Profil

Axtarış

Doğru seçim

O günü heç unuda bilmirəm. Axşam işdən yenə çox yorğun gəlmişdim. Səhər 8-dən axşam 6-a kimi fəhləlik edir, ailəmi bu cür dolandırırdım. Bu il artıq qərar verib ixtisasım üzrə imtahan verdim. Həmin gün nəticələr açıqlanacaqdı. Həyəcanla telefonun başında gözləsəm də, yorğunluqdan yuxuya qalmışdım. Səhər şəxsi kabinetimi yoxlayanda saat 6 olardı. Uzun zamandır gözlədiyim xəyalım burada, qarşımda idi: “Xınalıq kənd orta məktəbinə təyin olunmusunuz.”Ömrümdə yaşadığım ikinci hüdudsuz sevinc bu olmuşdu. İlki bir il öncə qızımı qucağıma aldığım an yaşamışdım. İnsanın özəyi qayğılarla yoğrulub. Bir neçə dəqiqə sonra sevincim yerini suallara buraxmışdı. Mən orada, ailəmlə necə yaşayacam? Alacağım əməkhaqqı ailəmi dolandırmağa yetəcəkdimi?

Mənəvi dəyərlər tükənməz xəzinəyə bənzəyir. Hər çətinliyimdə birlikdə mübarizə apardığım Aysel mənim ən böyük şansım idi. Məni düşüncəli görən kimi işin alınmadığını düşünüb təsəlli etməyə başladı. 

— Aysel, mən Xınalıq kənd məktəbinə təyin olunmuşam.
—Nə gözəl xəbərdir Fariz. Bəs niyə sevinmirsən?
— Bilmirəm, Aysel. Bizə orada çətin olacağından nigaranam. Qızımı, səni darda qoymaq istəmirəm.
—Bəs onlar Fariz?
—Kim?
— Sənin yolunu gözləyən körpə fidanlar necə olsun? Sən bu səbəbdən getməzkən, hər kəs bir bəhanə tapacaq. Nəticədə onların gözləri ancaq müəllim gözləyəcək. Mən səninləyəm hər xoşbəxtliyində olduğu kimi hər çətinliyində də. Sənin arzundur və biz birgə onun arxasınca gedəcəyik.
 
Ailəmdən sonra sıra iş yerimə xəbər verməyə gəldi. Fəhləlik etdiyim şirkətə bu dəfə əvvəlki kimi utana-utana yox, tam məğrur, qürurlu və sevinc dolu getdim. Şirkətin qapısında Əhməd dayı qarşıladı. Əhməd dayı şirkətin gözətçisi idi.
—Salam,Əhməd dayı.
—Salam,oğul.
—Dayı,mən artıq gedirəm. Gəldim, ərizəmi yazım, həm də sizinlə sağollaşım.
—Hara ,oğul.
—Arzularımın dalınca.
—Başa düşmədim.
—Müəllim işləməyə, cəmiyyətə, millətə və özümə daha faydalı olmağa.
—Təbrik edirəm oğul. Səni hər görəndə ürəyim ağrıyırdı. Uğurlar olsun sənə.
—Çox sağ ol, Əhməd dayı. Özünə yaxşı bax.

  Artıq yeni həyat üçün hazırlaşırdıq. Aysel də mənim kimi həyəcan içindəydi. Mən şagirdlərim üçün, o isə yeni həyatımız üçün..  
Beləcə məktəbin ilk günü gəlib çatdı. İlk dərsim altıncı sinfə idi. Keçmiş dərslərindən sual cavab edib, əlimdəki dərslikdən oxutdurmaq istəsəm də, anladım ki, uşaqlar çox zəifdir. Neçə illərdir gələn müəllimlər 1-2 ay dərs keçib işdən ya məzuniyyət götürmüş, ya da iş yerini dəyişmişdi. O gün söz vermişdim, bu uşaqların geriliyini aradan qaldırmayınca heç yerə getməyəcəkdim. Hamı təzə gələn müəllimdən nəticə gözləyir. Mənimsə bir ya iki ay keçəndən sonra imtina edəcəyimi düşünürdülər. Mən öz qərarımda qəti idim. Amma uşaqlarda heç həvəs qalmamışdı. Bunu aradan qaldırmaq üçün hər gün məktəbə bir yeniliklə gəlirdim. Nəhayət, səylərim nəticə vermişdi. Bütün uşaların sevgisini qazanmışdım. Sevgi olan yerdə öyrətmək çətin deyil. Hətta bəzi siniflərdə “bizim sevimli müəllimimiz Fariz müəllim “ adlı balaca plakat da asmışdılar. 
İlk müəllim maaşımı alanda bilmirdim o pula odun alım, evə ərzaq alım, ya kredit ödəyim. Bütün bunlar məni həvəsdən salmadı. Çünki mən inanırdım ki, o uşaqların işıqlı gələcəyi üçün ən böyük qüvvə mənəm. Bir təhər həmin ayı yola verdim.

İkinci ay ötmüşdü. İstəyirdim şagirdlərimin bu irəliləyişini nəticəylə sübut edim. Bunun üçün şagirdlərimi yaxınlıqdakı kursda təşkil olunan sınaq imtahanına apardım. Sınaq müddətincə həyəcanla qapıda onları gözləmişdim. Vaxt bitmiş, şagirdlərim bir-bir siniflərdən çıxışa doğru yönəlmişdi. İlk gələn şagirdim Səmanın test kitabçasını tələsik alıb yoxlamağa başladım.

—İnana bilmirəm yalnız bircə səhv. Əhsən, əhsən sənə.
—Hə, müəllim. O sualı da izah etmişdiniz amma unutdum deyə səhv yazmışam.
Tezliklə digər şagirdlər başıma toplaşdı. Hər biri test kitabçasını həyəcanla yoxlamağım üçün mənə uzadırdı. Möhtəşəm nəticə göstərmişdilər. Qarşımdakı mənzərə inandığımdan daha böyük idi. Doğru zamanda, doğru yerdə olmağın xoşbəxtliyini yaşayırdım. Artıq hamı məndən, işlədiyim məktəbdən və şagirlərimin uğurlarından danışırdı. Kənd hamısı məni, ailəmi sevir, hər bir çətinliyimizdə bizə kömək edirdilər.  
Üç il tamam olmuşdu. Sözümü tutmuş şagirdlərimin geriliyini tam aradan qaldırmışdım. Ən gözəli isə ali təhsil müəssisələrində oxuyan şagirdlərimin olması idi.  

Yazar: Feyruz Kərimov
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş intellektual oyun keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəki şəhərində müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Bilik yarışını açılış nitqi ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə oynadığı müstəsna roldan, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və bu günə qədər keçdiyi inkişaf yolundan bəhs edib. Təşkilatının sədri intellektual oyunun keçirilməsində əsas məqsədin gənc nəslin Heydər Əliyev irsini daha dərindən öyrənməsinə töhfə vermək olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov Ulu Öndərin təhsilə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Belə tədbirlərin həm də gənc müəllimlər arasında kommunikasiyanın, həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsində, onların təşkilatlanmasında, intellektual bacarıqlı müəllimlərin üzə çıxmasında əhəmiyyətə malik olduğunu bildirib.

17 komandanın iştirakı ilə keçirilən intellektual yarışın nəticəsinə əsasən “Bizim Cəbiş müəllim” komandası birinci, “44” komandası ikinci, “Elm keşikçiləri” komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.

07.05.2025

badge-icon
Qazaxda “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib
3 may 2025-ci il tarixində Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə reallaşıb.

Forum iştirakçıları tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Qazax Müəllimlər Seminariyası- ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşova çıxış edərək forum iştirakçılarını salamlayıb, forumun işinə uğurlar arzulayıb. Eyni zamanda Qazax Müəllimlər Seminariyası-ADA Universitetinin Qazax Mərkəzinin tarixini qısa şəkildə şərh edib.

Rəsmi açılış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək forumun məqsədi və əhəmiyyəti barədə danışıblar. Natiqlər müasir təhsil sistemində yeni nəslin düzgün tərbiyəsinin aktuallığını vurğulayıblar.

Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva və ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Aynur Paşayeva çıxış edərək çağdaş təhsil mühitində tətbiq edilən yeniliklər və pedaqoji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Gənc alim, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxış edərək forum iştirakçıları salamlayıb, regionlarda təşkil edilən bu cür forumları yüksək qiymətləndirib. 100 illik tarixə malik olan "Məcmuə. Muhəmməd Rəfi-əd-din" kitabı Pərvinə Qədimovaya təqdim edib.

Rəsmi hissədən sonra bədii hissə nümayiş olunub. Bədii hissədə müxtəlif təhsil müəssisələrindən olan şagirdlər mahnılar ifa edib, kompozisiyalarla çıxış ediblər.

Forum panel müzakirə ilə işini davam etdirib. Moderatorluğu AGMA-nın sədr müavini Səltənət Qurbanova aparıb.

Panel müzakirəsində spikerlər – Ağstafa rayonu İlqar Salıfov adına Dağ Kəsəmən kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vüsal Həsənov, Şəmkir rayonu Seyfəli kənd tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Rəna Heydərzadə və Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Orxan Məmmədov çıxış ediblər. Onlar şagirdlərdə dəyər yönümlü yanaşmaların formalaşdırılması, müəllim nümunəsinin rolu və sosial mühitin təsiri haqqında fikirlərini iştirakçılarla bölüşüblər.

Forum qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

04.05.2025

badge-icon
Şəkidə "Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" mövzusunda forum keçirilib
Şəkidə "Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" mövzusunda forum keçirilib

5 aprel tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tərəfdaşlığı və Azərbaycan müəllimi qəzetinin informasiya dəstəyi ilə “Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" adlı forum keçirilib. 

Şəki şəhəri Nizami Gəncəvi adına 7 №-li tam orta məktəbdə 200-ə yaxın müəllimin iştirakı ilə keçirilən tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Beləki, ilk olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələrin olduqca məqsədə uyğun və vacib olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva və Azərbaycan Psixologiya Akademiyasının direktoru Ramil Hüseynzadə çıxış edərək forumun mahiyyəti və aktuallığı barədə danışdılar. Onlar müasir təhsil sistemində nəsil tərbiyəsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən yeniliklər və innovativ metodlardan bəhs ediblər.

Rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissədə Rasim Ocaqov adına Şəki şəhər Uşaq- Gənclər İnkişaf Mərkəzinin “Bahar” rəqs qrupu “Hamıdan gözəl mənəm” və “Uzundərə” rəqslərini nümayiş etidiriblər. Həmçinin Aylin Abdullayeva “Müəllimim” musiqi nömrəsi ilə çıxış edib.

Daha sonra forumun panel müzakirəsi hissəsinə keçid edilib. Şəki şəhər 11 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, AGMA-nın Şəki şəhəri üzrə koodinatoru Gülnar Heydərzadənin moderatorluğu ilə təşkil edilən panel müzakirədə spikerlər – Şəki rayonu Kiş kənd Heydər Əliyev adına 1 №-li tam orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim Dursun Cavadova, Qax şəhər Namiq Abdullayev adına 2 №-li məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, əməkdar müəllim Nazlı İsmayılova və Şəki rayonu Köndələn kənd tam orta məktəbin direktoru Aytən Yusifova çıxış edərək, təhsildə tərbiyəvi mühitin yaradılması, ailənin tərbiyə üzərindəki rolu, rəqəmsal dövrdə tərbiyə və etik dəyərlər, yeni nəsil tərbiyəsinə dair innovativ yanaşmalar kimi mövzuları müzakirə ediblər. 

Həmçinin müzakirələr zamanı təhsildə müasir metodların tətbiqi, müəllim-şagird münasibətlərinin yeni dövrün tələblərinə uyğun şəkildə qurulması və psixoloji yanaşmaların əhəmiyyəti vurğulanıb. 

Forum iştirakçıları bu kimi tədbirlərin təhsil sistemində keyfiyyətin artırılması və pedaqoji təcrübənin bölüşdürülməsi baxımından mühüm rol oynadığını bildirib, yeni nəsil tərbiyəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün belə forumların davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Panel müzakirəsinin sonunda forum iştirakçılarının spikerlərə ünvanladıqları çoxsaylı suallar da cavablandırılıb.

Qeyd edək ki, forumun keçirilməsində məqsəd çağdaş dövrdə yeni nəsil tərbiyəsinə yeni yanaşmaların tətbiq olunması və müəllimlərlə fikir mübadiləsinin aparılmasından ibarətdir.

06.04.2025

badge-icon
Təqdimatlarımız davam edir
 Bakı Şəhəri Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 №li tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Elnurə İsmayılova və  Ruhane Yaqubova tərəfindən təqdimat keçirilib. 

Təqdimatın davamında gənc müəllimlərimiz üçün "Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması", "Sinfin idarəedilməsi və məktəb-şagird-valideyn üçbucağı" mövzularında seminar keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

01.04.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun