Profil

Axtarış

Müəllimlərin tanıdılması

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Nurlanə Quliyevadır
Mən - Quliyeva Nurlanə Şaban qızı 15.09.2015-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında uğurlu nəticə göstərərək Göyçay rayonu Qarabağlar kənd tam orta məktəbinə işə qəbul olmuşam. Həmin ildən ixtisasımı uşaqlara sevdirmişəm. Bu mənim üçün ən böyük uğurlarımdan biridir. Göyçay Rayon Təhsil şöbəsi və Göyçay Rayonu Uşaq Gənclər İdman Məktəbi tərəfindən fəxri fərmanla mükafatlandırılmış, bir çox təşkilatlarda könüllü fəaliyyət göstərmişəm. Bunlar gənc müəllim üçün böyük uğurdur deyə düşünürəm. Dərslərimdə yeniliklərdən çox istifadə edirəm. Əlimizdə olan, hətta tullantı ləvazimatlardan resurs kimi istifadə edərək dərsimi maraqlı edirəm. Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün onları dərs müddətində müşahidə edir, sonra yarışlar keçirərək qalibləri mükafatlandırıb yarışlara yönləndirirəm.      

Dərs dediyim kənddə ən çox resursların azlığından çətinlik çəkirdim, çalışdığım qədər özüm ləvazimatlar təşkil edirdim. Orta məktəblərin idman ləvazimatları ilə təmin olunması daha faydalı olar deyə düşünürəm. Bu təklifimin nəzərə alınmasını çox istəyərəm. Kənd uşaqları çox dözümlüdür, həm də dərslərdə aktiv olurlar. 

Müəllimlik ən gözəl peşələrdən biridir. Abituriyentlərə tövsiyə edərdim ki, müəllimlik peşəsinə yiyələnsinlər. Çünki dövlətimiz müəllimlər üçün çox gözəl imkanlar yaradır.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

15.06.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Samir Şirinbəyzadədir.
Mən - Şirinbəyzadə Samir Vaqif oğlu Astara rayonunda dünyaya göz açmışam. 2016-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsində Tarix müəllimliyi ixtisası üzrə oxumuşam. 2021-ci ildə MİQ imtahanında 50 bal toplayaraq faktiki yaşadığım yerdən 75 km uzaqda olan Masallı rayonu İ.Nağıyev adına Boradigah qəsəbəsi 2 saylı tam  orta məktəbində çalışmağa başladım. Bu illərdə AGMA-nın təlimlərində iştirak edib sertifikatlar almış, sinif idarəetməsi, psixoloji təlimlərdə iştirak etməklə bərabər 3 ay müddətində  "Sağlam həyat tərzi" təlimi bitirib şagirdlərin düşüncəsinə qidanın təsirlərini ətraflı öyrətməyə çalışmışam. 

Dərsləri əyləncəli və interaktiv keçməyə üstünlük verir, xəritə, BİBÖ, analitik və s. təlim üsullarından istifadə edirəm.Tarixin standartlarından biri məkan olduğuna görə şagirdlərə ölkələrin adını çəkmədən tarixindən məlumat verib xəritədə  tapması üçün şərait yaradıram. Şagird zərurət hiss edəndə biliyi həvəslə öyrənir. Bunun üçün məktəbdə il ərzində 28-dən çox bilik və "Xəmsə" yarışları təşkil etmişəm. Ən aktiv istifadə etdiyim  üsullardan biri də dərs barədə məlumat verdikdən sonra şagirdlərdən suruşuram ki, həmin dövrdə yaşamaq istəyərsinizmi... Olduqca maraqlı cavablar almışam. Deməli, Hüseyn adında bir şagirdimdən bu sualı  suruşanda ki: "Malazgird döyüşündə iştirak etmək istəyərsənmi?" - cavabında belə dedi - xeyr, çünki müharibə insanlığa ziddir, insanlar ölür". Çox təsirlənmişdim. Bir dəfə 5-ci sinif şagirdim şəhidlər üçün şeir yazmışdı. Oxudum, gördüm ki, gözəl yazıb, amma bəzi misralar öz fikri deyil. Hiss etdirmədən auditoriyada oxudum və bəyəndiyimi deyərək yenə yazmasını istədim. 1 həftədən sonra həmin sinifdə 4 şagirdim daha şeir yazıb gətirmişdilər. Sevincimin həddi-hüdudu yox idi. Həmin gün tərifin, xoş sözün gücünü bir daha anlamışdım.

Şagirdlərimə davamlı olaraq bildirirəm ki, hamı istedadlı doğulur və təhsilin məqsədlərindən biri də sizin istedadınızı üzə çıxarmaqdır. Bir müddət sonra 10-cu sinif şagirdim sadəcə sadə karandaşdan istifadə etməklə Cıdır düzünün şəklini çəkmişdi. Dərs dediyim şagirdlərdən daha birisi Yusifin yaddaşına görə digərlərindən fərqləndiyin hiss etdim. Söhbət zamanı Yusifin günün tarixlərinə uyğun nə qədər şəhid, tarixi şəxsiyyətlər doğulub, vəfat edib günlük öyrənir. 

İşlədiyim məktəb yeni tikilib və 600 nəfərlikdir. Tarixdən əyani vəsaitlər bazası qurmağa çalışıram, belə ki, xəritə, elektron lövhə üçün Təhsil Nazirliyinə müraciət ünvanlamışam. Xəritə göndərildi.

Düşünürəm ki, məktəb təkcə təhsillə kifayətlənməməlidir. Şagirdlərin məktəbdə sənədli filmlər, qısa videoçarxlar izləməsi üçün şərait olmalıdır. Bakıda işlədiyim məktəb əyani vəsaitlərlə təmin olunmuşdu.

Müəllimlik peşəsini seçməyimə səbəb öyrənməklə bərabər öyrətməyi sevməyimdir.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w


15.06.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Günel Vəliyevadır.
Mən - Vəliyeva Günel Xanəli qızı, müəlliməm. Sözümə Atatürkün bir misrası ilə başlamaq istəyirəm. "Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır." Müəllim olmaq hansısa peşələrə yiyələnməyə bənzəməz. Bu peşənin qayəsi yanmaq, yana-yana işıq saçmaq, elm saçmaq, sevgi saçmaq deməkdir. Sonsuz sevgi qazanmaq, hörmət qazanmaq deməkdir. Mən xoşbəxt insanam ki, bu peşədəyəm, xoşbəxt insanam ki, cəmiyyətin gələcəyi olan körpələrin təlim-tərbiyəsində mənim də payım var. 

Özüm bu peşəyə gələn gündən anlamışam ki, daim oxumaq, öyrənmək, öyrəndiklərini sevə-sevə öyrətmək lazımdır. O zaman uğurlu nəticə əldə edəcəksən. 

Bəzən siniflərdə rastlaşdığım, kənardan izləyən şəxs kimi xoşuma gəlməyən və bunun düzgün olmadığı qənaətinə gəldiyim haldan danışmaq istəyirəm. Siniflərdə şagirdlərə "düz otur, düz əyləş, evdə deyilsən, diqqətin dərsdə deyil" kimi ifadələrin deyildiyini, mənə elə gəlir ki, hamımız görmüşük. Özümüzə də şagird olduğumuz dönəmlərdə bu ifadələr az deyilməyib. Amma vaxtı deyilmi, oturub düşünməyin? İl olub 2022, şagirdə hələ ds "düz əyləş, evdə deyilsən" deyilir. Axı o şagird evindəki kimi rahat olmasa, ondan hansı yaxşı nəticəni gözləyə bilərik ki?! Bir düşünün, özümüzü diskomfort hiss etdiyimiz bir məkanda nəyisə öyrənə bilərikmi? Əsla! Ona görə öyrənmə mühitini şagirdin istəyinə uyğun, onun rahat ola biləcəyi, özünü rahat hiss edəcəyi şəkildə qurmaq ve ona "düz əyləş, evdə deyilsən" kimi ifadələri işlətməmək lazımdır. Şagirdin diqqəti əgər dərsdə deyilsə, bu o deməkdir ki, müəllim onu dərsə cəlb edə bilməyib. Bu, şagirdin günahı deyil, mənə görə. 

Mən bir sıra beynəlxalq konfrans və yerli seminar, təlimlərdə iştirak etmişəm. İştirak etməyə davam edirəm. Kitab oxumadığım, nəsə öyrənmədiyim günü boşa keçirdiyimi düşünərək, mütaliə edib, oxuyub öyrənirəm. Bunu şagirdlərimə də aşılamışam.Yaxın günlərdə ideya müəllifliyim ilə təşkil etdiyim "Mütaliə dostları" layihəsi uğurla başa çatdı və şagirdlərimin mütaliəyə olan marağının 1-ə 5 artdığının şahidiyəm. 

Gündəlik dərslərimi oyun əsaslı öyrənmə şəklində qurmağa çalışıram. Hətta adi tapşırığı belə anidən oyuna çevirib hamının diqqətini dərsə cəlb edirəm. Əvvəllər dərslərimdə tətbiq etdiyim oyunlar yarış xarakterli idi. Sonradan bunlara əyləncəli öyrənmə oyunlarını da əlavə etdim. Bəzilərini dərs prosesində özüm kəşf edirəm hətta. Və ən esası uşaqların çox, çox sevdiyi veb2  alətlərini dərslərdə birgə işlədirik. Çox əylənib, daha çox öyrənirik. 

Mənim üçün bütün dərslərim maraqlı və əyləncəli, yaddaqalan keçir. Əlbəttə ki, şagirdlərim məndən də çox əylənərək öyrənirlər. Hər gün dərsə qaça-qaça, həvəslə gələn, gülə-gülə, xoş əhvalla evinə geri gedən xoşbəxt şagirdlər mənim əsərimdir. Necə yadda qalmasın ki, bütün günlər? 

Bir neçə il öncə sinfimdə bir halla rastlaşırdım. Oxumağı və yazmağı heç cür öyrənə bilməyən bir şagird, ona digər şagirdləri öyrətdiyi üsuldan istifadə edən bir müəllim... Nəticə? Heç nə. Nəticə olmur ki, olmur... Həvəsdən düşmüş valideyn, motivasiyası aşağı şagird ( bacarmıram). 

Və mən Azərbaycan dilində çox az informasiya olan bu mövzuda axtarış etməyə başladım. Disleksiya (öyrənmə çətinliyi) haqqında çoxlu xarici və az sayda yerli ədəbiyyatlara müraciət etdikdən sonra çıxış yolunu tapdım. "Hər şagird fərqlidir, hər şagirdin öyrənmə qabiliyyəti fərqlidir, maraqlar individualdır, bir şagirddə əla nəticə göstərən metod digər şagirddə nəticə verməyə bilər. Metodu şagirdinə görə seçmək lazımdır."
Yuxarıda haqqında danışdığım disleksiyalı şagird, ona tətbiq etdiyim fərdi metodlardan sonra özünün riyazi istedadını biruzə verdi. Və 1-ci sinif şagirdi yaşına görə çətin tipli hesab edilən məntiqi və riyazi məsələləri şifahi həll edirdi. 

Müşayiət etdiyim qədəri ilə təhsilimizi inkişaf etdirmək üçün ilk öncə müəllimlərin "komfort zonası"ndan çıxmağa cəhd etmələri və valideynlərin təhsillənməsi, müxtəlif öyrədici seminar, təlimlərə cəlb edilməsi mütləqdir.

Öyrədici mühit hər yerdə yaratmaq mümkündür. Öyrənmək istəyən isə hər yerdə öyrənir. Bunun kənd və yaxud şəhərdə yaşamaqla əlaqəli olduğunu düşünmürəm. Şagird Yaponiyada da eyni şagirddir, Əfqanıstanda da eyni şagirddir, Azərbaycanda da... İstər Sinqapurda, istər Qubanın Xınalıq kəndində... Yetər ki, sən öyrətmək istə, cəhd et və ruhdan düşmə.

Müəllimlik şərəfli peşədir, vicdan, dürüstlük tələb edir. Bu peşə yaradıcılıq tələb edir. Heç bir qəlibə sığmayan peşədir. İnkişaf etdikcə, inkişaf etdirirsən. Müəllimin özündən daha çox uğuruna sevindiyidir onun yetirmələri... Həmişə xatırlanır, həmişə hörmətlə yad edilirsən. Mən fəxr edirəm ki, mən müəlliməm!

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w


10.06.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Nübar Qəriblidir.
Mən - Qəribli Nübar Tehran qızı 13.10.1995-ci ildə Qəbələ rayon Nic qəsəbəsində anadan olmuşam.2002-2013- cü illər ərzində Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbində təhsil almış, 2013-cü ildə ADPU-nun Şəki filialına daxil olmuşam.2017-ci ildə universiteti uğurla başa vurmuşam.2019-cu ildə Astaranın ucqar dağ kəndi olan Pəlikəş kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam.Dərs dediyim məktəb rayon mərkəzindən 40 km uzaqlıqda yerləşir.Hər gün bu yolu gedib gəlmək məni yormur,çünki şagirdlərimin mənə olan sevgisi məni öz peşəmi sevməyə stimul verir.Fəaliyyət göstərdiyim bu illər ərzində AGMA-nın I və II Şəbəkələşmə formu və bir çox təlimlərin iştirakçısıyam.Müəllimlik çətin və bir o qədər də şərəfli peşədir.Məqsədim yalnız şagirdlərimi akademik biliklərlə kifayətləndirməmək, həyati bacarıqlara yiyələnmələri üçün şərait yaratmaq, ən əsası vicdanlı vətəndaş yetişdirməkdir. Dövrün tələbinə uyğun olaraq “Öyrətmək üçün daim öyrənməliyik” prinsipini əsas tutaraq  yenilik axtarışındayam. Təhsillə bağlı müxtəlif seminar və təlimlərdə - ixtisasartırma, İKT bacarıqları və s  iştirak edib, təlim sonunda sertifikatla təltif edilmişəm.

Dərslərimi müasir təlim metodları ilə təşkil edirəm. Daha çox oyunlara üstünlük verirəm. Həm əylənirik , həm də öyrənirik. Çünki müasir dövrün uşaqları yenilik axtarışında olur. Rollu oyun, Ziqzaq, Beyin həmləsi, BİBÖ, Akvarium kimi iş üsullarından istifadə edirəm. Daha çox əyani vəsaitlərə üstünlük verirəm. 

Hər bir dərsimə diqqətlə yanaşıram. Dərslərimi yaddaqalan etməyə çalışıram.Müxtəlif bilik yarışları təşkil edirəm.Həftənin,ayın,ilin qaliblərini müəyyənləşdirib qalibləri bir çox hədiyyələrlə qiymətləndirirəm.
Maraqlı dərslərimdən birində dərsimiz vurma cədvəli idi.Şagirdlərlə bilik yarışı təşkil etmişdim.Şagirdlərə maraqlı gəldiyinə görə müxtəlif konfetlər götürdüm.Şagirdlər hər düzgün cavab verdikcə konfet götürürdülər.Sonda ən çox konfet sahibi yarışın qalibi olurdu.Mən daima şagirdlərimin maraqlarını dinləyib onların maraqlarına dəstək olmağa çalışıram.Şagirdlərimin təmiz və əvəzolunmaz sevgisi mənim həvəs mənbəyimdir.

Şagirdləri yaşadıqları ərazilərə görə ayırmaq istəmirəm. Bütün uşaqlar ağ vərəq kimidir. Kənddə və ya şəhərdə yaşayan şagirdlərin istedad və bacarıqlarının üstün və ya zəif cəhətinin olduğunu heç kim deyə bilməz. Yaşayış şəraiti isə məqsədi olan insana mane ola bilməz. Üstün cəhəti şagird öz-özünə yaratmalıdır. Heç bir çətinliyi bəhanə etməməli, hədəfinə doğru inamla addımlamalıdır. Əlbəttə, bu yolda şagirdlərə yol göstərmək, düzgün istiqamətləndirmək biz müəllimlərə düşür. 
Gələcəkdə müəllim olmaq istəyən şagirdlərə tövsiyə edirəm ki, bu peşəni seçirsinizsə, peşənizə layiq olmağa çalışın.  Həvəs və maraq olmayan bir iş sizi xoşbəxt edə bilməz. Müəllim daim yenilik axtarışında olmalı, inkişafa meyilli olmalı və şagirdlərini bu istiqamətdə yönəltməlidir.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

03.06.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Günay Şirinovadır.
Mən - Şirinova Günay Yaşar qızı Daşkəsən rayon Muşavaq kənd Hikmət Məmmədov adına ümumi orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərirəm.

Dərslərimi müzakirə formasında şagirdlərimin maraqlarına uyğun qurmağa çalışıram.
Mənim üçün deyə bilərəm ki, bütün dərslərim maraqlı və keyfiyyətli keçir. Çünki şagirdlərimə öz fənnimi sevdirməyi bacarmışam və mən deyə bilərəm ki, ilk olaraq özümü, daha sonra fənnimi sevdirmişəm. Əgər şagird müəllimi sevməzsə, onun tədris etdiyi fənni də sevə bilməz.
Hər bir şagird mənim üçün özəl və dəyərlidir. Şagirdlərim arasında heç zaman fərq qoymuram. Mən Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə Zahir Bağırov adına tam orta məktəbdə fəaliyyət göstərərkən fiziki məhdudiyyətli bir şagirdim vardı. Onunla keçdiyimiz dərs deyə bilərəm ki, bir başqa maraqlı olurdu. Çünki Tofiq həm fiziki, həm də nitqində qüsuru var idi. Mən onunla fərdi evdə məşğul olurdum. Tofiq bütün bunlara baxmayaraq, cox həvəslə dərslərini oxuyurdu. Tarix fənnindən çətin adlar olmasına baxmayaraq, onları asanlıqla yadda saxlayırdı. Biz müəllimlər Tofiq üçün təkərli araba alıb hədiyyə etdik ki, ən azından özü tək qalan zamanlarda evdən həyətə çıxa bilsin.

Bütün şagirdlərin tarix fənninə marağı olmaya bilər. Onlarda maraq oyatmaq, bu fənni sevdirmək üçün bilik yarışları, debatlar təşkil edir və qalib komanda və yaxud şagirdi diplomla təltif edirəm. Bu yolla şagirddə öz fənnimə qarşı maraq oyada bilirəm .
Dərs dediyim məktəbdə rastlaşdığım çətinlik qarlı və yağışlı havada, ilk olaraq, yolun çətinliyi ilə bağlıdır. Daha sonra məktəbimizdə İKT çatışmazlıqları var. Lakin bütün bunlara baxmayaraq, biz müəllim və şagirdlər məktəbə həvəslə gedir və həvəslə şagirdlərimizi öyrədirik.
Şəhər yerində təhsil alan şagird kənd yerində təhsil alan şagirddən heç də üstün deyil. Şagirdlərimin təmiz sevgisi mənim həvəs mənbəyimdir. Onların ilk açan bənövşə, nərgiz, yasəmən gülünü həvəslə dərib: "Müəllim, bunu sizə gətirmişəm" - deməsi mənim üçün çox sevindirici haldır. Şagirdlərimin diqqəti müəllim olmağımın qürurunu yaşadır mənə.

Şagirdlərimiz kənd məktəbində təhsil alır və onlardan IX sinif şagirdi Musayeva Nərmin Şamil qızı bu il "Şuşa ili" ilə bağlı rəsm müsabiqəsinə aid rəsm əsəri çəkdi və Nərminin çəkdiyi rəsm həvəsləndirici yerə layiq görülüb Bakıda diplomla təltif edildi.
Niyə məhz müəllim olduğuma gəlsək...
Bu sənət ailədən gəlir, ilk sinif müəllimim nənəm Aliyeva Elmira olub, Azərbaycan dili və ədəbiyyat müəllimim babam Şirinov Seyfəddin olub. Atam GÇQH müəllimi kimi fəaliyyət göstərir. Məhz tarix müəllimi olmağımın səbəbkarı öz müəllimim Firdovsi müəllimdir, o sevdirib bu fənni mənə. Mənim arzumdur ki, gələcəkdə hər hansı bir şagirdim desin ki, mənə tarix fənnini Günay müəllim sevdirib və ona görə məhz bu fənni seçmişəm. Müəllimlik müqəddəs sənətdir. Bu elə bir peşədir ki, öz yetirmələrinlə hər yanda, hər sahədə qarşılaşa bilirsən. Mən öz peşəmi və şagirdlərimi sevən, peşəsinin vurğunu bir müəlliməm.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

27.05.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Şahin Səfərovdur.
Mən - Şahin Səfərov Allahverdi oğlu 1992-ci ildə  Masallı rayon Lürən kəndində anadan olmuşam. 2010-cu ildə məktəbi əla qiymətlərlə bitirərək, AMİ-nin Ağcabədi filialının Riyaziyyat və İnformatika müəllimliyinə qəbul olmuşam. 2014-cü ildə ali təhsilimi başa vurub, hərbi xidmətə yollanmışam. 2018-ci ildə MİQ imtahında uğur əldə edərək, Ağdam rayon 66 saylı köçkün tam orta məktəbində riyaziyyat fənnini tədris edirəm. İndiyə qədər intellektual, idman yarışlarında iştirak edərək diplom və fəxri fərmanla təltif olunmuşam .

Dərslərimə maraq qatmaq üçün innovativ metodlardan istifadə edir, müxtəlif bilik yarışları təşkil edirəm. Şagirdlərə stimul vermək üçün hər həftənin, ayın, ilin qaliblərini sertifikat və qiymətli hədiyyələrlə təltif edirəm.

Dərslərimizin bir-birindən maraqlı keçməsinə baxmayaraq, mənim sinif otağından çox yenilik kimi ara-sıra açıq hava şəraitində keçdiyimiz dərslər yaddaqalan olub. Yay məktəbi dərslərində dərs şagirdlər üçün daha əyləncəli olur.

İstedadlı şagirdlərimizin üzə çıxması üçün intellektual yarışlar, bilik yarışları, mütəmadi valideynlərlə söhbət əsasında şagirdlərimizi aşkar edirəm.

İstedadlı şagirdlərimiz çoxdur, biz bunları vaxtında aşkar edərək bir neçəsi ilə uğur qazanmışıq. 9-cu sinif şagirdimiz V. Xədicə bu il buraxılış imtahanında fərqlənmə şəhadətnaməsi almış, 6a sinif şagirdi Ə.Toğrulun dəfələrlə riyaziyyat üzrə Ağdamda 1-ci yeri tutmuş, Lütfizadə adına olimpiadada respublika üzrə 3-cü yerə çıxaraq diplom və medalla təltif olunmuşdur. Toğrul həmçinin beynəlxalq olimpiadada da uğurlu nəticələr əldə etmişdir.

Dərs dediyim məktəb rayon mərkəzindən 25 km uzaqlıqda yerləşsə də, hər gün bu yolu getmək məni heç yormur, çünki məni əziz şagirdlərimə olan sevgi daha da ruhlandırır. Məktəbimiz köçkün məktəbi olduğu üçün dar sinif otaqları, tam işıqlı olmayan otaqlarda dərs keçsək də biz bundan heç də sıxılmır,  şagirdlərimizin gələcəyi üçün onlara yaxşı təhsil veririk.

Kənd məktəbinin şəhərdən əsas fərqi texnologiyaların çatışmazlığıdır. Müəllimlik peşəsini ona görə seçdim ki, uşaqları öyrətmək, onlarla işləməyi sevdiyim üçün, empatiya hissi, humanistlik, öyrətmə və öyrənmə həvəsim olduğuna görə yenidən ixtisas seçimi olarsa, yenə müəllimlik peşəsini seçərdim. Nəzərə alsaq ki, Ağdam rayonu 30 il erməni təcavüzkarlarının işğalına məruz qalmışdır. Mùəllim olaraq təkcə təhsil verməklə yanaşı, şagirdlərimizə vətənpərvərlik hissi, mədəni keyfiyyətlər aşılamağa çalışıram.

Abituriyentlərə də tövsiyəm odur ki, hər zaman öz maraqlarının arxasınca getsinlər. Özlərini hansı peşədə görmək istəyirlərsə, o yolda irəliləsinlər. Sonunda mütləq öz məqsədlərinə çatacaqlar.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

20.05.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Zülfünaz Rüstəmlidir.
Mən - Rüstəmli Zülfünaz Asif qızı Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.
Dərslərimi hər zaman böyük həvəslə keçirəm. Dərsləri maraqlı etmək üçün şagirdlərimlə müzakirələr təşkil edir, onları müzakirəyə, bir-birlərinə sual verməyə cəlb edirəm. Bu onların biliyinin möhkəmlənməsinə daha cox kömək olur. Hər bir dərsin özünə görə marağı, keçilən mövzuya görə fərqlilik xüsusiyyətləri olur. Şagirdlərlə asudə vaxt tapdıqca söhbət edir, həm də şagirdi daha yaxından tanımış oluram.

Dərs keçdiyim bir çox istedadlı şagirdlərim var, onlar öz bacarıqları, istedadları ilə hər yerdə seçilirlər.

Kənd məktəbində işləməyin çətinlikləri çoxdur. Məktəb avadanlıqları yoxdur və bu öz təsirini istər-istəməz göstərir. Kənd məktəbləri üçün də bu problemlər öz həllini tapsa, həm şagird, həm də biz müəllimlər üçün keyfiyyət yüksək olar.

Hər kəs özünə ta uşaqlıqdan bir sənət, peşə yaraşdırır. Müəllimlik gözəl peşədir, məsuliyyətlidir, gözəl nəticələr olduqca isə insan qürurlanır.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

13.05.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Süleymanov Eyvazdır.
Mən - Süleymanov Eyvaz Sahib oğlu 1995-ci ildə Tovuz rayonunda anadan olmuş, 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasını bitirmişəm. 2018-ci ildə MİQ imtahanında Coğrafiya fənnindən uğur əldə etdikdən sonra Tovuz rayonu İsakənd tam orta məktəbində Coğrafiya fənnini tədris edirəm. II Qarabağ müharibəsinin iştirakçısıyam, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm. Bir neçə elmi konfransların, AGMA-nın I şəbəkələşmə forumu və çoxlu sayda təlimlərinin iştirakçısıyam. İdman yarışlarında da müxtəlif yerlər tutmuş, bir neçə fəxri fərman, sertifikat və diplomla qiymətləndirilmişəm. 

Dərslərimə maraq qatmaq üçün innovativ metodlardan istifadə edir, müxtəlif bilik yarışları təşkil edirəm. Ayın, mövsümün, ilin qalibini müəyyənləşdirib qalibləri coğrafi aksesuarlarla qiymətləndirirəm. Maraqlı dərslərimdən birində əyləncəli bilik yarışı təşkil etmişdim, şagirdlərə çox maraqlı gəldiyinə görə növbəti dərs də coğrafiya olsun deyə bilərəkdən növbəti dərsin boş olacağını söyləmişdilər. Daima şagirdlərimin maraqlarını dinləyib maraqlarına uyğun dəstək olmağa çalışıram. 

İstedadlı şagirdlərimiz çoxdur. 8-ci sinif şagirdi Quliyeva Güneli nümunə göstərim, istedadının çox olmasına baxmayaraq az çalışırdı. Onda yaratdığım həvəs və dərsə maraq sayəsində ilin qalibi oldu. 

Dərs dediyim kəndin rayon mərkəzindən 50 km. uzaq və dağlıq olmasına baxmayaraq, o qədər də çətinlik yoxdur. Yeni işə başlayanda dərsə maraq az olduğunu görürdüm, onu da, demək olar ki, aradan qaldıra bilirik. 

Kənd məktəblərinin şəhərdən əsas fərqi texnologiyaların çatışmazlığıdır. Müəllimlik peşəsini ona görə seçdim ki, müəllim üçün lazım olan peşəkar bacarıqların özümdə formalaşdığını gördüm, empatiya hissi, humanistlik, səbir, təmkin, öyrətmə və öyrənmə həvəsim olduğuna görə, yenidən ixtisas seçimi olarsa, yenə müəllimlik peşəsini seçərdim. Şagirdlərimə daim vətənpərvərlik hissi, mədəni keyfiyyətlər aşılamağa çalışıram.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w


06.05.2022

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur
.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.

AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

15.10.2026

badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun