Profil

Axtarış

Müəllimlərin tanıdılması

badge-icon
Gənc Müəllim Danışır - Şahin Mustafayev
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Şahin Mustafayevdir.

Mən - Mustafayev Şahin Samir oğlu 2010-cu ildə Yevlax rayon Xanabad kənd tam orta məktəbini bitirmişəm. Həmin ili yüksək balla AMİ Mingəçevir filialına Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olmuşam.
Təhsil aldığım müddətdə  olimpiada uğurlarım, tələbələr arasında keçirilən şahmat yarışlarında uğurlarım var. Pedaqoji fəaliyyət göstərdiyim müddətdə isə onlarla şagirdim ali məktəbə   qəbul olub.

Riyaziyyat fənni əyanliyi sevir. İlk öncə, müəllim şagirdə özünü sevdirməlidir. Əgər şagird kor-koranə düstur əzbərləyirsə, bu fənnə marağı ölər. Ən azından düşünməlidir ki,  bu fənn real həyatda ona nə üçün lazım ola bilər. Dərs metodu hər sinfə görə dəyişir. Riyazi təfəkkürü güclü olan şagird mövzunu asan başa düşür. Digər hallarda isə fərdi yanaşmaq və ya cütlərlə iş daha yaxşı effekt verir.

Şagirdlərimdən birinin hiss edirdim ki, məndən xoşu gəlmir. Bir az tələbkar olduğum və şagird dərsə dəfələrə hazır gəlmədiyi üçun  tədbirlər görürdüm. Şagird, yəqin ki, məndən qisas almaq qərarına gəlmişdi. Mən sinfə daxil olmazdan qabaq müəllim stolunun altına süni ilan qoymuşdular. Adi ilandan heç nə ilə fərqlənmirdi. Mən stoluma əyləşərkən ilanı stolun altında gördüm və heç tərəddüd etmədən əlimə götürüb sağına, soluna baxdım və bu kimin oyuncaqıdırsa, bura düşüb deyərək stolun üstunə qoydum. Hər şey mənə aydın idi  və mən dərsdən sora həmin şagirdi otağa çağırdım. Bunu nə üçun etdiyini soruşdum. Şagird xahiş etdi ki, bu haqda valdeyninə və sinif rəhbərinə məlumat verməyim. O gündən dostlaşdıq və hər şey qaydasına düşdü.

Bir şagird oxumaq istəsə də onda alınmırdı. Riyaziyyatı anlıya bilmirdi. Amma oxumağa çox həvəsli idi. Hansı istiqamətə yönələcəyini bilmirdi. Bir gün triqonometriya mövzusuna aid təkrar dərs idi. Hər kəsdən stolun üstünə yalnız ağ bir kağız qoymağını xahiş etdim və yadda qalan düsturları ora yazmağını istədim. Yekunda hər kəsin kağızına baxarkən həmin şagirdin də kağızına baxdım. Hər bir düstur nöqsansız və səhvsiz idi. Mən köçürdü deyə şübhələndim. Ona görə lövhədə də yazmağını istədim. Kağızı olduğu kimi sanki lövhəyə yazdı. Və artıq həmin şagirdin  hər şeyi səhvsiz yadda saxlama qabiliyyətini aşkar etdim. Sonra məlum oldu ki, bu şagird Nəsiminin, Füzulinin çətin qəzəllərini belə səhvsiz əzbərliyə bilir. Hətta 2 səhifəlik şeiri belə çaşmadan əzbərliyə bilir. Hal-hazırda şükürlər olsun ki, tələbədir. 

Kənddə ilk pedaqoji fəaliyyətim zamanı  şəraitsizlikdən əziyyət çəkirdik. Demək olar ki, kənddə heç bir şərait yox idi. Qaz yox, su yox, telefon xətti yox, internet yox. Amma bunların hər birini unutduran məsum üzlü saf və qəlbləri təmiz şagirdlər var idi. Məktəbin də şəraiti ürəkaçan deyildi. Şəxsi işlərlə bağlı yerdəyişmə etməli oldum. Bu dəfə məcburi köçkün məktəbinə. Burada da mənzərə və mühit başqa cür idi. Qayğıya ehtiyacı olan şagirdlər çox idi.

Düşünürəm ki, biz sinif otağına girərkən tək tədris etdiyimiz fənni deyil, həm də həyatın reallıqlarını şagirdə başa salmalıyıq, onların hər birini müstəqil həyata hazırlamalıyıq. 
Kənd yerlərində təhsil alan şagirdlər düşünürəm ki, müəllimlərinə daha çox bağlı olurlar. Belə deyim bir çox hallarda valdeynin sözünü eşitməyən şagird müəlliminin sözünü eşidir. Saflıq, məsumluq... Elə kənd məktəbləri də var ki, təhsil baxımından şəhərdən heç də geridə qalmır. 2010-cu ildə bizim kənd məktəbində bizim sinifdən 10 nəfərə yaxın şagird ali məktəbə qəbul olmuşdur.

Hərdən düşünürsən ki, hansı işi görsəm  cəmiyyətə daha faydalı olaram? Təbii ki, müəllimlik... Bir insanın gələcək həyatını qurmağına nəsə bir köməkliyin dəyirsə, bundan gözəl nə ola bilər ki? Müəllimlik çox məsuliyyətli bir peşədir... Bu zaman belə bir deyim yada düşür: "Həkimin səhvi torpağın altına gömülər, mühəndisin səhvi torpağın üstünə yıxılar, müəllimin səhvi isə yer üzərində gəzər və yer üzünü xarabalığa çevirər".

Hansı peşə sahibi oluruqsa olaq işimizə vicdanla yanaşmalı və ləyaqətimizi, şərəfimizi və insanlığımızı itirməməliyik. Belə olan halda həyat daha gözəl olar...

18.02.2022

badge-icon
Gənc Müəllim Danışır - Çimnaz Abdullayeva
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Çimnaz Abdullayevadır.

Mən - Abdullayeva Çimnaz Yusif qızı Ağdam rayon Mahrızlı kəndində anadan olmuşam.
2009-cu ildən Ağdam rayon Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə İnformatika müəllimi təyin olunmuşam.

Fəaliyyət müddətimdə bir çox təlimlərdə, elmi konfranslarda, seminarlarda, tədbirlərdə, fəal iştirak etmiş və sertifikatlara layiq görülmüşəm.
Müəllim cəmiyyətin əsas dayağı hesab olunur. Çünki cəmiyyətin bütün ixtisas sahiblərininin memarı məhz müəllimlərdir. Buna görə də biz müəllimlər daim dayanmadan öz üzərimizdə çalışmalı, XXI əsrin əsas bacarığı hesab edilən İKT və dil biliklərimizi təkmilləşdirməli və bütün bu bacarıqları isə öz şagirdlərimizə ötürməliyik. Ona görə ki onlar gələcəkdə vətənimiz üçün dəyərli vətəndaş olmaqla yanaşı cəmiyyət üçün də dəyərli kadr olsunlar. 

Daha maraqlı və fərqli dərs qurmaq üçün bütün iştirak etdiyim təlim və tədbirlərdə əldə etdiyim bilik və təcrübələrimi dərs prosesində tətbiq etməyə çalışıram. Dərslərimdə, əsasən, müzakirə, beyin həmləsi, rollu oyunlar və klaster kimi üsullardan istifadə edirəm. 

Mən müəllim kimi öz peşəmi çox sevirəm. Çünki öyrətməyi və öyrənməyi çox sevirəm. Baxmayaraq ki çalışdığım məktəbdə İKT ilə bağlı problemlər var,  ancaq öz kompüterimlə dərslərimi maraqlı qurmağa çalışıram. 
Maraqlı dərslərim çox olub, ancaq mənim üçün ən yaddaqalan və maraqlı dərs 2018-ci il yanvarın 10-da 10-cu sinifdə keçdiyim dərs idi. Çünki məktəbimizin intenet problemi vardı. Şagirdlər təqdimat hazırlayarkən çətinlik çəkirdilər. İnternet problemini öz hesabıma həll etdikdən sonra həmin şagirdlər 20 Yanvar faciəsinə aid maraqlı təqdimat hazırladılar. Bu  onların sevincinə səbəb oldu. Ona görə bu dərs mənim üçün ən yaddaqalan dərs oldu.
Şagirdlərimin dərsdə əldə etdiyi bilik və təcrübə əsasında onların hansı sahələrə marağının olduğunu müşahidə edərək onların istedadlarını kəşf edirəm. Ümumiyyətlə, istedadlı şagirdlərim çox olub, onlardan hal-hazırda 4 nəfəri ilə eyni universitetdə - BDU- da təhsil alırıq. Bu da müəllim kimi mənim üçün böyük bir fəxrdir. 

İşlədiyim məktəbdə ən böyük çətinlik İKT avadanlığı ilə təchizatın zəif olmasıdır. Məktəbimizdə çox istedadlı şagird və müəllimlərimiz var ki, onlarda İKT bacarıqlarını formalaşdırmaq, veb 2 alətləri ilə işləmə bacarığını artırmaq lazımdır. Müəllimlərin öz dərslərində bu yenilikləri tətbiq etmək üçün İKT təlimlərinə çox böyük ehtiyac var. 2-ci ən böyük problem isə şagird və müəllimlərin kifayət qədər layihələrə cəlb edilməməsidir. Çox istedadlı şagirdlərimiz var ki, onlar layihələrdən kənarda qalırlar. Bir müəllim kimi çalışıram ki, belə layihələri öz məktəbimizdə keçirilməsində vasitəçi olum. 

Mənim fikrimcə, kənd və şəhər məktəbliləri arasında başlıca fərq məktəbin maddi-texniki bazası ilə bağlıdır. Çünki interaktiv dərslərin təşkili üçün istifadə edilən elektron lövhə, proyektor kimi avadanlıqların üstünlüyü şəhər uşaqlarının dərsi daha yaxşı qavramasına səbəb ola bilər. Şəhər və kənd məktəbləri arasındakı fərqi aradan qaldırmaq üçün siniflərarası, məktəblərarası, rayonlararası kahoot proqramı ilə öyrədici yarışlar təşkil edilməli və bu fərqlər minimuma endirilməlidir. Digər əsas fərq isə şəhər məktəblilərinin daha çox layihə və təlimlərə cəlb edilməsidir. 

Müəllim olmaq üçün bir neçə səbəb var. Çünki  müəllim şagirdlərin gələcək həyat yolunu işıqlandıran Günəşə bənzəyir. Günəşin şüaları nə qədər parlaq olsa, yəni müəllimin biliyi nə qədər çox olsa, şagirlər də bu yolu inamla addımlayacaqlar. Çünki məhz cəmiyyətdəki digər ixtisas sahibləri  müəllimlərin şah əsəri hesab olunur.

 Şagirdlərlə  işləmək çox maraqlıdır. Asan və çətin olmasından asılı olmayaraq sualın cavabın taparkən onların üzündə yaranan balaca bir təbəssüm, gözlərindəki sevinc dünyadakı hər şeyə dəyər. Müəllim olmaq  istəyən abituriyentlərə isə tövsiyəm budur ki, hansı fənnin müəllimi olmağından asılı olmayaraq, ilk öncə, müəllim vətənpərvər olmalıdır. Müəllim nə qədər savadlı, bacarıqlı, əlavə olaraq ikt və dil biliyinə malik olsa, dərs dediyi şagirdləri hərtərəfli inkişaf etdirəcək, onlara təkcə bilik deyil, eyni zamanda gələcəkdə uğurlu karyera seçimində də onların həyatında mühüm rol oynayacaq, o cümlədən vətənpərvər  bir vətəndaş kimi formalaşmasına kömək edəcəkdir.

11.02.2022

badge-icon
Gənc Müəllim Danışır - Təbriz Cavadzadə
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Təbriz Cavadzadədir.

Mən - Qazi Təbriz Cavadzadə ADPU-nun Tarix və Cografiya müəllimliyi ixtisasını bitirmiş, daha sonra isə GDU-da CTM üzrə magistratura təhsili almışam. 2019-cu ildə MİQ müsabiqəsi ilə Qusar rayonu Cibir kəndində coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə baslamışam. 2020-ci il 29 sentyabr tarixində Vətən müharibəsinə könüllü şəkildə qatılmışam. Kəlbəcərin, Xocavəndin, Şuşanın, Laçın dəhlizinin düşməndən azad edilməsi əməliyyatlarında iştirak etmişəm.Cənab prezidentin sərəncamı ilə "Şuşanın azad edilməsi " medalı ilə təltif edilmişəm. Dövlətimizin qazilərə göstərdiyi diqqətin nəticəsidir ki, döyüş meydanında aldığım xəsarəti nəzərə alaraq daimi yaşayış yerim olan Qax rayonunun Əmircan kəndinə tarix müəllimi təyin edilmişəm. Eyni zamanda, Qax şəhər 5 saylı tam orta məktəbdə "Peşə Təmayüllü Siniflər " layihəsinin rəhbəri kimi calışıram.

Dərslərdə şagirdlərimi yeni təlim üsullarına uyğun şəkildə cütlərə, qruplara bölərək problemi həll etməyə, həm də əməkdaşlıq etmək yönündə işlər aparıram.

Ən maraqlı dərslərim müharibədən sonrakı dərslərimdir. Şagirdlərim müxtəlif suallar verir və mən qürurla onlara cavab verirəm.

Müxtəlif məktəblərdə müxtəlif istedadlı şagirdlərim olub. Onlardan rəssam, idmançı, musiqiçi olanlar olub. Hətta bir şagirdim bütün dünya ölkələrinin paytaxt şəhərlərini əzbər bilirdi.

Dərs dediyim kənd məktəbi modul tipli yeni qurulmuş məktəbdir, amma ağıllı lövhə, proyektor və sair kimi texniki problemləri vardır. Ümidvarıq ki, həmin problemlər gələn tədris ilində bizimlə olmaz.

Kənd məktəbindəki şagirdlərimlə fəxr edirəm. Ona görə ki onlar çox tərbiyəli və məsuliyyətli şagirdlərdir. Böyük şəhərlərdəki şagirdlərdən saflığına görə seçilirlər.

"Mən yer üzündə müəllim adından böyük ad tanımıram" Bu sözlər ümummilli lider Heydər Əliyevə məxsusdur. Mən də öz növbəmdə müəllimlik peşəsini sevərək oxumuşam və nə yaxşı ki müəlliməm!

04.02.2022

badge-icon
Gənc Müəllim Danış - Neymət Rüstəmli.
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Neymət Rüstəmlidir.

Mən - Rüstəmli Neymət Qəzənfər oğlu (Nemət Tahir) 2011-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək Ağdam rayon 91 saylı köçkün tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundum. 2016-cı ildə yerdəyişmə imtahanı verərək I Sarıcalı kənd tam orta məktəbində işləmək hüququ qazandım. 
Bu illər ərzində təhsil sahəsində böyük uğurlar əldə etmişəm, şagirdlərim buraxılış və qəbul imtahanında tədris etdiyim fəndən yüksək nəticə qazanıblar. Hətta 2018-ci ildə şagirdlərim Abdullayev Elşən və İsmayılova Gülgün Respublika Fənn Olimpiadasının bütün mərhələrini keçərək Olimpiada qalibi olmuşdur.

2019-cu ildə Direktorların İşə Qəbul imtahanının bütün mərhələlərindən uğurla keçərək Ağdam rayon 91 nömrəli tam orta məktəbə direktor təyin olunmuşam.
Son illər yerli və xarici mətbuatda şeir və hekayələrim çap olunur.

Dərslərdə daha çox əyaniliyə üstünlük verirəm. Bu da şagirdlərin dərsləri daha aydın və yaddaqalan anlamasına səbəb olur. Müxtəlif yarışmalar, oyunlar keçiririk. Bu zaman çütlərlə iş, qruplarla iş, fərdi üsullardan istifadə edirik. Qaliblərə hədiyyələr alırıq. Ən çox şagirdlərin sevdiyi dərs üsulumuz bir-birinin tapşırığını yoxlamaqdır.
2012-2013-cü illər olardı. VIII sinifdə dərsdə idim. Lövhədə dərs izah edirdim. Çox çalışqan, həm də dəcəl bir şagirdim parta yoldaşı ilə söhbət edirdi. Bir neçə dəfə xəbardarlıq etsəm də, sakitləşmədi. Əsəbləşib ona yaxınlaşdım, dedim ki, sənin 15 yaşın var, sənin vaxtında Şah İsmayıl dövlət qururdu. Ancaq sən dərs pozursan, otur aşağı - deyib dönüb gedəndə eşitdim ki, yoldaşına deyir ki, görəsən,müəllim özü 15 yaşında nə edirmiş? 
Bununla da bir şagird müəlliminə dərs verdi.

Ən çox şagirdlərlə yaxınlıq edərək, ünsiyyət quraraq onların meyil və maraqlarını öyrənə bilərik. Bunun vasitəsiylə onlarla şagirdimin müxtəlif istedadını üzə çıxarmağı bacarmışam.
Dərslərinə o qədər də maraq göstərməyən IX siniflərimiz olub. Məktəblilər arasında voleybol turniri keçirilirdi. Həmin IX siniflərin hesabına məktəbimizin komandası əvvəlcə rayon birincisi oldu, sonra isə region birincisi olduq. Bakıya final mərhələsinə vəsiqə qazandıq. Bu möhtəşəm bir hadisə idi. 30 ildir ki, rayonda belə hadisə olmamışdı.

1993-cü ildə Mingəçevirdə yaşamışıq. Kəndə təzə gələndə uyğunlaşma ilə bağlı çətinliyim olub. Yavaş-yavaş öyrəşmişik. Ən çox çətinliyimiz qız uşaqlarının təhsildən yayındırılması idi. Bu ildə onlarla qız uşağını təhsilə cəlb etmişəm. Bu yolda çox çətinliyimiz olub. Çox şükür ki, artıq insanların etimadın qazana bilmişəm.
Kənddə təhsil alan şagirdlərin üstün cəhətləri odur ki, beyinləri şəhər uşaqlarının beynindən təmizdir. Bu həm qidalanma, həm hava, həm də texnologiyanın azlığı ilə bağlıdır. Ancaq oyun salonlarının, parkların, atraksionların olmaması çox pisdir.

Mənim müəllim olmağımın səbəbkarı Azərbaycan dili və ədəbiyyat müəllimimiz Tahir müəllim idi. (Allah rəhmət eləsin) Savadı, insanlığı, müəllimliyi ilə hər kəsə nümunə olacaq insan idi. Onun yolunu davam etdirmək üçün qəbul imtahanında yüksək bal yığsam da, seçimdə 15 yerin hamısını müəllimlik seçmişdim.

Abituriyentlərə onu deyə bilərəm ki, həmişə arzularının ardınca getsinlər. Heç kəsin rəyinə fikir verməsinlər. Çünki hansı sənəti sevərək seçsələr, o sənət onları həmişə ucaldacaqdır.

28.01.2022

badge-icon
Gənc Müəllim Danışır - Pərvin Həsənova.
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Pərvin Həsənovadır.

Mən - Həsənova Pərvin Hacızadə qızı Sumqayıt şəhərində anadan olmuşam.1994-2005-ci illərdə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə təhsil almışam. Təhsil aldığım illərdə daim fərqlənmiş, müəllimlərimin etimadını qazanmağa çalışmışam. 

2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına “İbtidai təhsilin pedaqogikası və metodikası”fakültəsinə daxil olmuşam. 
2017-2018-ci illərdə MİQ imtahanlarında uğurla iştirak edərək Bakı şəhəri 98 və 93 saylı məktəblərdə müddətli əsaslarla işləmişəm. 2018-ci ildə yenidən MİQ imtahanlarında iştirak edərək yüksək nəticə ilə Bakı şəhəri A.Rəhimov adına 247 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətimə başlamışam. Artıq 4 ildir bu məktəbdə çalışıram, hal-hazırda 4b və məktəbə hazırlıq şagirdlərinə dərs keçirəm, onları çox sevirəm.

Pedaqoqluq dövrümdə “Öyrənmənin Qiymətləndirilməsi” Beynəlxalq Təlim Konfransında, ”Təhsildə Yeni Gözləntilər üzrə Beynəlxalq Onlayn Forum”da, "İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu”nda iştirak etmişəm.

Həmçinin "İbtidai Siniflərdə Maliyyə Savadlılığı”, “İnkluziv “ təlim, "İKT bacarıqları”, ”Müasir Qiymətləndirmə", "Dərslərdə İnteraktivlik” və s. kimi təlimlərdə iştirak etmiş, müxtəlif sertifikatlar əldə etmişəm
Mən dərslərimi müxtəlif təlim üsullarından istifadə edərək qururam. Şagirdlərimin daim maraq dairəsini nəzərə alıram. Rollu oyunlar, müxtəlif rəqslər, mahnılar, rəsm çəkmək, hər cür əl işlərinin hazırlanması dərslərimin bir hissəsidir. Açıq havada şagirdlərlə müxtəlif oyunlar keçirmək, əyani vəsaitləri dərslərdə tətbiq etmək, oxuyub-anlama mətnləri üzrə müxtəlif maraqlı tapşırıqlar yerinə yetirmək tətbiq etdiyim bacarıqlardandır. 

Araşdırma, müzakirə, mübadilə, təqdimat dərslərimizi maraqlı edir. Maraqlı dərslərimizdən biri  "Pullarımız" mövzusu üzrə qurduğum dərs olub. Dərs zamanı şagirdlər satışa müxtəlif əşyalar qoyub, alış-veriş səhnələrini çox gözəl yerinə yetirmiş, pullardan düzgün istifadəni mənimsəmişlər.
Müxtəlif üsul və yanaşmalardan istifadə edərək şagirdlərin istedadlarını üzə çıxara bilirəm 
Bakı və ya kənd olmasından asılı olmayaraq hər bir təhsilverən işini düzgün qurmalı, şagirdlərin öz  təhsil mühitində xoşbəxt olmalarını təmin etməlidir. Bakıda daha çox müasir qurğulardan istifadə olunması, internet sürətinin yüksək olması kimi amillər kənd mühitindən seçilsə də, hər bir işini düzgün quran pedaqoq şagirdlərin istedadını üzə çıxarmağı bacarır.

Müəllim olmaq istəyən abituriyentlərə tövsiyə edərdim ki, daim öz gücünüzə inanın, mübarizə aparın. Unutmayın ki, hər bir mübarizənin sonunda bir qalibiyyət var.

Müəllimlik ən şərəfli peşədir. Mən peşəmi və şagirdlərimi çox sevirəm. Əminəm ki, onlar da məni çox  sevir. Müəllim gələcəyi qurur, möhkəm təməllər atır. Gələcək bizim atdığımız bu təməllərdən çox asılıdır. Çalışaq atılan təməllər güclü olsun ki, gələcək əmin əllərdə olsun.

21.01.2022

badge-icon
Gənc Müəllim Danışır - Şəbnəm Məmmədova
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Şəbnəm Məmmədovadır.

Mən - Məmmədova Şəbnəm Səttar qızı 2010-cu ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuşam. 2014-cü ildə universiteti bitirmiş və həmin il də Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Ağcabədi rayon Ağabəyli kənd ümumi orta məktəbinə fizika müəllimi olaraq işə qəbul olmuşam. İlk pedaqoji fəaliyyətə 2014-cü ilin sentyabr ayında başlamışam. 2017-ci ildə Müəllimlərin Diaqnostika imtahanında da iştirak edərək Ağcabədi şəhər 3 saylı məktəb-liseyə fizika müəllimi olaraq yerdəyişmə etmişəm. 

Fəaliyyət müddətimdə bir çox ixtisasartırma təlimlərində, seminarlarda, tədbirlərdə aktiv iştirak etmişəm. Kurikulum, İKT, uşaq psixologiyasının əsasları üzrə təlimlərdə, ADSAYO( Azerbaijan Democratic Student and Youth Organization) tərəfindən keçirilən yerli və beynəlxalq tədbir və konfranslarda iştirak edərək sertifikat əldə etmişəm.

2020-ci ildə STEAM Azərbaycan layihəsinin təlimini uğurla bitirib Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən sertifikatla təltif olunmuşam və təhsil naziri Emin Əmrullayevin əmri əsasında hal –hazırda çalışdığım məktəb-liseydə ixtisasımla yanaşı STEAM təhsil metodunu da tədris edirəm. Və ən əsası bu təlim və tədbirlərdə öyrəndiklərimi  tədris prosesində tətbiq etməyə çalışıram ki, daha fərqli, maraqlı dərslər qura biləm.
Müəllim cəmiyyətin ən aparıcı qüvvəsidir, ona görə də düşünürəm ki, müəllim özünü daim inkişaf etdirməli, öz üzərində işləməli və vicdanlı insana xas xarakterlərə sahib olmalıdır ki, gələcəyimiz üçün savadlı, vicdanlı, vətənpərvər, cəmiyyətə fayda verən nəsillər yetişdirə bilsin. Müəllim elm, bilik qapısını insanların üzünə açan bir varlıqdır. Müəllimlik elə bir peşədir ki, bu peşəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi, savadı ilə cəmiyyətin inkişafına töhfə verir. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur.
Mən müəllim kimi fəaliyyət göstərdiyim ilk gündən bu günəcən peşəmi çox sevmişəm və çalışmışam ki, həmişə dərslərimi maraqlı və əyləncəli kurikulumla interaktiv quram. Düzdür, işlədiyim məktəblərdə interaktiv dərs qurmaq üçün elektron resurslar azlıq təşkil etsə də yənə də bacardığım qədər dərsləri maraqlı etmişəm.

Ümumiyyətlə, düşünürəm ki, kənd və şəhər məktəblərinin arasında ən böyük fərq maddi-texniki bazanın çatışmazlığı və ya azlıq təşkil etməsidir. Proyektor, elekton lövhənin azlığı müəyyən qədər çətinliklər yaradır. Uşaqların dərsə marağını artırmaq üçün interaktiv siniflərarası və sinifdaxili yarışlar mütəmadi olaraq keçirirəm. Bunun üçün bəzi web 2.0 alətlərindən -kahoot.it, learningApps.org və sair istifadə edirəm. Düşünürəm ki, belə yarışlar onların bilik və bacarıqlarını ümumiləşdirməklə yanaşı, həm də sinif otağımızda dinamik interaktiv bir təlim mühiti yaradır və eyni zamanda onların dünyagörüşlərini də artırmış olur. 

Açıq dərslərə həmişə üstünlük vermişəm və belə dərslər də qurmuşam. Əyləncəli kurikulumla keçirdiyim dərslərimin birində dərsimizin adi  “Cərəyan Şiddəti” idi. Biz dərsin mahiyyətinə yönələn suallar əsasında hazırlanmış krossvord həll etməklə şagirdlərimlə birgə dərsin adını tapdıq.Praktik dərslərimdə şagirdlərimin müşahidə aparmaları üçün şərait yaradıram. Ümumiyyətlə, şagirdlər hər hansısa bir fəndən əldə etdiyi nəzəri biliklər vasitəsiylə gələcəkdə seçəcəyi qrup imtahanlarında uğur əldə edə bilər. Ancaq bununla yanaşı şagirdlərdə müəyyən bacarıqlar da formalaşmalıdır ki, şagirdlər yalnız birtərəfli inkişaf etməsin. Yəni təkcə nəzəri biliklər onlara cəmiyyət arasında yer tutmağa kömək etməyəcək, şagirdlərdə mühakiməetmə, özünüifadəetmə və s. bacarıqlar da formalaşmalıdır. 

Müəllim əməyini bəzən bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi müəllim də öz yetişdirmələrinin xoş səs-sorağını eşidəndə ürəyi sevincdən dağa dönür. İşlədiyim ilk gündən bu günəcən şagirdlərimin uğurlarının bol olması üçün əlimdən gələni əsirgəməmişəm. Şükürlər olsun ki, bu gün yüksək nəticələrlə ali məktəblərə qəbul olan şagirdlərim - müəllimlik, həkimlik, mühəndislik və s. peşələrə sahiblənənlər var və onlarla qürur duyuram. Şagirdlərimin bu  uğurları mənə güc verir və daha şövqlə işləməyə ruhlandırır. 

Fizika fənnindən başqa 2020-ci ilin sentyabr ayından çalışdığım 3 saylı məktəb-liseydə STEAM təhsil metodunu da tədris edirəm. Dərslər zamanı şagirdlərim innovativ texnologiyalar - 3D printer, aerokosmik mühəndislik - dronlar, microbit, robot texnikalarla, CNC lazer kəsiciləriylə tanış edirəm, istifadə etmələri üçün imkan yaradıram və müxtəlif proqramlaşdırma dillərini öyrədirəm ki, bu da onlarda yeni təfəkkür forması yaradır. Dərslərdə şagirdlərim bütün sinif olaraq aktiv iştirak edir və bunun nəticəsidir ki, 9-10 dekabr 2021-ci il tarixində Təhsil Nazirliyinin və STEAM Azərbaycanın təşkilatçılığı ilə Bakı Ekspo mərkəzində keçirilən SAF-STEAM Azərbaycan Festivalına qatılmaq üçün şagirdlərimlə birgə layihə hazırladıq, microbit kateqoriyası üzrə qeydiyyat etdik və festivala vəsiqə qazanan komandalardan olduq.Şagirdlərim seçilən komandaların içində olduqları üçün çox sevinirdilər, həm rayonumuzu, həm də məktəbimizi təmsil etdilər. Bu festivalda iştirakları onların həm yaddaşında inanılmaz izlər qoydu, dünyagörüşlərini artırdı, həm özləri böyük bir təcrübə qazandılar, həm də sinif yoldaşlarına öz təcrübələrindən danışdılar.

Hər kəsin taleyində müəllimin yeri var .Bu, həqiqətən də, belədir. Kim onun əlindən tutub yazı yazmağı öyrədən, vətənə, torpağa sevgini aşılayan, sahib olduğu peşənin dərinliklərini öyrədən müəllimini xatırlamır ki? Mən bu gün bu peşəyə yiyələnməyimdə əməyi olan bütün müəllimlərimin qarşısında baş əyirəm, onlara sonsuz təşəkkürümü bildirirəm. Xüsusən, fizika müəllimi olmağımın səbəbkarı isə öz anam olmuşdur. Anam fizika müəlliməsi olduğu üçün kiçik yaşlardan fizika fənninə çox böyük marağım olub. Müəllimlik peşəsini seçərkən fizika ixtisasını seçdim. Həmişə istəyirdim ki, mən də onun kimi müəllim olum, məni də şagirdlərim çox sevsin. Bu gün müəllim olduğum üçün, şagirdlərimin sevgisini qazandığım üçün qürur hissi keçirirəm. Və müəllim olmaq istəyən abituriyentlərə tövsiyə edirəm ki, ilk öncə, peşənizi sevin, dərindən öyrənin, eyni zamanda şagirdlərin qarşısında deyil, yanında ola bilən, onlara sevgiylə, qayğıyla yanaşan bir müəllim olun. Əgər şagirdləriniz sizi sevəcəksə, inanın sizin dərsinizi də sevəcək, tədris etdiyiniz fənni dərindən oxuyacaqlar.

07.01.2022

badge-icon
Gənc Müəllim Danışır - Qönçə Ağazadə
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Qönçə Ağazadədir.

Mən - Ağazadə Qönçə Rafiq qızı 22 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşam.1998-ci ildə İsmayıllı rayon E.Məmmədov adına şəhər 3 saylı tam orta məktəbin I sinfinə getmiş, 2009-cu ildə İsmayıllı rayon 5 saylı tam orta məktəbi bitirib elə həmin il ADPU-nun Pedaqoji fakültəsinin ibtidai sinif müəllifliyi ixtisasına qəbul olunmuşam. 2014-cü ildə universiteti bitirib İsmayıllı rayon H.Əliyev Mərkəzində işə başlamışam. 

Həmçinin rayonda yerləşən hazırlıq kursunda ibtidai sinif müəllimi kimi çalışmışam. 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək M.Piriyev adına Tircan kənd tam orta məktəbinə ixtisasım üzrə qəbul olunmuşam. 

İxtisasım üzrə bir sıra təlimlərdə iştirak etmişəm (İKT bacarıqları üzrə, Məktəbəqədər hazırlıq, yeni dərsliklərlə iş, Qrand layihə və s.).
Müəllim hər zaman öz üzərində işləməli,özünü inkişaf etdirməlidir. Zamanın tələbinə uyğun olaraq, şagirdləri təəccübləndirmək çətindir, təbii ki, müasir standartlara uyğun, kurikulum metodlarından istifadə edərək dərsləri daha maraqlı keçməyə çalışıram. Mütəmadi olaraq, şagirdlər arasında yarışlar keçirir, həvəsləndirmək üçün qalib gələn şagirdləri təltif edir, zəif çalışan şagirdlərlə fərdi söhbətlər aparır, interaktiv metodlardan istifadə edirəm.
Çalışıram ki, keçdiyim hər bir dərs maraqlı və inkişafetdirici olsun, şagirdlərimin yaddaşında qalsın. İlklər hər zaman yaddaqalan olur. İlk dərs və müəllimlik fəaliyyətinin ilk günü, təbii ki, heç zaman unudulmur. 

İstedadlı  şagirdləri üzə çıxarmaq, onları tanıtmaq müəllimlərin ən ümdə olan vəzifəsidir. Çünki müəllim əziyyətinin bəhrəsini gördükdə sevinir, ruhən cavanlaşır, öyrənmək eşqi ilə alışıb yanır. Hal-hazırda 6-cı sinifdə oxuyan şagirdim Fikrət 3 il bundan qabaq Texnologiya dərsində tullantı məhsullarından təyyarə düzəltmişdi. Təyyarə pultla idarə olunur, müəyyən hündürlüyə qalxa bilirdi. 

Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün rəsm, şeir, bədii qiraət üzrə müsabiqələr keçirir, daha bacarıqlı şagirdlərin rayonda keçirilən müsabiqələrə iştirakını təmin etməyə çalışıram.
Dərs dediyim kənd rayondan 20 km uzaqlıqda yerləşir. Hər gün səhər tezdən rayon mərkəzindən kəndə müəllim yoldaşlarım ilə birgə yola düşürəm. 

Desəm ki,hər şey qaydasındadır inanılası olmaz. İş varsa, orada problem də var, çatışmazlıq da. Kənddə kiçikyaşlı uşaqlar üçün bağçanın olmaması, məktəbdə idman zalının olmaması bizim üçün, təbii ki, çətinliklər törədir. Müəllim olaraq çalışıram ki, bu boşluğu aradan qaldırım. Uşaqları rayon mərkəzində yerləşən muzeylərə aparmışam. Uşaqlarla film günləri edib filmə baxırıq. Ən azından bacardığım qədər uşaqlarla daha çox vaxt keçirirəm.

Bakıda təhsil alan şagirdlərlə kənddə təhsil alan şagirdlər arasında oxşarlıqlar olsa da fərqliliklər daha çoxdur. Çünki şəhərdə təhsil alan şagirdlər dərsə daha hazırlıqlı gəlir, istər yazıb-oxumaq tərəfdən, istərsə də dünyagörüş tərəfdən.

Şagirdlər kiçik yaşlarından kurslara, dərnəklərə gedir, əlavə məşğuliyyətlərlə məşğul olurlar. Kənd uşaqları isə məktəbə bəzən ən sadə şeyləri belə bilmədən gəlir. Kənddə işləyən müəllim daha səylə çalışmalı, daha çox işləməlidir. Zamanın tələbinə uyğun şagirdlər hazırlamalıdır.

Niyə məhz müəllim? Sual o qədər gözəldir ki... Öyrədən olmaq, kiminsə həyatına təsir etmək, hər kəsin həyatında müəyyən iz buraxmaq, ən əsası həm öyrənən, həm də öyrədən olmaq...

MÜƏLLİM GÖZƏLDƏN GÖZƏLDİR BU SÖZ,
KÖRPƏ KÖNÜLLƏRDƏ MƏŞƏL YANDIRAN...

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

14.01.2022

badge-icon
Gənc Müəllim Danışır-Nəcibə Uğurliyeva
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Nəcibə Uğurliyevadır.
Mən  Uğurliyeva Nəcibə Mirssalı qızı 1989-ci il avqust ayının 21-də İmişli rayonu  Otuziki kəndində anadan olmuşam. 1995-ci ildə İmişli rayon Otuziki kənd tam orta məktəbində təhsil almağa başlamış, 2006-ci ildə həmin məktəbi bitirmişəm. 2008—2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə ali təhsil almışam. 2012-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək Otuziki kənd tam orta məktəbinə işə qəbul olmuşam. 2015-ci ildə yerdəyişmə edərək Qaralar kənd A.Allahverdiyev adına tam orta məktəbində pedaqoji fəaliyyətimə davam etmişəm və hal-hazırda burada çalışıram. Təhsil Nazirliyinin keçirdiyi Diaqnostik Qiymətləndirmədə 55 bal toplayaraq hər zaman yenilikləri öyrənməyə səy göstərirəm. İxtisasımla bağlı bir çox onlayın və əyani təlimlərdə uğurla iştirak etmişəm. Təlimlərdə öyrəndiklərimi müəllimlik fəaliyyətimdə tətbiq etməyə çalşıram.
Yaxşı bir müəllim ola bilmək üçün peşəmizə və ümumiyyətlə, insanlara xas olan bir çox xüsusiyyətlərə sahib olmalı,  malik olduğumuz bu xüsusiyyətləri də hər gün artırmalı və çox üstün  bir şəkildə peşəmizi təmsil etməliyik. Çalışmaq lazımdır ki, dərs şagirdlər üçün maraqlı olsun. Bunun üçün mən çox zaman şagirdlərlə yarış xaraxterli oyunlar keçirirəm. Şagirdlərin belə oyunlarla dərs öyrənməyə xüsusi marağı və sevgisi olur. Mühazirə xarakterli dərslər ibtidai sinif şagirdləri üçün cansıxıcı olur. Uşaqlar özləri fəal iştirak edərək öyrənməyə həmişə üstünlük verir. Mən də buna görə dərslərimi şagirdlərin maraqlarına uyğun formada qurub öyrətməyə çalışıram.
Hər bir dərsimə diqqətlə yanaşıram. Dərslərimi yaddaqalan etməyə çalışıram. Dərs nə qədər maraqlı təşkil olunarsa,  o qədər yaddaqalan olur. Şagirdlər dərs müddətinin bitməsinə sevinmirsə deməli dərs onların ürəyincədir və yaddaqalandır. Mənim üçün ən yaddaqalan dərs ilk dəfə müəllim kimi sinfə daxil olduğum gündür.
Hər bir şagird müəyyən sahə üzrə istedadlıdır. Sadəcə onların istedadını üzə çıxarıb vaxtında istiqamət verəndə yaxşı nəticələr verir. İstedadlı uşaqların müəyyənləşdirilməsi artıq ibtidai sinifdə müşahidə, psixoloji xüsusiyyətləri, danışma, yaddaş, məntiqi təfəkkürün öyrənilməsi əsasında başlanılmalıdır.  İstedadlı və bacarıqlı şagirdlərlə işləmək, onların aşkara çıxarılması və inkişafı məktəb fəaliyyətinin ən vacib aspektlərindən birinə çevrilməlidir. Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri  istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq  imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir.  Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir.    Pedaqoji fəaliyyətim illərində bir çox istedadlı uşaqlarla qarşılaşmışam. Onlardan bəzisi xüsusi idarəçilik qabiliyyəti ilə, bəzisi elmin müxtəlif sahələri üzrə fikirləri, düşüncələri ilə diqqəti cəlb ediblər.
İşlədiyim təhsil müəssisəsində ən böyük çətinliyim maddi-texniki bazasının zəif olması, elektron resursların olmaması ilə bağlı olub. Proyektor, elektron lövhə, internet kimi elektron resurslarının az sayda olması dərslərimi qurmaqda bəzi çətinliklər yaradıb. Amma bunlara baxmayaraq açıq dərsimdə, əlamətdar günlərdə və digər dərslər zamanı elektron resurslardan istifadə etmişəm.  Təklifim bütün məktəblərin sinif sayı qədər imkan daxilində elektron resurslarla təmin edilməsidir. Xüsusən də ibtidai sinif şagirdləri vizual olaraq gördüklərini yaddaşlarında yaxşı saxlayırlar. Buna görə də siniflərin bu resurslarla təmini dərsləri daha maraqlı və yaddaqalan edir.
Kəndə təhsil alan şagirdlərlə şəhərdə təhsil alan şagirdlər arasında bir çox fərq var. Şəhər yerlərində, rayon mərkəzlərində uşaqlar məktəbə, demək olar ki, hazır vəziyyətdə gəlirlər. Bir çoxları dərsdən sonra hazırlığa gedir və yaxud evdə valideyn övladına daha çox zaman ayırır, dərslərində köməklik edir. Bu uşaqların dünyagörüşü geniş, düşünmə, nəticə çıxarma, ətrafda baş verənləri dərketmə qabiliyyəti güclü olur. Ancaq kənd yerlərində belə deyil. Kənddəki uşaqların əksəriyyəti bir çərçivə, bir sərhəd daxilində olur. Onların dünyagörüşü bu sərhədlə məhdudlaşır. Təbii ki, bunu hər kəndə və hər uşağa şamil etmirəm. Eyni zamanda kənddə təhsil alan uşaqların üstün cəhətləri də var. Onlar təbiətlə daim təmasda olur. Şəhər uşaqlarının kitabdan oxuyub öyrəndiklərini onlar canlı təmasla daha yaxşı öyrənmiş olurlar.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.Müəllimlik çətin  peşə olsa da sənətini sevirsənsə, bu çətinlik sənə mane ola bilməz. Şagirdin üzündəki kiçik bir təbəssüm bütün çətinlikləri unutdurur.  Qələm tutmağı, hərfləri yazmağı öyrənməsi təkcə şagirdi deyil, bir o qədər də müəllimi sevindirir. Müəllimlik eyni zamanda səbr tələb edən sahədir. Hər bir şagirdin xarakterinə uyğun davranmaq,onların qayğısını çəkmək asan iş deyil. Gələcəkdə müəllim olmaq istəyən abituriyentlərə, şagirdlərə tövsiyə edirəm ki, bu peşəni seçirsinizsə, peşənizi yaxşı öyrənməklə bərabər uşaqların qəlbinə yol tapmağı da öyrənməlisiniz. Çünki , uşaqlar onları başa düşən, onlara qayğı ilə yanaşan müəllimləri daha çox sevir və həmin dərsi maraqla öyrənir.
Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

24.12.2021

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur
.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.

AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

15.10.2026

badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun