.jpg)
Beş qardaş və nəhayət mən doğulmuşdum. Ailəmin bircə qızı, Sevinci. Şuşada çox kasıb bir ailədə beş qardaşımın ciddi nəzarəti altında böyüyürdüm. Arzularım beş dəfə süzgəcdən keçirdi. Beşindən ələnən və əlimə gəlib çatanla qane olurdum. Atam da çox sərt adam idi. Bəlkə o sərt olmasa, qardaşlarımın mənə qarşı münasibəti başqa cür olardı. Axı “ Qız nədi, oxudu nədi! Qadın nədi , çöl-bayıra çıxdı nədi!” – deyən ata necə normal düşüncədə oğul böyüdə bilərdi.
Və mənim süzgəcdən heç cür ələnib keçə bilməyəcək bir arzum vardı. Musiqi müəlliməsi olmaq. Bu arzumu tək anama deyə bilirdim. Gözüyaşlı anamın əlindən nə gələrdi ki? Artıq imtahanlar başlamışdı. İçimdə arzumla mübarizə aparırdım. Neçə illər qəlbində böyütdüyün arzun bir addımlığındadır və nə sən ona çata bilirsən, nə də qəlbini yarıb bu arzunu oradan ata bilirsən.. Yenə də anam. Həmin gecə də yemək yemədən otağıma çəkilmişdim. Anamın qəlbi dözməmiş son bir neçə gündür olduğu kimi əlində yeməklə qapıda dayanmışdı.
–Qızım, Bənövşə xalanın yanına gedə bilərsən.
–Nə deyirsən ,ana? İçində olduğum qaranlıqda uzaqdan gələn bu səsi anlamaqda çətinlik çəkmişdim. Ölən yox idi, amma mən bir neçə gün sonra əllərimlə məzara qoyacağım arzuma yas saxlayırdım.
–Qızım, heçnə soruşmayacam səndən. Nə qədər çox istədiyini görə bilirəm. Səni belə görmək , əlimdən heçnə gəlməməsi ana olaraq məni məhv edir. Bakıda Bənövşə xalan var, onun adresini sənə verəcəyəm. Get və xəyalın üçün mübarizə apar.
Bu nə idi mən yaşayırdım. Can verməsi üçün başucunda dayandığım xəstəm birdən sağalmış, gülən gözləriylə mənə baxırdı. Elə həmin gecəni səhərəcən yatmamışdım. Qorxurdum, yuxuya qala bilərdim. Axı evdən atam və qardaşlarımdan gizlincə çıxmalı idim. Səhərin sübh çağında evdən çıxdım. İlk avtobusa minib Bakıya yola düşdüm. Budur mən artıq buradayam. Heç vaxt dadmadığım duyğular içində dolanırdım. Bənövşə xala ilə görüşüb ilk öncə sənədlərimi həll etdik. Mən imtahan verəcəkdim. Onunla dərslərdən söhbət etmək o qədər möhtəşəm hiss etdirirdi ki. O təhsilli, müasir düşüncəli, ən önəmlisi isə qadın idi. İmtahan nəticəm əlimdə idi “ Azərbaycan Milli Konservatoriyası - Muğam müəllimliyi” ixtisası. Qaranlığın içində yolumu tapmış, ona doğru gedib artıq işıqla rastlaşmışdım. Mənim aydınlığım bu idi.
Sevinc, yarım qalan sevinclərlə dolu həyatım. Atam izimi tapmışdı. Ən çox onların qüruru olmalıykən mən addımbaaddım ondan qaçırdım. Kəndə məni tapdığı an öldürəcəyini yaymışdı. Nə qədər gizlənə bilərdimki.
–Tez ol , elə indicə mənimlə Şuşaya gəlirsən.
–Yox , ata. Mən oxuyacağam.
– Get, sən adda qızım yoxdur artıq!
Hələ də düşünürəm 17 il atamın qaydalarıyla yaşayan mən necə bir anda qartal balasına sinə gərən kimi, gələcəyim üçün atama qarşı gəldim.
2-ci hissə
–Bu ola bilməz ,Bənövşə xala. Atam , qardaşlarım ölə bilməz! Mənim atam axı necə.. Ən son xatırladığım tələsik evdən ailəmin köçməyə məcbur qaldığı Bərdə düşərgəsinə yollanmağım idi. Ermənilər hücum etmiş, atam, iki qardaşım şəhid olmuşdu. Təhsilim, başı bəlalı təhsilimi bir müddətlik dayandırmışdım. Ailəmi Bakıya köçürə bilmişdim. Bənövşə xala yenə xilaskarım olmuşdu, evini bizə açmışdı. Həyatım bir daha fərqli bir formaya düşməyə məcbur oldu. Səhərlər dərsə gedir, gecələr çörək sexində işləyirdim. Anam və qardaşlarım da müxtəlif yerlərdə fəhləlik edirdi.
Nəhayət Konservatoriyanı bitirdim. Artıq müəllimə idim. İçimdə heçnə tam deyildi. Diplomumla atamın görüşünə getmək xəyalım onun yoxluğuyla dolu idi.
Tələbələrim vardı artıq. Onlara ən sevdiyim işin incəliklərini öyrətmək qədər möhtəşəm heçnə yox idi mənim üçün.
Tezliklə ailə qurdum. Mənim adım Sevinc idi. Bəlkə yaşanmalı olan sevinclərim buna görə yoxa çıxmışdı. Yoldaşım işləməyə icazə vermədi. Bir daha sevdiklərim uğruna nələrdənsə keçməli oldum.
10 il. Çox da asan olmayan 10 il. İçimdəki arzumu öldürməyə gücü çatmayan illər. Nəhayət sevincimin yarım qalan hissəsinə çata bildim. Yoldaşım işləməyə icazə verdi.
Bütün bunları hər yeni dərs deyəcəyim sinifə daxil olanda bir daha xatırlayırdım.
Yazar: Sevda Məmmədova
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Şagirdləri həvəsləndirmə metordları: müəllimlər və valideynlər üçün strategiyalar.
26.07.2023

Professional öyrənmə qrupları: müəllimlərin qarşılıqlı əməkdaşlığının tədrisin keyfiyyətinə təsiri.
26.07.2023

Layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqi.
26.07.2023

The impact of emotional intelligence on pupils' achievement.
26.07.2023

Zərif çiçək.
20.07.2022

Həyat.
15.06.2022

Sevimli davamçı.
15.06.2022

Zəlzələ.
08.06.2022