Profil

Axtarış

Görüş

Cavad parkda oturmuş, gözləri çox uzaqları seyr edən balaca bir oğlan gördü. Çiyninə ağır bir yük almış, amma bu yükün altında əzilmiş, bir küncdə "necəsən?" deyə sual verəcək birini gözləyirdi sanki. Bu oturuşu, bu çarəsizliyi Cavaddan yaxşı tanıyan olmazdı. Bu ağ bənizli oğlanın yanına yaxınlaşdı. İkisi birlikdə bir xeyli uzaqlara baxdılar. Cavad oğlanın kürəyinə toxunub soruşdu:

-Kitab oxumağı sevirsənmi?
-Kim. Mən?
Yanında birinin oturduğunun belə fərqinə varmamışdı Murad.
-Bəzən məktəbdə müəllimim oxuyur. Dinləməyi çox sevirəm.
-Bir roman qəhrəmanı var,C Qavroş, tanımırsan?
Söhbətin nədən getdiyindən xəbərsiz olan Murad təəccüblə Cavada baxırdı.
-Qavroş bir gün küçədə yolunu itirmiş 2 uşaq görür. "Həə cücələr”- deyib nə baş verdiyini soruşur.
-Yox əmi, oxumamışam. Mənə niyə danışırsınız?
-Sən də ordakı “cücələr” kimi yolunu azana oxşayırsan. Kömək edimmi?
Birinin öz çarəsizliyində tək qalan bu balaca oğlana qayğı ilə yanaşması xoşuna gəlmişdi. Amma dərdini də açıb demək istəmədi. Axı o şəhid oğlu idi. Güclü olmalı, öz ayaqları üstə durmağı bacarmalı, atasız yaşamağa alışmalı idi..

-Yox evimizi tanıyıram, biraz burda oturub gedəcəm. Təşəkkür edirəm!

Oğlanın mədəni danışması Cavadı daha da maraqlandırdı. Görünürdü ki, gözəl bir ailədə böyüyür.
-Hava qaralır, bəlkə atana zəng edək, icazə alaq, səni evinizə aparım.
Axı Cavad hardan biləydi ki, Murad 3 ay əvvəl "ata" sözünü necə sevinclə deyirdi,  indi bu söz onun qəlbinin ən ağır yükünə çevrilib. Murad titrək səslə cavab verdi:
-Siz atama zəng edə bilməzsiniz, heç kim atama zəng edə bilməz, mən də edə bilmirəm, onun səsini eşitməyi hər şeydən çox istəyirəm, -deyib hönkürüb ağlamağa başladı.
Bu hönkürtü Cavadı lap uzaqlara apardı. Mehriban müəllimini xatırladı. Muradın başını sinəsinə sıxıb gözlərini yumdu.

Mehriban müəllim, məktəbə yeni təyin olunmuşdu. Cavad 7-ci sinifdə oxuyurdu. Uşaqlığını yaşaya bilməmiş, güldüyü, nadinclik etdiyi tək yer məktəb, sinif otağı, müəllimlərinin yanı idi. Hər kəs kimi yeni gələn müəllimin dərsini pozmağa çalışır, digər müəllimlər kimi bu kənd məktəbini qoyub getsin istəyirdilər. Mehriban isə ən yüksək qiymətlərlə ali təhsil almış, doğma kəndinə qayıdıb müəllim olmaq istəmişdi. Getməyə heç niyyəti yox idi
Zamanla şagirdlərin qəlbinə yol tapdı. Artıq Fizikanı sevməyə başlayan, çalışan, öyrənmək istəyən uşaqlar Mehribanın əzminin nəticəsi idi. Amma qəlbinə yol tapa bilmədiyi bir Cavad qalmışdı. Necə etsin? Cavad bu şıltaqlığının altında nə gizlədirdi? Niyə heç bir müəllimini dinləmir, dərs oxumağı sevmir, amma dərsdən də qalmırdı? Anası ilə danışmaq istəsə də digər müəllimlər  ananı uşağı ilə heç maraqlanmamaqda günahlandırdı. "Onsuz da gəlməyəcək, axtarıb özünüzü yormayın" demişdilər ona. Sonra eşitdi ki, anası uzaq bir kənddə işləyir, evə gec gəlir. Amma atası haqqında heç bir məlumat ala bilmədi.

Zəng çalındı. Dərs başladı. Mehriban müəllim dünən verdiyi məsələ haqqında soruşdu. Arif əl qaldırıb söz aldı.
-Müəllim, məsələni atama da göstərdim. Edə bilmədik. Amma Cavad yazıb.
Dərslərinə önəm verməyən Cavadın bu həvəsi Mehribanı çox sevindirdi.
-Cavad, atan kömək etdi?
Cavadın verəcək cavabı yox idi. Sinfə sükut çökdü. Birazdan dilləndi.
-Atam çox savadlı biri olub. Hamı deyir ki, o çox yaxşı insan idi.
Mehriban verdiyi sualın altında əzildi. Bu sualın cavabının belə olacağı heç ağlına belə gəlməmişdi. Cavad isə danışmağa davam edirdi.
-Müəllim, mən atamı görməmişəm. Üzünü belə xatırlamıram. Mən lap balaca olanda bir qəza keçirib, bir daha evimizə qayıtmayıb.
Mehriban müəllim nə edəcəyini düşündü. Onu necə təsəlli etsin? Nə desin? Hansı sözlər onun yarasına məlhəm olardı? 
-Cavad, sən onu görməmisən, amma əmin ol ki, o səni görür izləyir. Sənin kimi oğlu olduğu üçün, onu unutmadığın üçün səninlə fəxr edir. Deyirsən ki, yaxşı insan olub. Demək ki, cənnətdədir. Sən də yaxşı işlər görüb yaxşı əməllərlə yadda qalmalısan ki, bir gün görüşə biləsiniz.
-Necə yəni, müəllim. Mən onu görə biləcəm?
-Əlbəttə.

Cavad balaca əllərini qabağa uzadıb "onu görəndə boynunu möhkəmcə qucaqlayıb, çoxlu-çoxlu öpəcəm" dedi.
İlk dəfə idi qəbini kiməsə açırdı. Mehriban müəllim onu yuxudan ayıltmış, qəlbinə mərhəmət toxumu atmışdı. O gün Cavad öz-özünə bir söz vermişdi. Atası ilə mütləq görüşəcəkdi. Cavad artıq məktəbdə öz təmkini ilə seçilirdi. Mehriban müəllimin ən yaxın köməkçisinə çevrilmişdi. Universitetə qəbul imtahanlarını da uğurla başa vurmuş, Tibb Universitetinə daxil olmuşdu.

İllər keçmişdi, amma o hələ də yardımsevər olmağı ilə kənddə tanınırdı. Bu gənc həkim hamının ağrısına çarə olmağa çalışır, bunu da bacarırdı. Axı özünə, adı kimi mehriban olan Mehriban müəlliməsinə söz vermişdi.
Muradın səsi Cavadı xəyaldan ayırdı. Cavad dilləndi:
-Sən şanslı oğlansan.
-Niyə?
-Çünki atanı görmüsən, tanımısan, sevmisən, toxunmusan. Amma mən bunların heç birini edə bilməmiş itirmişəm onu.
İkisinin də yanağından yaş süzülürdü. Cavad danışmağa davam etdi.
-Müəllimim demişdi ki, onunla görüşəcəm.
-Əmi, bəs görüşdünmü?
Cavadın yaşlı gözlərində bir işıq parladı. Susdu. Dünən Cavad özü ata olmuşdu. Xəstəxanada Cavadın qucağına bir oğul vermişdilər. Cavad oğlunun qulağına adını pıçıldadı. “Sənin adın Şamildir”. Oğlunu möhkəmcə bağrına basıb qucaqladı. Balaca yanaqlarından öpdü. O anda Mehriban müəllimə dediyi cümləni xatırladı. “Atamı görsəm onu möhkəmcə qucaqlayıb, çoxlu öpəcəm". Bu xəyalı gerçək olmuşdu. Oğlu böyüdükcə ata həsrəti azalacaq, atasından ala bilmədiyi sevgini balaca Şamil ona verəcəkdi.
-Əmi, bəs onu gördünmü? -Murad Cavada səsləndi.
“Mən gördüm, sən də görəcəksən” -deyib əlini Muradın çiyninə qoydu.  Cavadın Mehriban müəllimə borcunu qaytarmaq zamanı gəlmişdi. O əl bir də heç vaxt Muradı tək qoymayacaqdı.
 
Yazar: Hacıyeva Zeynəb 
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur
.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.

AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

15.10.2026

badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun