Profil

Axtarış

Müəllimlərin tanıdılması

badge-icon
Bahar Əbülfət - İngilis dili
Əziz izləyicilərimiz,
Sizi yeni rubrikamızla tanış etmək istəyirik!

Bu gündən etibarən hər həftə "Gənc Müəllim Danışır" rubrikamız vasitəsilə ölkəmizdə fəaliyyət göstərən gənc müəllimlərimizin hekayələrini, uğurlarını və təhsilə verdikləri töhfələri sizinlə bölüşəcəyik. 

Yeni rubrikamızın ilk qonağı Yevlax rayonu, Salahlı kənd tam orta məktəbinin ingilis dili müəllimi Bahar Əbülfətdir!
" Öyrənməyin aşiqi olan bir müəllim kimi dövlət və xarici ölkə universitetləri tərəfindən keçirilən bir çox inkişaf proqramlarına müraciət edərək beynəlxalq sertifikatlara layiq görülmüşəm. Mənə görə müəllim bir an belə inkişafdan, öyrənməkdən geri qalmamalı, daim təcrübəsini və dünyagörüşünü artırmalı, şagirdlərə də bu istiqamətdə əvəzsiz nümunə olmalıdır. Təhsil işçisi kimi məhz bunu bir müəllimin başlıca uğuru kimi qiymətləndirirəm.

Əlimdə olan bütün imkanlardan istifadə edərək dərsləri daha maraqlı keçməyə çalışıram. İngilis dili əyləncəli və rəngarəng dərs nümayiş etdirməyə imkan verən bir fənn olduğu üçün mən hər zaman pedaqoji prosesi şagirdlərimin marağına və tələbatına uyğun müsbət enerjili, əyləncəli və ən əsası innovativ metod və üsulları tətbiq edərək təşkil edirəm
Məsələn uşaqlara keçdiyim “How to laugh” (Gülməyi öyrənirik) dərsini nümunə gətirə bilərəm. Dərsin əsas məqsədi şagirdlərin mənəvi dünyalarına xitab etmək, həyata pozitiv yanaşma üsullarını izah etməkdir. 

Uşaqlara fərdi yanaşaraq onların istedadlarını üzə çıxarmağın bir müəllimin yerinə yetirməli olduğu ən başlıca vəzifə olduğunu düşünürəm. Mən də öz növbəmdə bununla bağlı layihələr təşkil edir, şagirdləri müxtəlif fəaliyyətlərə cəlb edirəm. Hər bir şagirdə fərdi yanaşaraq onların vizual, audi-lingual, kinestetik və digər intellektual bacarıqlarını ortaya çıxarmağa çalışıram. Məhz bu bacarıqları müəyyən etməklə şagirdlərimizi düzgün fəaliyyətlərə yönəldə və sahib olduqları istedadı üzə çıxararaq özlərini tapmağa köməklik göstərə bilərik.

Hər birimiz həyata bir missiya ilə gəlirik, nə xoş o insana ki, öz missiyasını dərk edir. Mən də illərlə özümü müşahidə etdiyim zaman məhz müəllimlik sahəsinə inanılmaz həvəsim olduğunu, həmçinin insanları maarifləndirmənin başlıca vəzifəm olduğunu anladım. Düşünürəm ki, iş o zaman missiyaya çevrilir ki, sən hər yerdə, zamanından, məkanından asılı olmayaraq onu təbliğ edəsən. Əsl müəllim də təkcə məktəbdə öz vəzifəsini yerinə yetirmir, həyatın hər anında ona ehtiyac duyanlara istiqamət verməkdən çəkinmir! ". 

17.06.2021

badge-icon
Şəfəq Heydərli - Tarix
1987-ci ildə Ağstafa rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşam. 2009-cu ildə Azərbaycan Universitetinin tarix fakültəsini bitirmiş, elə həmin ildən Qıraq Kəsəmən kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışam. Fərqlənməyi çox sevirəm. Daim yenilik axtarışındayam. Azəbaycan Universitetinin təşkil etdiyi  "Mənim Universitetim" yazı müsabiqəsinin və 2018-ci ildə BP şirkəti və Təhsil Nazirliyinin birgə layihəsi olan "Sağlamlıq" adlı açıq dərsin qalibi olmuşam. "Çağlayan" jurnalında haqqımda məqalə dərc olunub.

 "İctimai fikir" jurnalında və Ağstafa qəzetində pedaqoji məqalələrim çap olunmuşdur. E-twinning beynəlxalq platforması çərçivəsində Türkiyənin Kayseri və Karaman vilayətlərinin 30-a qədər məktəbi ilə Azərbaycan məktəbləri arasında Respublikamızı və rayonumuzu tanıtmaq üçün onlayn görüşlər təşkil etmişəm. Üzvü olduğum "Vətən Millət Sakarya" beynəlxalq layihəsində Avropa və Milli keyfiyyət nişanına layiq görülmüşəm. Milli, beynəlxalq konfrans və vebinarlarda iştirak etmiş, müxtəlif diplom, sertifikatlar, fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunmuşam.

Hazırda 5 yeni beynəlxalq layihəyə qoşulmuşam.Dərslərimi maraqlı etmək üçün hər şagirdə öz maraq dairəsində yanaşıram. Şagirdi yormamaq üçün dərsi haşiyələrlə bəzəyir, rollu oyunlar, hədiyyəli yarışmalar təşkil edirəm. Ən maraqlı dərsim şagirdimin obraza təbii daxil olaraq sərxoş rolunu canlandıran zaman sərxoşlar kimi müvazinətini itirərək çox təbii yerə çırpılması olmuşdur.Şagirdlərdə istedadlarını üzə çıxarmaq üçün onların individual maraqlarına diqqət edirəm. Məsələn, elə şagird var ki, onun gözəl rəsm qabiliyyəti var və mən ona mövzuya uyğun rəsm hazırlanması tapşırığını verirəm. Bununla həm şagirdin istedadını üzə çıxarmış, həm də mövzunu daha rahat mənimsətmiş oluram.Şagirdlərimin arasında xüsusi istedada malikləri olub ki, onlar tarixi abidələrin maketini, xüsusi çəkilmiş tarixi rəsmləri hazırlayıblar.

Məktəbimiz müasir tipli məktəbdir. Amma bəzi əskikliklərin olması bəzən geriliklər yaradır. Məktəblərin promethan lövhələrlə təmin olunması düşünürəm ki, dərslərimizi daha maraqlı, yaddaqalan və faydalı edər.
Şagirdləri kənddə və şəhərdə yaşamaqlarına görə fərqləndirmirəm. Çünki istedad, savad, qabiliyyət yaşayış yerindən asılı deyil. Sadəcə doğru yönləndirmək və vicdanla fənnimizi tədris etməklə şagirdlərdə kənd və şəhərdən asılı olmayaraq müsbət nəticə əldə edərik.

Orta məktəbdə bir müəllimim vardı, onu çox sevirdim. Ona olan sevgim məni də müəllimliyə yönləndirdi. Müəllimlikdə savadla yanaşı dürüstlüyə, vicdana, humanistliyə çox önəm verirəm. Çünki müəllim özündə olan xarakteri özündən də xəbərsiz şagirdlərə aşılayır. Bir müəllim kimi müəllim olmaq istəyən gənclərə tövsiyəm odur ki, biz ilk növbədə insan və vətəndaşıq, bunu düşünərək şagirdlərə ilk əvvəl ədalətli, dürüst, sadiq olmağı öyrətməliyik.

15.10.2021

badge-icon
Zümrüd Abdullayeva - Azərbaycan dili və ədəbiyyat

Müəllimlik peşəsi elə bir sənətdir ki, daim üzərində çalışmalısan. Bu peşəyə yiyələnərkən işimin məsuliyyətini tam anlayırdım. İlk dəfə ucqar dağ kəndində fəaliyyətə başlamışam. Həmin müddətdən üzərimdə çalışıram. Bir çox seminarlarda, vebinarlarda, inkişaf proqramlarında iştirak edərək sertifikatlara layiq görülmüşəm.

Dərslərimi təşkil edərkən dərsin nəzəri və praktik hissəsindən əlavə onu həyatla əlaqələndirirəm. Uşaqların dərsə marağını daha çox artırmaq üçün müxtəlif oyun tipli üsullardan istifadə edirəm. Ədəbiyyat müəllimi olaraq şagirdlərə dərsimizin mövzusu olan yazıçının və ya şairin hər hansı başqa bir əsərini də oxumasını tapşırıram. Gələn dərsimizdə isə bunun müzakirəsini təşkil edirik. Ucqar dağ məktəbində dərs deyərkən isə müxtəlif oyunlar təşkil edirdim. Hər həftə qalib olanlara ehtiyacları olan rəngli karandaş, rəngli kağız, plastilin və s. hədiyyə edirdim.

Müəllimin əsas vəzifələrindən biri şagirdlərə özünəinam hissini aşılamaqdır. Mən bunun üçün şagirdlərimə fərdi yanaşıram. Onların fikirlərinin səhv və ya düz olmağından asılı olmayaraq mənim üçün maraqlı və əhəmiyyətli olduğunu hiss etdirirəm.
Ən yaddaqalan, həm mənim üçün, həm də şagirdlərim üçün unudulmaz dərslərimizdən biri isə 5 - ci sinifdə təşkil etdiyim İsmayıl Şıxlının "Sənə aslanım deyən" hekayəsi olub. Bunu uşaqların daha çox marağına səbəb olan rollu oyun vasitəsi ilə həyata keçirdik.

Hal-hazırda dərs dediyim məktəb lisey- məktəb olduğu üçün burada xüsusi istedadlara malik şagirdlər təhsil alırlar. Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq şagirdlərimin şeir, musiqi, təqdimat bacarıqlarından danışa bilərəm. Hətta şagirdlərimiz bir çox şeir, mahnı və təqdimat müsabiqələrində Respublika üzrə 1-ci yerə layiq görülüblər.
Ucqar dağ kəndində işləyərkən məni ən çox narahat edən məsələ buradakı müəllim çatışmazlığı idi. Müəllim çatışmazlığına görə müxtəlif fənləri qeyri-ixtisas müəllimləri tədris edirdi.Təbii ki, bu da istənilən nəticəni vermirdi. Kənddə təhsil alan şagirdlər daha çox müəllimə ehtiyac duyurlar. Çünki onların bütün fəaliyyəti məktəblə bağlı olur. Əylənə biləcəkləri, müxtəlif fəaliyyətlərlə məşğul olacaqları tək yer məktəbdir.

Müəllimlik peşədən çox həvəs, istedad və qabiliyyətdir. Gələcəkdə bu peşəni seçəcək olan gənclərə isə onu deyə bilərəm ki, içinizdə şagirdlərinizə sevgi mütləq olmalıdır. Bununla üzərinizə düşən vəzifənin yarısını həyata keçirmiş olacaqsınız."

01.10.2021

badge-icon
Arzu Ağayeva - Tarix
2013cü ildə 20 nömrəli məktəb liseyi bitirmişəm, eyni il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olmuşam. Mətbuat mərkəzində rus dili üzrə tərcüməçi-jurnalist olaraq çalışmışam. Digər başqa işlərdə də işlədikdən sonra daha faydalı işlər görmək istədiyimi, eyni zamanda ofis işinin mənə görə olmadığını da deqiq anladım. 2019cü ildə MİQ imtahanında uğur əldə edib, Qusarda işə başlamışam. Eyni zamanda kurikulum təlimçisi olaraq da fəaliyyət göstərirəm. Bu il isə Polşada Marii Curie-Skłodowskiej universitetində beynəlxalq münasibətlər ixtisasına qəbul olmuşam.

Uşaqlara ilk öncə lazım olan sevgidir, heç bir şagirdin ən kiçik belə olsa incinməsinə, özünü digər şagirdlərdən daha az bacarıqlı hiss etməsinə imkan verməməkdir. Bunun davamında isə öyrədiləcək bilgiləri sağlam əlavə bilgilərlə dəstəkləyərək uşaqlarda maraq yaradaraq öyrətməkdir.Hər şagirdə xüsusi görüşüb sonra dərsə başlayırdıq.Hər ay dərslərə daha çox maraq göstərən şagirdlərə dünya ədəbiyyatından kitablar hədiyyə edirdim,bu kitabların müzakirəsini təşkil edirdik. Hər səhər məktəb həyətində məni gözləyir, qısa yolu danışaraq yenidən məktəb binasına qayıdırdılar.

Kənd yerlərində şagirdlərin ali təhsil ala bilməsi ilə bağlı çox problemlər yaşanır. Təəssüflər olsunki xüsusilə qız şagirdlərin təhsilini davam etdirməsində bir çox əngəllər var. Buna ən böyük səbəb maddi çətinliklər və bəzi valideynlərin istəksiz olmasıdır. Bəzi abituriyentlərin ağlayaraq təhsil almaq istədiklərini demələri onlar üçün nəsə etməli olduğumuza əmin etdi.Keçən il 2 abituriyentimizin ali təhsil ala bilməsi üçün valideynləri ilə saatlarla söhbət aparmışdım. 4illik təhsil ödənişini dostlarımızla birgə öz üzərimizə götürdük.İndi isə onlarla dost kimi münasibəti davam etdiririk.

Bundan əlavə MİQ imtahanında da ən azı reformlara ehtiyac var. Kurikulumdan daha vacib olan, müsahibə yolu ilə 1-2gün çəkəcək şəkildə psixoloq görüşləri olmalıdır. Bölgələrə işləməyə gedən müəllimlər üçün müfəqqəti yaşayır yerləri təmin olunmalıdır.

Müəllimlər uşaqların şəxsi fikirlərinin formalaşmasına, onları gələcəyin azad və humanist fərdləri olmasına şərait yaratmalıdırlar. Deyəcəkləri ən kiçik neqativ təsirli sözün, öyrədəcəkləri hər bilginin uşaqların gələcək həyatına da təsir edə biləcək qüvvədə olduğunu unutmasınlar.

24.09.2021

badge-icon
Xəzər Salmanov - Fizika
Salmanov Xəzər Tofiq oğlu 4 aprel 1987-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, 1993-cü ildə Səmədabad kənd tam orta məktəbində təhsil almış, 2004-cü ildə həmin məktəbi bitirmişdir. 2004-cü ildə BDU-nun Fizika fakültəsinə daxil olmuş və 2008-ci ildə oradan məzun olmuşdur. 2008-2009-cu ildə həqiqi hərbi xidmətə yollanmış, öz xidməti vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir. Müəllimlik fəaliyyətinə ilk dəfə 2009-cu ildən Səmədabad kənd tam orta məktəbində fizika müəllimi olaraq başlamış və uğurlu fəaliyyərinə görə 2010-cu ildən Biləsuvar rayonu Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində müəllimliyə davam etmiş və bu günə kimi orada çalışır.

2013-2016-illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması və təşkili (menecment) ixtisası üzrə magistr təhsili almışdır. “Promethean lövhə”,“mimio qurğusu “ və “leqorobot” üzrə təlimlərdə iştirak etmiş və sertifikatlara layiq görülmüşdür.
DİM nəzarətçilərinin seçilməsi üzrə təlimlərdə iştirak edib “A” kateqoriyasını almış və DİM-də marker kimi iştirak etmişdir.

Xəzər müəllim həmçinin sosial cəhətdən də aktiv, öz üzərində daim işləyən müəllimdir. Onun “Təhsil və zaman” qəzetində məqaləsi işıq üzü görüb. Liseydaxili sosial tədbirlərdə “FAC-intek” layihəsinin rəhbəri və texniki mütəxəssisi olmuşdur. Əlavə olaraq, Ulu Öndərimiz Heydər Əliyevin 90 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev və Elmi Texniki Tərrəqqi” adlı təqdimat da hazırlamışdır.

MİQ imtahanında 2016 və 2017-ci illərdə 57 bal, 2019-cu ildə 52 bal toplamışdır.
Liseydə fizika fənni ilə bərabər, riyaziyyat fənnini də tədris etmiş, fizika ilə yanaşı, riyaziyyat sahəsində də dərin bilgilərə yiyələnmişdir. Bu da fizika fənninin tədrisində riyazi metodları tətbiq edərək şagirdlərin mövzunu daha yaxşı qavramasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qısa zaman müddətində olimpiada hazırlığı sahəsində bir sıra uğurlar əldə etmişdir. İstedadlı şagirdlərin hazırlanması üçün istedadlı müəllim yarışmasında iştirak etmiş, respublika üzrə 11-ci yeri qazanmışdır. 2018-ci ildə isə şagirdi Abdullayev Nihad respublika fənn olimpiadasında bürünc, 2019-cu ildə isə gümüş medala layiq görülmüşdür. Abdullayev Nihad həmin il Qazaxıstanda keçirilən beynəlxalq olimpiadada Azərbaycandan iştirak edən üç şagirddən biri olmuşdur.

17.09.2021

badge-icon
Tural Mehtiyev - Coğrafiya
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Tural Mehtiyevdir.

Mən Tural Mehtiyev Cavid oğlu 1996-cı il oktyabr ayının 1-də Cəlilabad rayon Uzuntəpə kəndində dünyaya gəlmişəm. 2002-ci ildə Cəlilabad rayon Uzuntəpə kəndi E. Yusubov adına 1 saylı tam orta məktəbə getmiş və 2013-cü ildə həmin məktəbi bitirmişəm. Elə həmin il Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam. 2017-ci ildə ali məktəbi bitirib Müəllimlərin İşə Qəbulu imtahanında coğrafiya fənni üzrə imtahan vermiş və Cəlilabad rayon İncilli kənd ümumi orta məktəbində ilk fəaliyyətimə başlamışam. Hal-hazırda da həmin məktəbdə çalışıram.

Əmək fəaliyyəti dövrümdə bir çox təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunmuşam. Həmin təlimlərdən Cəmiyyətdə inkluziv təhsilə baxış, Azərbaycan Müəllimlər Forumu, Böyük-böyük danış, Ünsiyyətdə bədən dilinin rolu, Makro və mikro bacarıqlar adlı forumu, Azərbaycan və Türkiyə Müəllimlərinin ortaqlığında yürütdüyümüz 21-ci əsrdə Qadının Dəyəri və Toplumsal Cinsiyyət eşitliyi E-Twinning projesində iştirak edərək sertifikatlara layiq görülmüşəm. Mən, həmçinin kurikulum təlimçisiyəm. Hal-hazırda coğrafiya və kurikulum fənlərindən Müəllimlərin İşə Qəbulu imtahanına müdavimlər hazırlayıram.

İnsan öz üzərində işlədikcə çox şeyə nail olur. Çəkilən əziyyətlər heç vaxt yerdə qalmır.
Həmişə çalışmışam ki, dərslərimi daha maraqlı və fərqli şəkildə keçim. İstifadə etdiyim metodlardan biri də öz dərs dediyim coğrafiya fənnindən əvvəlcə qruplararası, sonra isə siniflərarası yarışmalar təşkil etməkdir. Qalib olan qrup və ya siniflər həftənin sinfi, ayın sinfi və ilin sinfi seçilirdi. Fərqlənən şagirdlər sonda müxtəlif hədiyyələrlə təltif olunurdular.

Uşaqlara fərdi yanaşaraq onların istedadlarını üzə çıxarmağın bir müəllimin yerinə yetirməli olduğu ən başlıca vəzifə olduğunu düşünürəm. Mən də öz növbəmdə bununla bağlı layihələr təşkil edir, şagirdləri müxtəlif fəaliyyətlərə cəlb edirəm. Hər bir şagirdə fərdi yanaşaraq onların vizual, audi-lingual, kinestetik və digər intellektual bacarıqlarını ortaya çıxarmağa çalışıram. Məhz bu bacarıqları müəyyən etməklə şagirdlərimizi düzgün fəaliyyətlərə yönəldə və sahib olduqları istedadı üzə çıxararaq özlərini tapmağa köməklik göstərə bilərik.

Dərs dediyim müddətdə yaddan qalan hadisələr çox olub. Onlardan biri siniflərarası yarışmalar təşkil etdiyim zamanda qaliblər müəyyənləşmişdi. Mən də həmin günü fərqlənən şagirdlərə sürpriz edib onları bir sıra hədiyyələrlə təltif edəcəkdim. Məktəbin həyətinə daxil olarkən yuxarıda şagirdləri gördüm və onlar əlimdə hədiyyələri görüncə sevinclərinin həddi-hüdudu yox idi. Hər bir şagirdə hədiyyəni təqdim edərkən onların üzlərindəki sevinc hər şeyə dəyərdi. Çünki mən onlara bir ilki yaşatmışdım.

Hər bir şagirdin yaradıcılığı müxtəlifdir. İlk öncə onların, məsələn coğrafiya fənninə marağı varsa, düşüncələrini öyrənmək lazımdır. Onların istedadlarını sual-cavab əsnasında müəyyən etmək olar. Şagirdlər həmişə dərs prosesi zamanı özləri üçün qeydlər edir və evdə araşdırma apardıqdan sonra mənimlə situasiya tipli suallar və fikirlər bölüşürlər.

Əvvəlcə müəllimlik fəaliyyətimə başlayanda bir sıra problemlərlə üzləşməli olurdum. İlk öncə, problem yol, yəni yolların narahat olması idi. Daha sonralar bu kimi problemlər getdikcə öz yerini tapdı.

Bəzi ucqar kənd yerlərində şagirdlərin ali təhsil alması üçün problemlər olur. Xüsusən də, qız şagirdləri həmin proseslərdən kənarda qalır. Buna da əsas səbəb imkansızlıq və valideynlərin qərarsız olmasıdır. Ölkəmizdə hal-hazırda bunun üçün çox gözəl perspektivlər mövcuddur. Hər bir oxuyan şagirdin ali təhsil alması onun gələcəyi üçün vacibdir.

Müəllim olmaq mənim şagird olduğum müddətdən arzum idi. Orta məktəb vaxtlarında tarix və coğrafiya fənlərinə daha çox marağım vardı. Bu istəyimin reallaşmasında mənə dəstək olan müəllimlərimə borcluyam və onlara sonsuz təşəkkürümü bildirirəm. Onlarla çiyin-çiyinə işləmək ayrı bir duyğudur. Mən də illərlə özümü müşahidə etdiyim zaman məhz müəllimlik sahəsinə inanılmaz həvəsim olduğunu, həmçinin insanları maarifləndirmənin başlıca vəzifəm olduğunu anladım. Düşünürəm ki, iş o zaman missiyaya çevrilir ki, sən hər yerdə, zamanından, məkanından asılı olmayaraq onu təbliğ edirsən. Müəllimlik müqəddəs bir peşədir. Lakin müəllim unutmamalıdır ki, yetişdirdiyi hər bir şagird qiymətli xəzinə, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Sonda şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur.

08.10.2021

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 3-ci günü
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 3-ci gününü geridə qoyduq.

Layihənin 3-ci gününün ilk təlimi təlimçi Nuranə Məmmədova tərəfindən “Yaşıl məktəbə doğru: hər məktəbdəki boşluqların və potensialın aşkar edilməsi” mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub.

Günün ikinci yarısı isə Yaşıl Zonada Milli QHT Pavilyonunda “Gənclər və Texnologiya tərəfindən İqlim Hərəkatı” mövzusunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının katibinin müavini Noura Hamladji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər  tərəfindən sessiya baş tutub və bununla da gün yekunlaşıb. 

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

17.11.2024

badge-icon
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 2-ci günü
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 2-ci gününü geridə qoyduq.

Layihənin 2-ci gününün ilk təlimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Gənclər təşkilatlarının rəsmi üzvü Zhu Danfeng tərəfindən “Qeyri-maddi mədəni irs və qlobal iqlim cəhdləri’ mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub.

Günün ikinci yarısı isə Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri
Nəzrin Süleymanova və beynəlxalq layihələrin yazılması üzrə fasilitator, təlimçi
Cəsur Mədətzadə tərəfindən “Komanda daxilində işin təşkili’ mövzusunda təlim keçirilib, davamında isə qrup işləri keçirilib. Layihənin 3-cü təlimi isə Təhsildə ekoloji yanaşmalar sahəsində təlimçi Nərgiz Əliyeva tərəfindən “Ətraf mühitin çirklənməsi və təhsil müəssisələrinin bu istiqamətd əata biləcəyi addımlar’ mövzusuda təlim keçirilib və bununla da gün yekunlaşıb. 

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

16.11.2024

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı.

"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" proqaramının ilk günündə AGMA-nın sədri Pərvinə Qədimova və Layihələr üzrə meneceri Ramilə El-oğlu gənc müəllimləri salamlayaraq, proqram haqqında ümumi məlumat veriblər. 

Daha sonra layihə iştirakçılarının şəbəkələşməsi üçün tanışlıq oyunları keçirilib.

Qeyd edək ki, proqramın ilk görüşü Tyantszin Xarici Tədqiqatlar Universitetinin beynəlxalq institutunun əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş keçirilib. Gənc müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda görüş baş tutub və bununla da gün yekunlaşıb. 

Məlumat üçün vurğulayaq ki, 5 gün davam edəcək layihənin 16 noyabr tarixində Yaşıl zonada xarici ekspertlərin iştirakı ilə sessiyası baş tutacaq.

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

15.11.2024

badge-icon
Təqdimatlarımız davam edir
 Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Xəzər rayonu 334 nömrəli tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatoru Şəfa Fərəcova tərəfindən təqdimat keçirilib. 

Təqdimatdan sonra gənc müəllimlərimiz üçün Gənc İbtidai sinif Müəllimləri Birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən "Müəllim etikası, davranış qaydalarının tətbiqi" mövzusunda təlim keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

31.10.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun