyaya gəlmişdim. Adımı Xuraman qoymuşdular. 2 il sonra atam ağır xəstəlikdən həyatını itirmiş, kəndin ağır adət-ənənəsinə görə məni anamdan qoparıb nənə və babamın himayəsinə vermişlər. Ən ağır nəticə isə anam üçün olmuşdu: yaşlı bir kişi ilə ailə həyatı qurmağa məcbur edilmişdi. Savadsızlıq bu cür cahil yaşamağa gətirib çıxarırdı. Bu kənddə nə müəllim, nə həkim var idi.Uşaqlar heç bir təhsil almır, qızlar biraz boy atan kimi evləndirilirdi. Beləcə nənə-babamın yanında mən də hərşeydən xəbərsiz böyüyürdüm. O günə kimi.

Şəhərdən evimizə qonaq gəlmişdi. Adını düzgün deyə bilmədiyimdən onu “eynəkli əmi“ olaraq çağırırdım. Eynəkli əmi özü ilə birgə əvvəl heç yerdə görmədiyim bir əşya gətirmişdi. O, bu əşyanı əlində tutub vərəqləyir, bu müddət ərzində fərqli üz mimikaları yaranırdı. Görəsən orada nə var idi ki, onu belə fərqli duyğulara aparırdı. Düşündüm ki, əmi əlindən yerə qoyanda gizlincə içinə baxaram, yox, nənə görsə çox əsəbləşər mənə. Elə bu cür fikirlərə dalmışdım ki, eynəkli əmi məni səslədi:
–Xuraman, balam ,mənə bir stəkan çay gətirərsən?
–Bu dəqiqə , əmi!
Tələsik eyvandakı samovara qaçdım. Bir stəkan çay doldurub əmiyə apardım. Həyəcandan birazını da nəlbəkiyə tökmüşdüm. Cəsarətimi toplayıb soruşdum:
–Əmi, o əlindəki nədir elə?
–Gəl, əyləş yanıma, qızım. Bax bu kitabdır. Bütün elmlərin sirləri, dünyadakı bütün dərdlərin dəvası burdadır.
O qədər təəccüblənmişdim ki, bütün dərdələrin çarəsi, bu balaca kitab deyilən əşyanın içində imiş. ”Əmi, kaş bunu illər öncə gətirsəydiniz. O zaman atam xəstəlikdən ölməz, mən anasız qalmazdım”-deyə bərkdən qışqırdım. Əlimdə tutduğum əşyanı itirdiklərimin  günahkarı kimi görürdüm.
–Sakit ol, qızım. Mən elə demək istəmirdim. Bu kitabları oxuyub təhsil alaraq həkim, müəllim ola bilərsən. Beləcə dünyanın bütün sirlərindən agah olarsan.
–Əmi, mən oxumaq istəyirəm. Mən dünyanın sirlərini bilmək istəyirəm. Nə olar mənə kömək et ,əmi! Ver mən oxuyum o kitabı.
Eynəkli əminin əlindən qeyri-ixtiyarı olaraq kitabı çəkib aldım. Kitabın içinə baxdımsa da , heçnə anlaya bilmədim. Orada mərcan kimi yan-yana düzülən qara muncuğa bənzər nələrsə vardı. Gözyaşlarım artıq kitabın bir neçə səhifəsini islatmışdı. Eynəkli əmi əlimdən kitabı götürdü, məni qucaqlayıb dedi: “ Mən sənə kömək edəcəm ,qızım.”
 
Beləliklə bir ay ərzində hər gün eynəkli əmi mənə hərfləri öyrətdi. Evdəkilər əzmimi görürsə belə, bu arzuma isti baxmırdılar. Yenə köməyimə eynəkli əmi çatmış, nənə və babamı güclə razi salaraq məni də özü ilə Bakıya apardı.

Şəhərə gəldikdən sonra məktəbə başladım. İlk dəfə zəng səsini o zaman eşitmişdim. Yaşca böyük olduğumdan ilk gün uşaqlar məni gülüşlə qarşıladılar. Çox keçmədi ki, səmimiyyətimlə həm müəllimlərin, həm də şagirdlərin sevgisini qazandım. Nənəm tez-tez kənd payı yollayır, babam da:” Qızım sən müəllimə olmalısan” -deyə, xəbər göndərirdi. Bütün kənd maraq içində mənim hara getdiyimi, niyə getdiyimi, nə vaxt gələcəyimi gözləyirdi.

Bir gün əlimdə çamadan və qırmızı rəngli diplom ilə kəndin mərkəzindəki poçtun yanında avtobusdan endim. Hamı təəccüb içində qısa saçlı, səliqəli görünüşlü mənə diqqətlə baxır, kim olduğumu anlamağa çalışırdılar.
Babam da bu camaatın içində dayanıb eynəyini silərək mənə bir daha baxadı. Məni tanımışdı. Nə qədər dəyişsəm də atamın eyni olan gözlərim mənlə idi. “Xuraman, balam, xoş gəldin mənim qızım”-deyə, qollarını qaldırdı, əsası əlindən yerə düşdü. Babamı qürurla qucaqladım. Getdiyim yuvama müəllim olaraq qayıtmışdım. İndi isə öyrəndiklərimi öyrətməkdən başqa arzum yox idi.

Rayon mərkəzindən bir neçə adam gəlib kənddə boş qalmış bir evin məktəb olacağını və rayondan bir neçə müəllimlə, mənim də orada dərs deyəcəyimi dedilər. Sevincimin həddi-hüdudu yox idi. Axı bu neçə ildə Bakıda yalnız bu xəyalla təhsil almışdım ”Öz doğma kəndimə dönüb kitab üzü görməyən, dünya sirlərini bilməyən saf körpələrə sehrli hərfləri öyrətmək”. Beləcə onların təhsildə ilk nərdivanlarını birgə adlayacaqdıq.

İllər birbirinə calanır, tək dəyişməyən isə sentyabr ayında şagirdlərin həyəcanla sinfə daxil olması, mənim qürurla onları izləməyim idi.
Zəng vuruldu, qapı açıldı, sinfə gülər üzlü şagirdlərim daxil oldu. Hər biri salam verib yerlərinə əyləşdi.  Ardınca bir qız da daxil oldu. “Salam, Xuraman müəllimə “-dedi. Bu mənim ilk şagirdim Ayla idi. O artıq ağ xalatlı həkim olmuş, rayon xəstəxanasında işləyirdi. 

Yazar: Aynur Axundova
Redaktə etdi: Müqayyə Əlmərdanlı
 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş intellektual oyun keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəki şəhərində müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Bilik yarışını açılış nitqi ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə oynadığı müstəsna roldan, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və bu günə qədər keçdiyi inkişaf yolundan bəhs edib. Təşkilatının sədri intellektual oyunun keçirilməsində əsas məqsədin gənc nəslin Heydər Əliyev irsini daha dərindən öyrənməsinə töhfə vermək olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov Ulu Öndərin təhsilə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Belə tədbirlərin həm də gənc müəllimlər arasında kommunikasiyanın, həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsində, onların təşkilatlanmasında, intellektual bacarıqlı müəllimlərin üzə çıxmasında əhəmiyyətə malik olduğunu bildirib.

17 komandanın iştirakı ilə keçirilən intellektual yarışın nəticəsinə əsasən “Bizim Cəbiş müəllim” komandası birinci, “44” komandası ikinci, “Elm keşikçiləri” komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.

07.05.2025

badge-icon
Qazaxda “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib
3 may 2025-ci il tarixində Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə reallaşıb.

Forum iştirakçıları tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Qazax Müəllimlər Seminariyası- ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşova çıxış edərək forum iştirakçılarını salamlayıb, forumun işinə uğurlar arzulayıb. Eyni zamanda Qazax Müəllimlər Seminariyası-ADA Universitetinin Qazax Mərkəzinin tarixini qısa şəkildə şərh edib.

Rəsmi açılış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək forumun məqsədi və əhəmiyyəti barədə danışıblar. Natiqlər müasir təhsil sistemində yeni nəslin düzgün tərbiyəsinin aktuallığını vurğulayıblar.

Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva və ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Aynur Paşayeva çıxış edərək çağdaş təhsil mühitində tətbiq edilən yeniliklər və pedaqoji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Gənc alim, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxış edərək forum iştirakçıları salamlayıb, regionlarda təşkil edilən bu cür forumları yüksək qiymətləndirib. 100 illik tarixə malik olan "Məcmuə. Muhəmməd Rəfi-əd-din" kitabı Pərvinə Qədimovaya təqdim edib.

Rəsmi hissədən sonra bədii hissə nümayiş olunub. Bədii hissədə müxtəlif təhsil müəssisələrindən olan şagirdlər mahnılar ifa edib, kompozisiyalarla çıxış ediblər.

Forum panel müzakirə ilə işini davam etdirib. Moderatorluğu AGMA-nın sədr müavini Səltənət Qurbanova aparıb.

Panel müzakirəsində spikerlər – Ağstafa rayonu İlqar Salıfov adına Dağ Kəsəmən kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vüsal Həsənov, Şəmkir rayonu Seyfəli kənd tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Rəna Heydərzadə və Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Orxan Məmmədov çıxış ediblər. Onlar şagirdlərdə dəyər yönümlü yanaşmaların formalaşdırılması, müəllim nümunəsinin rolu və sosial mühitin təsiri haqqında fikirlərini iştirakçılarla bölüşüblər.

Forum qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

04.05.2025

badge-icon
Şəkidə "Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" mövzusunda forum keçirilib
Şəkidə "Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" mövzusunda forum keçirilib

5 aprel tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tərəfdaşlığı və Azərbaycan müəllimi qəzetinin informasiya dəstəyi ilə “Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" adlı forum keçirilib. 

Şəki şəhəri Nizami Gəncəvi adına 7 №-li tam orta məktəbdə 200-ə yaxın müəllimin iştirakı ilə keçirilən tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Beləki, ilk olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələrin olduqca məqsədə uyğun və vacib olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva və Azərbaycan Psixologiya Akademiyasının direktoru Ramil Hüseynzadə çıxış edərək forumun mahiyyəti və aktuallığı barədə danışdılar. Onlar müasir təhsil sistemində nəsil tərbiyəsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən yeniliklər və innovativ metodlardan bəhs ediblər.

Rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissədə Rasim Ocaqov adına Şəki şəhər Uşaq- Gənclər İnkişaf Mərkəzinin “Bahar” rəqs qrupu “Hamıdan gözəl mənəm” və “Uzundərə” rəqslərini nümayiş etidiriblər. Həmçinin Aylin Abdullayeva “Müəllimim” musiqi nömrəsi ilə çıxış edib.

Daha sonra forumun panel müzakirəsi hissəsinə keçid edilib. Şəki şəhər 11 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, AGMA-nın Şəki şəhəri üzrə koodinatoru Gülnar Heydərzadənin moderatorluğu ilə təşkil edilən panel müzakirədə spikerlər – Şəki rayonu Kiş kənd Heydər Əliyev adına 1 №-li tam orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim Dursun Cavadova, Qax şəhər Namiq Abdullayev adına 2 №-li məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, əməkdar müəllim Nazlı İsmayılova və Şəki rayonu Köndələn kənd tam orta məktəbin direktoru Aytən Yusifova çıxış edərək, təhsildə tərbiyəvi mühitin yaradılması, ailənin tərbiyə üzərindəki rolu, rəqəmsal dövrdə tərbiyə və etik dəyərlər, yeni nəsil tərbiyəsinə dair innovativ yanaşmalar kimi mövzuları müzakirə ediblər. 

Həmçinin müzakirələr zamanı təhsildə müasir metodların tətbiqi, müəllim-şagird münasibətlərinin yeni dövrün tələblərinə uyğun şəkildə qurulması və psixoloji yanaşmaların əhəmiyyəti vurğulanıb. 

Forum iştirakçıları bu kimi tədbirlərin təhsil sistemində keyfiyyətin artırılması və pedaqoji təcrübənin bölüşdürülməsi baxımından mühüm rol oynadığını bildirib, yeni nəsil tərbiyəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün belə forumların davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Panel müzakirəsinin sonunda forum iştirakçılarının spikerlərə ünvanladıqları çoxsaylı suallar da cavablandırılıb.

Qeyd edək ki, forumun keçirilməsində məqsəd çağdaş dövrdə yeni nəsil tərbiyəsinə yeni yanaşmaların tətbiq olunması və müəllimlərlə fikir mübadiləsinin aparılmasından ibarətdir.

06.04.2025

badge-icon
Təqdimatlarımız davam edir
 Bakı Şəhəri Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 №li tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Elnurə İsmayılova və  Ruhane Yaqubova tərəfindən təqdimat keçirilib. 

Təqdimatın davamında gənc müəllimlərimiz üçün "Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması", "Sinfin idarəedilməsi və məktəb-şagird-valideyn üçbucağı" mövzularında seminar keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

01.04.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun