İANƏ ET

Profil

Axtarış

İANƏ ET

Müəllimlərin tanıdılması

badge-icon
Gənc Müəllim Danışır - Təbriz Cavadzadə
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Təbriz Cavadzadədir.

Mən - Qazi Təbriz Cavadzadə ADPU-nun Tarix və Cografiya müəllimliyi ixtisasını bitirmiş, daha sonra isə GDU-da CTM üzrə magistratura təhsili almışam. 2019-cu ildə MİQ müsabiqəsi ilə Qusar rayonu Cibir kəndində coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə baslamışam. 2020-ci il 29 sentyabr tarixində Vətən müharibəsinə könüllü şəkildə qatılmışam. Kəlbəcərin, Xocavəndin, Şuşanın, Laçın dəhlizinin düşməndən azad edilməsi əməliyyatlarında iştirak etmişəm.Cənab prezidentin sərəncamı ilə "Şuşanın azad edilməsi " medalı ilə təltif edilmişəm. Dövlətimizin qazilərə göstərdiyi diqqətin nəticəsidir ki, döyüş meydanında aldığım xəsarəti nəzərə alaraq daimi yaşayış yerim olan Qax rayonunun Əmircan kəndinə tarix müəllimi təyin edilmişəm. Eyni zamanda, Qax şəhər 5 saylı tam orta məktəbdə "Peşə Təmayüllü Siniflər " layihəsinin rəhbəri kimi calışıram.

Dərslərdə şagirdlərimi yeni təlim üsullarına uyğun şəkildə cütlərə, qruplara bölərək problemi həll etməyə, həm də əməkdaşlıq etmək yönündə işlər aparıram.

Ən maraqlı dərslərim müharibədən sonrakı dərslərimdir. Şagirdlərim müxtəlif suallar verir və mən qürurla onlara cavab verirəm.

Müxtəlif məktəblərdə müxtəlif istedadlı şagirdlərim olub. Onlardan rəssam, idmançı, musiqiçi olanlar olub. Hətta bir şagirdim bütün dünya ölkələrinin paytaxt şəhərlərini əzbər bilirdi.

Dərs dediyim kənd məktəbi modul tipli yeni qurulmuş məktəbdir, amma ağıllı lövhə, proyektor və sair kimi texniki problemləri vardır. Ümidvarıq ki, həmin problemlər gələn tədris ilində bizimlə olmaz.

Kənd məktəbindəki şagirdlərimlə fəxr edirəm. Ona görə ki onlar çox tərbiyəli və məsuliyyətli şagirdlərdir. Böyük şəhərlərdəki şagirdlərdən saflığına görə seçilirlər.

"Mən yer üzündə müəllim adından böyük ad tanımıram" Bu sözlər ümummilli lider Heydər Əliyevə məxsusdur. Mən də öz növbəmdə müəllimlik peşəsini sevərək oxumuşam və nə yaxşı ki müəlliməm!

04.02.2022

badge-icon
Gənc Müəllim Danış - Neymət Rüstəmli.
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Neymət Rüstəmlidir.

Mən - Rüstəmli Neymət Qəzənfər oğlu (Nemət Tahir) 2011-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək Ağdam rayon 91 saylı köçkün tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundum. 2016-cı ildə yerdəyişmə imtahanı verərək I Sarıcalı kənd tam orta məktəbində işləmək hüququ qazandım. 
Bu illər ərzində təhsil sahəsində böyük uğurlar əldə etmişəm, şagirdlərim buraxılış və qəbul imtahanında tədris etdiyim fəndən yüksək nəticə qazanıblar. Hətta 2018-ci ildə şagirdlərim Abdullayev Elşən və İsmayılova Gülgün Respublika Fənn Olimpiadasının bütün mərhələrini keçərək Olimpiada qalibi olmuşdur.

2019-cu ildə Direktorların İşə Qəbul imtahanının bütün mərhələlərindən uğurla keçərək Ağdam rayon 91 nömrəli tam orta məktəbə direktor təyin olunmuşam.
Son illər yerli və xarici mətbuatda şeir və hekayələrim çap olunur.

Dərslərdə daha çox əyaniliyə üstünlük verirəm. Bu da şagirdlərin dərsləri daha aydın və yaddaqalan anlamasına səbəb olur. Müxtəlif yarışmalar, oyunlar keçiririk. Bu zaman çütlərlə iş, qruplarla iş, fərdi üsullardan istifadə edirik. Qaliblərə hədiyyələr alırıq. Ən çox şagirdlərin sevdiyi dərs üsulumuz bir-birinin tapşırığını yoxlamaqdır.
2012-2013-cü illər olardı. VIII sinifdə dərsdə idim. Lövhədə dərs izah edirdim. Çox çalışqan, həm də dəcəl bir şagirdim parta yoldaşı ilə söhbət edirdi. Bir neçə dəfə xəbardarlıq etsəm də, sakitləşmədi. Əsəbləşib ona yaxınlaşdım, dedim ki, sənin 15 yaşın var, sənin vaxtında Şah İsmayıl dövlət qururdu. Ancaq sən dərs pozursan, otur aşağı - deyib dönüb gedəndə eşitdim ki, yoldaşına deyir ki, görəsən,müəllim özü 15 yaşında nə edirmiş? 
Bununla da bir şagird müəlliminə dərs verdi.

Ən çox şagirdlərlə yaxınlıq edərək, ünsiyyət quraraq onların meyil və maraqlarını öyrənə bilərik. Bunun vasitəsiylə onlarla şagirdimin müxtəlif istedadını üzə çıxarmağı bacarmışam.
Dərslərinə o qədər də maraq göstərməyən IX siniflərimiz olub. Məktəblilər arasında voleybol turniri keçirilirdi. Həmin IX siniflərin hesabına məktəbimizin komandası əvvəlcə rayon birincisi oldu, sonra isə region birincisi olduq. Bakıya final mərhələsinə vəsiqə qazandıq. Bu möhtəşəm bir hadisə idi. 30 ildir ki, rayonda belə hadisə olmamışdı.

1993-cü ildə Mingəçevirdə yaşamışıq. Kəndə təzə gələndə uyğunlaşma ilə bağlı çətinliyim olub. Yavaş-yavaş öyrəşmişik. Ən çox çətinliyimiz qız uşaqlarının təhsildən yayındırılması idi. Bu ildə onlarla qız uşağını təhsilə cəlb etmişəm. Bu yolda çox çətinliyimiz olub. Çox şükür ki, artıq insanların etimadın qazana bilmişəm.
Kənddə təhsil alan şagirdlərin üstün cəhətləri odur ki, beyinləri şəhər uşaqlarının beynindən təmizdir. Bu həm qidalanma, həm hava, həm də texnologiyanın azlığı ilə bağlıdır. Ancaq oyun salonlarının, parkların, atraksionların olmaması çox pisdir.

Mənim müəllim olmağımın səbəbkarı Azərbaycan dili və ədəbiyyat müəllimimiz Tahir müəllim idi. (Allah rəhmət eləsin) Savadı, insanlığı, müəllimliyi ilə hər kəsə nümunə olacaq insan idi. Onun yolunu davam etdirmək üçün qəbul imtahanında yüksək bal yığsam da, seçimdə 15 yerin hamısını müəllimlik seçmişdim.

Abituriyentlərə onu deyə bilərəm ki, həmişə arzularının ardınca getsinlər. Heç kəsin rəyinə fikir verməsinlər. Çünki hansı sənəti sevərək seçsələr, o sənət onları həmişə ucaldacaqdır.

28.01.2022

badge-icon
Gənc Müəllim Danışır - Pərvin Həsənova.
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Pərvin Həsənovadır.

Mən - Həsənova Pərvin Hacızadə qızı Sumqayıt şəhərində anadan olmuşam.1994-2005-ci illərdə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə təhsil almışam. Təhsil aldığım illərdə daim fərqlənmiş, müəllimlərimin etimadını qazanmağa çalışmışam. 

2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına “İbtidai təhsilin pedaqogikası və metodikası”fakültəsinə daxil olmuşam. 
2017-2018-ci illərdə MİQ imtahanlarında uğurla iştirak edərək Bakı şəhəri 98 və 93 saylı məktəblərdə müddətli əsaslarla işləmişəm. 2018-ci ildə yenidən MİQ imtahanlarında iştirak edərək yüksək nəticə ilə Bakı şəhəri A.Rəhimov adına 247 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətimə başlamışam. Artıq 4 ildir bu məktəbdə çalışıram, hal-hazırda 4b və məktəbə hazırlıq şagirdlərinə dərs keçirəm, onları çox sevirəm.

Pedaqoqluq dövrümdə “Öyrənmənin Qiymətləndirilməsi” Beynəlxalq Təlim Konfransında, ”Təhsildə Yeni Gözləntilər üzrə Beynəlxalq Onlayn Forum”da, "İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu”nda iştirak etmişəm.

Həmçinin "İbtidai Siniflərdə Maliyyə Savadlılığı”, “İnkluziv “ təlim, "İKT bacarıqları”, ”Müasir Qiymətləndirmə", "Dərslərdə İnteraktivlik” və s. kimi təlimlərdə iştirak etmiş, müxtəlif sertifikatlar əldə etmişəm
Mən dərslərimi müxtəlif təlim üsullarından istifadə edərək qururam. Şagirdlərimin daim maraq dairəsini nəzərə alıram. Rollu oyunlar, müxtəlif rəqslər, mahnılar, rəsm çəkmək, hər cür əl işlərinin hazırlanması dərslərimin bir hissəsidir. Açıq havada şagirdlərlə müxtəlif oyunlar keçirmək, əyani vəsaitləri dərslərdə tətbiq etmək, oxuyub-anlama mətnləri üzrə müxtəlif maraqlı tapşırıqlar yerinə yetirmək tətbiq etdiyim bacarıqlardandır. 

Araşdırma, müzakirə, mübadilə, təqdimat dərslərimizi maraqlı edir. Maraqlı dərslərimizdən biri  "Pullarımız" mövzusu üzrə qurduğum dərs olub. Dərs zamanı şagirdlər satışa müxtəlif əşyalar qoyub, alış-veriş səhnələrini çox gözəl yerinə yetirmiş, pullardan düzgün istifadəni mənimsəmişlər.
Müxtəlif üsul və yanaşmalardan istifadə edərək şagirdlərin istedadlarını üzə çıxara bilirəm 
Bakı və ya kənd olmasından asılı olmayaraq hər bir təhsilverən işini düzgün qurmalı, şagirdlərin öz  təhsil mühitində xoşbəxt olmalarını təmin etməlidir. Bakıda daha çox müasir qurğulardan istifadə olunması, internet sürətinin yüksək olması kimi amillər kənd mühitindən seçilsə də, hər bir işini düzgün quran pedaqoq şagirdlərin istedadını üzə çıxarmağı bacarır.

Müəllim olmaq istəyən abituriyentlərə tövsiyə edərdim ki, daim öz gücünüzə inanın, mübarizə aparın. Unutmayın ki, hər bir mübarizənin sonunda bir qalibiyyət var.

Müəllimlik ən şərəfli peşədir. Mən peşəmi və şagirdlərimi çox sevirəm. Əminəm ki, onlar da məni çox  sevir. Müəllim gələcəyi qurur, möhkəm təməllər atır. Gələcək bizim atdığımız bu təməllərdən çox asılıdır. Çalışaq atılan təməllər güclü olsun ki, gələcək əmin əllərdə olsun.

21.01.2022

badge-icon
Gənc Müəllim Danışır - Şəbnəm Məmmədova
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Şəbnəm Məmmədovadır.

Mən - Məmmədova Şəbnəm Səttar qızı 2010-cu ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuşam. 2014-cü ildə universiteti bitirmiş və həmin il də Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Ağcabədi rayon Ağabəyli kənd ümumi orta məktəbinə fizika müəllimi olaraq işə qəbul olmuşam. İlk pedaqoji fəaliyyətə 2014-cü ilin sentyabr ayında başlamışam. 2017-ci ildə Müəllimlərin Diaqnostika imtahanında da iştirak edərək Ağcabədi şəhər 3 saylı məktəb-liseyə fizika müəllimi olaraq yerdəyişmə etmişəm. 

Fəaliyyət müddətimdə bir çox ixtisasartırma təlimlərində, seminarlarda, tədbirlərdə aktiv iştirak etmişəm. Kurikulum, İKT, uşaq psixologiyasının əsasları üzrə təlimlərdə, ADSAYO( Azerbaijan Democratic Student and Youth Organization) tərəfindən keçirilən yerli və beynəlxalq tədbir və konfranslarda iştirak edərək sertifikat əldə etmişəm.

2020-ci ildə STEAM Azərbaycan layihəsinin təlimini uğurla bitirib Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən sertifikatla təltif olunmuşam və təhsil naziri Emin Əmrullayevin əmri əsasında hal –hazırda çalışdığım məktəb-liseydə ixtisasımla yanaşı STEAM təhsil metodunu da tədris edirəm. Və ən əsası bu təlim və tədbirlərdə öyrəndiklərimi  tədris prosesində tətbiq etməyə çalışıram ki, daha fərqli, maraqlı dərslər qura biləm.
Müəllim cəmiyyətin ən aparıcı qüvvəsidir, ona görə də düşünürəm ki, müəllim özünü daim inkişaf etdirməli, öz üzərində işləməli və vicdanlı insana xas xarakterlərə sahib olmalıdır ki, gələcəyimiz üçün savadlı, vicdanlı, vətənpərvər, cəmiyyətə fayda verən nəsillər yetişdirə bilsin. Müəllim elm, bilik qapısını insanların üzünə açan bir varlıqdır. Müəllimlik elə bir peşədir ki, bu peşəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi, savadı ilə cəmiyyətin inkişafına töhfə verir. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur.
Mən müəllim kimi fəaliyyət göstərdiyim ilk gündən bu günəcən peşəmi çox sevmişəm və çalışmışam ki, həmişə dərslərimi maraqlı və əyləncəli kurikulumla interaktiv quram. Düzdür, işlədiyim məktəblərdə interaktiv dərs qurmaq üçün elektron resurslar azlıq təşkil etsə də yənə də bacardığım qədər dərsləri maraqlı etmişəm.

Ümumiyyətlə, düşünürəm ki, kənd və şəhər məktəblərinin arasında ən böyük fərq maddi-texniki bazanın çatışmazlığı və ya azlıq təşkil etməsidir. Proyektor, elekton lövhənin azlığı müəyyən qədər çətinliklər yaradır. Uşaqların dərsə marağını artırmaq üçün interaktiv siniflərarası və sinifdaxili yarışlar mütəmadi olaraq keçirirəm. Bunun üçün bəzi web 2.0 alətlərindən -kahoot.it, learningApps.org və sair istifadə edirəm. Düşünürəm ki, belə yarışlar onların bilik və bacarıqlarını ümumiləşdirməklə yanaşı, həm də sinif otağımızda dinamik interaktiv bir təlim mühiti yaradır və eyni zamanda onların dünyagörüşlərini də artırmış olur. 

Açıq dərslərə həmişə üstünlük vermişəm və belə dərslər də qurmuşam. Əyləncəli kurikulumla keçirdiyim dərslərimin birində dərsimizin adi  “Cərəyan Şiddəti” idi. Biz dərsin mahiyyətinə yönələn suallar əsasında hazırlanmış krossvord həll etməklə şagirdlərimlə birgə dərsin adını tapdıq.Praktik dərslərimdə şagirdlərimin müşahidə aparmaları üçün şərait yaradıram. Ümumiyyətlə, şagirdlər hər hansısa bir fəndən əldə etdiyi nəzəri biliklər vasitəsiylə gələcəkdə seçəcəyi qrup imtahanlarında uğur əldə edə bilər. Ancaq bununla yanaşı şagirdlərdə müəyyən bacarıqlar da formalaşmalıdır ki, şagirdlər yalnız birtərəfli inkişaf etməsin. Yəni təkcə nəzəri biliklər onlara cəmiyyət arasında yer tutmağa kömək etməyəcək, şagirdlərdə mühakiməetmə, özünüifadəetmə və s. bacarıqlar da formalaşmalıdır. 

Müəllim əməyini bəzən bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi müəllim də öz yetişdirmələrinin xoş səs-sorağını eşidəndə ürəyi sevincdən dağa dönür. İşlədiyim ilk gündən bu günəcən şagirdlərimin uğurlarının bol olması üçün əlimdən gələni əsirgəməmişəm. Şükürlər olsun ki, bu gün yüksək nəticələrlə ali məktəblərə qəbul olan şagirdlərim - müəllimlik, həkimlik, mühəndislik və s. peşələrə sahiblənənlər var və onlarla qürur duyuram. Şagirdlərimin bu  uğurları mənə güc verir və daha şövqlə işləməyə ruhlandırır. 

Fizika fənnindən başqa 2020-ci ilin sentyabr ayından çalışdığım 3 saylı məktəb-liseydə STEAM təhsil metodunu da tədris edirəm. Dərslər zamanı şagirdlərim innovativ texnologiyalar - 3D printer, aerokosmik mühəndislik - dronlar, microbit, robot texnikalarla, CNC lazer kəsiciləriylə tanış edirəm, istifadə etmələri üçün imkan yaradıram və müxtəlif proqramlaşdırma dillərini öyrədirəm ki, bu da onlarda yeni təfəkkür forması yaradır. Dərslərdə şagirdlərim bütün sinif olaraq aktiv iştirak edir və bunun nəticəsidir ki, 9-10 dekabr 2021-ci il tarixində Təhsil Nazirliyinin və STEAM Azərbaycanın təşkilatçılığı ilə Bakı Ekspo mərkəzində keçirilən SAF-STEAM Azərbaycan Festivalına qatılmaq üçün şagirdlərimlə birgə layihə hazırladıq, microbit kateqoriyası üzrə qeydiyyat etdik və festivala vəsiqə qazanan komandalardan olduq.Şagirdlərim seçilən komandaların içində olduqları üçün çox sevinirdilər, həm rayonumuzu, həm də məktəbimizi təmsil etdilər. Bu festivalda iştirakları onların həm yaddaşında inanılmaz izlər qoydu, dünyagörüşlərini artırdı, həm özləri böyük bir təcrübə qazandılar, həm də sinif yoldaşlarına öz təcrübələrindən danışdılar.

Hər kəsin taleyində müəllimin yeri var .Bu, həqiqətən də, belədir. Kim onun əlindən tutub yazı yazmağı öyrədən, vətənə, torpağa sevgini aşılayan, sahib olduğu peşənin dərinliklərini öyrədən müəllimini xatırlamır ki? Mən bu gün bu peşəyə yiyələnməyimdə əməyi olan bütün müəllimlərimin qarşısında baş əyirəm, onlara sonsuz təşəkkürümü bildirirəm. Xüsusən, fizika müəllimi olmağımın səbəbkarı isə öz anam olmuşdur. Anam fizika müəlliməsi olduğu üçün kiçik yaşlardan fizika fənninə çox böyük marağım olub. Müəllimlik peşəsini seçərkən fizika ixtisasını seçdim. Həmişə istəyirdim ki, mən də onun kimi müəllim olum, məni də şagirdlərim çox sevsin. Bu gün müəllim olduğum üçün, şagirdlərimin sevgisini qazandığım üçün qürur hissi keçirirəm. Və müəllim olmaq istəyən abituriyentlərə tövsiyə edirəm ki, ilk öncə, peşənizi sevin, dərindən öyrənin, eyni zamanda şagirdlərin qarşısında deyil, yanında ola bilən, onlara sevgiylə, qayğıyla yanaşan bir müəllim olun. Əgər şagirdləriniz sizi sevəcəksə, inanın sizin dərsinizi də sevəcək, tədris etdiyiniz fənni dərindən oxuyacaqlar.

07.01.2022

badge-icon
Gənc Müəllim Danışır - Qönçə Ağazadə
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Qönçə Ağazadədir.

Mən - Ağazadə Qönçə Rafiq qızı 22 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşam.1998-ci ildə İsmayıllı rayon E.Məmmədov adına şəhər 3 saylı tam orta məktəbin I sinfinə getmiş, 2009-cu ildə İsmayıllı rayon 5 saylı tam orta məktəbi bitirib elə həmin il ADPU-nun Pedaqoji fakültəsinin ibtidai sinif müəllifliyi ixtisasına qəbul olunmuşam. 2014-cü ildə universiteti bitirib İsmayıllı rayon H.Əliyev Mərkəzində işə başlamışam. 

Həmçinin rayonda yerləşən hazırlıq kursunda ibtidai sinif müəllimi kimi çalışmışam. 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək M.Piriyev adına Tircan kənd tam orta məktəbinə ixtisasım üzrə qəbul olunmuşam. 

İxtisasım üzrə bir sıra təlimlərdə iştirak etmişəm (İKT bacarıqları üzrə, Məktəbəqədər hazırlıq, yeni dərsliklərlə iş, Qrand layihə və s.).
Müəllim hər zaman öz üzərində işləməli,özünü inkişaf etdirməlidir. Zamanın tələbinə uyğun olaraq, şagirdləri təəccübləndirmək çətindir, təbii ki, müasir standartlara uyğun, kurikulum metodlarından istifadə edərək dərsləri daha maraqlı keçməyə çalışıram. Mütəmadi olaraq, şagirdlər arasında yarışlar keçirir, həvəsləndirmək üçün qalib gələn şagirdləri təltif edir, zəif çalışan şagirdlərlə fərdi söhbətlər aparır, interaktiv metodlardan istifadə edirəm.
Çalışıram ki, keçdiyim hər bir dərs maraqlı və inkişafetdirici olsun, şagirdlərimin yaddaşında qalsın. İlklər hər zaman yaddaqalan olur. İlk dərs və müəllimlik fəaliyyətinin ilk günü, təbii ki, heç zaman unudulmur. 

İstedadlı  şagirdləri üzə çıxarmaq, onları tanıtmaq müəllimlərin ən ümdə olan vəzifəsidir. Çünki müəllim əziyyətinin bəhrəsini gördükdə sevinir, ruhən cavanlaşır, öyrənmək eşqi ilə alışıb yanır. Hal-hazırda 6-cı sinifdə oxuyan şagirdim Fikrət 3 il bundan qabaq Texnologiya dərsində tullantı məhsullarından təyyarə düzəltmişdi. Təyyarə pultla idarə olunur, müəyyən hündürlüyə qalxa bilirdi. 

Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün rəsm, şeir, bədii qiraət üzrə müsabiqələr keçirir, daha bacarıqlı şagirdlərin rayonda keçirilən müsabiqələrə iştirakını təmin etməyə çalışıram.
Dərs dediyim kənd rayondan 20 km uzaqlıqda yerləşir. Hər gün səhər tezdən rayon mərkəzindən kəndə müəllim yoldaşlarım ilə birgə yola düşürəm. 

Desəm ki,hər şey qaydasındadır inanılası olmaz. İş varsa, orada problem də var, çatışmazlıq da. Kənddə kiçikyaşlı uşaqlar üçün bağçanın olmaması, məktəbdə idman zalının olmaması bizim üçün, təbii ki, çətinliklər törədir. Müəllim olaraq çalışıram ki, bu boşluğu aradan qaldırım. Uşaqları rayon mərkəzində yerləşən muzeylərə aparmışam. Uşaqlarla film günləri edib filmə baxırıq. Ən azından bacardığım qədər uşaqlarla daha çox vaxt keçirirəm.

Bakıda təhsil alan şagirdlərlə kənddə təhsil alan şagirdlər arasında oxşarlıqlar olsa da fərqliliklər daha çoxdur. Çünki şəhərdə təhsil alan şagirdlər dərsə daha hazırlıqlı gəlir, istər yazıb-oxumaq tərəfdən, istərsə də dünyagörüş tərəfdən.

Şagirdlər kiçik yaşlarından kurslara, dərnəklərə gedir, əlavə məşğuliyyətlərlə məşğul olurlar. Kənd uşaqları isə məktəbə bəzən ən sadə şeyləri belə bilmədən gəlir. Kənddə işləyən müəllim daha səylə çalışmalı, daha çox işləməlidir. Zamanın tələbinə uyğun şagirdlər hazırlamalıdır.

Niyə məhz müəllim? Sual o qədər gözəldir ki... Öyrədən olmaq, kiminsə həyatına təsir etmək, hər kəsin həyatında müəyyən iz buraxmaq, ən əsası həm öyrənən, həm də öyrədən olmaq...

MÜƏLLİM GÖZƏLDƏN GÖZƏLDİR BU SÖZ,
KÖRPƏ KÖNÜLLƏRDƏ MƏŞƏL YANDIRAN...

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

14.01.2022

badge-icon
Gənc Müəllim Danışır-Nəcibə Uğurliyeva
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Nəcibə Uğurliyevadır.
Mən  Uğurliyeva Nəcibə Mirssalı qızı 1989-ci il avqust ayının 21-də İmişli rayonu  Otuziki kəndində anadan olmuşam. 1995-ci ildə İmişli rayon Otuziki kənd tam orta məktəbində təhsil almağa başlamış, 2006-ci ildə həmin məktəbi bitirmişəm. 2008—2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə ali təhsil almışam. 2012-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək Otuziki kənd tam orta məktəbinə işə qəbul olmuşam. 2015-ci ildə yerdəyişmə edərək Qaralar kənd A.Allahverdiyev adına tam orta məktəbində pedaqoji fəaliyyətimə davam etmişəm və hal-hazırda burada çalışıram. Təhsil Nazirliyinin keçirdiyi Diaqnostik Qiymətləndirmədə 55 bal toplayaraq hər zaman yenilikləri öyrənməyə səy göstərirəm. İxtisasımla bağlı bir çox onlayın və əyani təlimlərdə uğurla iştirak etmişəm. Təlimlərdə öyrəndiklərimi müəllimlik fəaliyyətimdə tətbiq etməyə çalşıram.
Yaxşı bir müəllim ola bilmək üçün peşəmizə və ümumiyyətlə, insanlara xas olan bir çox xüsusiyyətlərə sahib olmalı,  malik olduğumuz bu xüsusiyyətləri də hər gün artırmalı və çox üstün  bir şəkildə peşəmizi təmsil etməliyik. Çalışmaq lazımdır ki, dərs şagirdlər üçün maraqlı olsun. Bunun üçün mən çox zaman şagirdlərlə yarış xaraxterli oyunlar keçirirəm. Şagirdlərin belə oyunlarla dərs öyrənməyə xüsusi marağı və sevgisi olur. Mühazirə xarakterli dərslər ibtidai sinif şagirdləri üçün cansıxıcı olur. Uşaqlar özləri fəal iştirak edərək öyrənməyə həmişə üstünlük verir. Mən də buna görə dərslərimi şagirdlərin maraqlarına uyğun formada qurub öyrətməyə çalışıram.
Hər bir dərsimə diqqətlə yanaşıram. Dərslərimi yaddaqalan etməyə çalışıram. Dərs nə qədər maraqlı təşkil olunarsa,  o qədər yaddaqalan olur. Şagirdlər dərs müddətinin bitməsinə sevinmirsə deməli dərs onların ürəyincədir və yaddaqalandır. Mənim üçün ən yaddaqalan dərs ilk dəfə müəllim kimi sinfə daxil olduğum gündür.
Hər bir şagird müəyyən sahə üzrə istedadlıdır. Sadəcə onların istedadını üzə çıxarıb vaxtında istiqamət verəndə yaxşı nəticələr verir. İstedadlı uşaqların müəyyənləşdirilməsi artıq ibtidai sinifdə müşahidə, psixoloji xüsusiyyətləri, danışma, yaddaş, məntiqi təfəkkürün öyrənilməsi əsasında başlanılmalıdır.  İstedadlı və bacarıqlı şagirdlərlə işləmək, onların aşkara çıxarılması və inkişafı məktəb fəaliyyətinin ən vacib aspektlərindən birinə çevrilməlidir. Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri  istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq  imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir.  Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir.    Pedaqoji fəaliyyətim illərində bir çox istedadlı uşaqlarla qarşılaşmışam. Onlardan bəzisi xüsusi idarəçilik qabiliyyəti ilə, bəzisi elmin müxtəlif sahələri üzrə fikirləri, düşüncələri ilə diqqəti cəlb ediblər.
İşlədiyim təhsil müəssisəsində ən böyük çətinliyim maddi-texniki bazasının zəif olması, elektron resursların olmaması ilə bağlı olub. Proyektor, elektron lövhə, internet kimi elektron resurslarının az sayda olması dərslərimi qurmaqda bəzi çətinliklər yaradıb. Amma bunlara baxmayaraq açıq dərsimdə, əlamətdar günlərdə və digər dərslər zamanı elektron resurslardan istifadə etmişəm.  Təklifim bütün məktəblərin sinif sayı qədər imkan daxilində elektron resurslarla təmin edilməsidir. Xüsusən də ibtidai sinif şagirdləri vizual olaraq gördüklərini yaddaşlarında yaxşı saxlayırlar. Buna görə də siniflərin bu resurslarla təmini dərsləri daha maraqlı və yaddaqalan edir.
Kəndə təhsil alan şagirdlərlə şəhərdə təhsil alan şagirdlər arasında bir çox fərq var. Şəhər yerlərində, rayon mərkəzlərində uşaqlar məktəbə, demək olar ki, hazır vəziyyətdə gəlirlər. Bir çoxları dərsdən sonra hazırlığa gedir və yaxud evdə valideyn övladına daha çox zaman ayırır, dərslərində köməklik edir. Bu uşaqların dünyagörüşü geniş, düşünmə, nəticə çıxarma, ətrafda baş verənləri dərketmə qabiliyyəti güclü olur. Ancaq kənd yerlərində belə deyil. Kənddəki uşaqların əksəriyyəti bir çərçivə, bir sərhəd daxilində olur. Onların dünyagörüşü bu sərhədlə məhdudlaşır. Təbii ki, bunu hər kəndə və hər uşağa şamil etmirəm. Eyni zamanda kənddə təhsil alan uşaqların üstün cəhətləri də var. Onlar təbiətlə daim təmasda olur. Şəhər uşaqlarının kitabdan oxuyub öyrəndiklərini onlar canlı təmasla daha yaxşı öyrənmiş olurlar.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.Müəllimlik çətin  peşə olsa da sənətini sevirsənsə, bu çətinlik sənə mane ola bilməz. Şagirdin üzündəki kiçik bir təbəssüm bütün çətinlikləri unutdurur.  Qələm tutmağı, hərfləri yazmağı öyrənməsi təkcə şagirdi deyil, bir o qədər də müəllimi sevindirir. Müəllimlik eyni zamanda səbr tələb edən sahədir. Hər bir şagirdin xarakterinə uyğun davranmaq,onların qayğısını çəkmək asan iş deyil. Gələcəkdə müəllim olmaq istəyən abituriyentlərə, şagirdlərə tövsiyə edirəm ki, bu peşəni seçirsinizsə, peşənizi yaxşı öyrənməklə bərabər uşaqların qəlbinə yol tapmağı da öyrənməlisiniz. Çünki , uşaqlar onları başa düşən, onlara qayğı ilə yanaşan müəllimləri daha çox sevir və həmin dərsi maraqla öyrənir.
Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

24.12.2021

badge-icon
Aydan Quliyeva - İngilis dili
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Aydan Quliyevadır.

Mən - Quliyeva Aydan Şəmsi qızı 1991-ci il noyabr ayının 7-si Biləsuvar rayonunda anadan olmuşam. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin ingilis dili müəllimliyi ixtisasına daxil olmuş və 2013-cü ildə həmin universiteti bitirmişəm.

 İxtisasım üzrə müxtəlif təlimlərdə iştirak etmiş (Tesol və İELTS) və sertifikatlar qazanmışam. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu imtahanında uğur qazanaraq Biləsuvar rayonu Arazbarı kənd tam orta məktəbinə işə qəbul olmuşam. Həmin ilin dekabr ayında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça –Məktəb –Lisey kompleksində müvəqqəti müqavilə ilə işə dəvət edilmişəm. 2017-ci ildən isə daimi əsaslarla müəllimlik fəaliyyətimi Təhsil kompleksində davam etdirirəm. 2021–ci ilin oktyabr ayından Amerika səfirliyinin Education USA proqramının Biləsuvar rayonu üzrə təlimçi müəllimi kimi fəaliyyət göstərirəm.

Öyrətmək elə bir işdir ki, ondan heç bir zaman doymaq olmur. Mən öyrətmə prosesini daha maraqlı etmək üçün müxtəlif üsullardan və yarışlardan istifadə edirəm. Şagird üçün vizuallıq daha maraqlı gəlir. Müasir texnologiyaların imkanlarından istifadə edərək şagirdlərim üçün dərs prosesini daha maraqlı edirəm. Müxtəlif yarışlar keçirdirəm və qalib şəxsi və ya qrupu kiçik hədiyyələr ilə mükafatlandırıram (Yutub kanalıma bu yarışları mütəmadi yerləşdirirəm) və ya bəzən də həftənin, ayın qalibi elan edirəm.

Mən düşünürəm ki, bütün dərslərim maraqlı və yaddaqalan keçir. Təbii ki, bəzən elə dərs olur ki, o bizim yaddaşımızda əbədi iz qoyur. Liseyə getdiyim gün ilk dərsim 8-ci sinfə oldu. O sinfin ingilis dili müəllimi məzuniyyətə getdiyi üçün mən əvəz edirdim. Şagirdlər əvvəlki müəllimlərinə olan sevgisindən mənə, ilk öncə, soyuq yanaşdılar. Həmin dərs özümə söz verdim ki, bu sinif məni də çox sevəcək. Elə ilk dərsin sonunda şagirdlərin münasibətinin yavaş-yavaş dəyişdiyini hiss etdim. Həmin sinif 2021-ci ildə 100%-lik nəticə ilə Respublikanın ən öndə gedən universitetlərinə daxil oldular. Bu gün o sinfin şagirdləri ilə müəllim-şagird münasibətindən daha çox dost münasibətimiz var.

Şagirdlərim sözün əsl mənasında çox istedadlıdırlar. Onlarla işləmək mənim ruhumu qidalandırır. Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün rayondaxili və ya ölkədaxili yarışlara, layihələrə yönləndirirəm. Bu yaxınlarda 13 şagirdim Education USA-in region seçimlərində iştirak etdi və uğur qazandı. Həmin şagirdlər layihəni başa vurduqdan sonra beynəlxalq sertifikatla təmin olunacaqlar. Çalışıram ki, bütün yeniliklərdən xəbər tutum və şagirdlərimi bu yeniliklərdən xəbərdar edim.

Müəllimlik fəaliyyətim dövründə bir çox istedadlı şagirdlərlə qarşılaşmışam və hal- hazırda da belə şagirdlərim var. 
Hal-hazırda dərs dediyim Biləsuvar liseyində heç bir çətinliklə qarşılaşmıram. Lakin kənd məktəbində çalışdığım dövrdə bir çox problemlər ilə üzləşmişdim. Maddi-texniki bazanın çatışmazlığı, şagird sayının azlığını buna nümunə gətirə bilərəm.

Kənd və şəhər məktəbi arasında ən böyük fərq maddi-texniki bazanın çatışmazlığı və məktəblərin istənilən vəziyyətdə olmamasıdır. Şagirdlər savadlı olsalar belə məktəbin yaxşı şəraitdə olmaması onların təhsilinə mənfi təsir göstərə bilir. Ən böyük fərq kimi mən bunu görürəm. Əslində indi əvvəlki illərə nisbətən vəziyyət yaxşıdır. Hal-hazırkı dövrdə gənc müəllimlər kənddə işləməyə daha çox həvəs göstərirlər. Düşünürəm, bu halı müsbət hesab etmək olar.

Müəllimlik dünyada ən çətin və eyni zamanda  ən şərəfli və hörmətli bir peşədir. Müəllim valideyndən sonra, bəlkə, 2-ci şəxsdir ki, şagirdin sevincinə sevinər, kədərinə isə kədərlənər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, hərtərəfli və dünyagörmüş şəxslər yetişir. ”Mən dünyada müəllim adından daha şərəfli ad tanımıram” deyən Ulu öndər H. Əliyev bu deyimində müəllimliyin necə ülvi bir peşə olduğunu göstərmişdir. Mən də şagird olmuşam və müəllimlərimdən gördüyüm isti münasibət müəllim olmaq istəyimdə başlıca səbəb olub. Müəllim olmaq istəyən şagirdlərimə isə demək istəyirəm ki, bu peşəni sevirlərsə və ətrafa sevgi yaya bilirlərsə, bu ixtisasa sahib olsunlar, əks-təqdirdə uğur qazanmaq qeyri-mümkün bir işdir. Düşünürəm ki, biz müəllimlər də şagirdlərimiz üçün bir nümunəyik. Beləliklə, onlar da bizlərdən öyrəndiklərini gələcəkdə şagirdlərinə aşılayacaqlar. Sevgi-hörmət-qayğı bu peşədə ilk prioritetdir. Özümü şanslı hesab edirəm, çünki mən də bu şərəfli peşənin bir nümayəndəsiyəm.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

17.12.2021

badge-icon
Türkan Gülməmmədli - İngilis dili
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Türkan Gülməmmədlidir.

Mən Gülməmmədli Türkan Vüqar qızı 2014-cü ildə 548 balla Azərbaycan Dillər Universitetinin İngilis - Alman dili müəllimliyi ixtisasına, 2018-ci ildə həmin universitetin Xarici dillərin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr pilləsinə daxil olmuş, 2020-ci ildə isə universiteti fərqlənmə diplomu ilə bitirmişəm. 4 ildir ki, müəllim kimi fəaliyyət göstərir, öz ixtisasımı icra edirəm. 

2021-ci ilin sentyabr ayından Hədəf şirkətlər qrupunun tərkibinə daxil olan Hədəf liseyinin İngilis bölməsində İngilis dili müəllimi və sinif rəhbəri kimi fəaliyyət göstərirəm. Müəllimlik elə bir peşədir ki, burada hər gün yeni nəsə öyrətməklə yanaşı öyrənməliyik də.

Biz özümüzü inkişaf etdirməliyik ki, gələcəyimizin parlaq səhifələri olan şagirdlərimizin də inkişafına yol açaq. Mən bu barədə öz üzərimdə çox işləyirəm. Hər günün sonunda bütün dərslərimi, tədris metodlarımı, şagirdlərə yanaşmamı dəyərləndirib nəticə çıxarıram. Səhvlərim üzərində işləyirəm və daha yaxşısı üçün çalışıram. Mən düşünürəm ki, bir müəllim üçün bu bir uğurdur, çünki o, birinci özünü yetişdirməyi bacarmalıdır, daha sonra isə şagirdlərini.

Apardığım təcrübələrə əsasən şagirdlər dərslərdə daha aktiv olmağı, dərsin dinləyicisi yox, iştirakçısı olmaq istəyirlər.
Şagirdyönümlü təhsil bu gün təhsil müəssisələrində qabarıq şəkildə özünü göstərir və bu, sevindirici haldır. Mən bir müəllim olaraq dərslərimi interaktiv formada keçirəm. İnsanlar gördükləri məlumatların sadəcə bir hissəsini yadda saxlayır. Onun haqqında araşdırma edərsə, yadda saxlanma güclənir. Məlumatı başqaları ilə paylaşmaq isə onu daha da yadda saxlanılan informasiyaya çevirir. Mən dərslərimdə bu üsuldan istifadə edirəm. Qəbul edilən informasiya öyrədici oyunlar, iş vərəqləri, ağıllı lövhədə oyunlar vasitəsilə mənimsənilir. Gör-toxun-tanı-adlandır metodu isə xüsusilə xarici dil tədrisi zamanı sözləri daha yaddaqalan edir.

Mənim üçün ən yaddaqalan dərsim praktik təcrübədə müəllim kimi ilk dəfə sinif qarşısında dayandığım o dərs idi. Hələ də o həyəcanımı xatırlayıram. O an fikirləşdiyim “öyrənmək daha asanmış, əsas məsələ öyrətmək imiş” olmuşdur  Min fikirlə o sinfə daxil oldum: "Görəsən, məni sevəcəklərmi, mən onlara nəsə öyrədə biləcəmmi, sinifi idarə edə biləcəmmi?” Sinfi salamladım və dərsə başlamaq üçün özümdəki həyəcanı itirməyə çalışırdım ki, bir şagirdin parta yoldaşına “müəllim nə qəşəng ingilis dilində danışır” dediyin eşitdim. Onlar tərəfindən qəbul edildiyimi görmək mənə bəs etdi. Müəllim olaraq ilk təcrübəm idi, amma o 45 dəqiqə mənə həyatım boyunca unutmayacağım bir dərs verdi. 

Müəllim olmaq bir məsuliyyətdir və əgər mən bu məsuliyyəti dərk edirəmsə, neçənci dərsim olursa olsun mən o həyəcanı yenə yaşayacağam. Bəli, hələ də yaşayıram.

Hədəf liseyində bizim bir çox dərslərimiz tətbiqə əsaslanır. Bu tətbiq sayəsində mən şagirdlərimin hansı sahədə daha bacarıqlı və həvəsli olduqlarını aşkar edirəm. Bu barədə onlarla fərdi söhbət edirəm və maraqlandığı sahələr ilə bağlı bacarıqların inkişaf etdirmək üçün onları dərnəklərə yönləndirirəm. Fərdi inkişaf saatlarında şagirdlərim sinif qarşısında öz bacarıqlarını nümayiş etdirirlər və beləliklə həm onlarda özünəgüvən, həm də istedadlarını üzə çıxarmaq üçün şərait yaratmış oluram.

Onu ilk dəfə tanıdığımdan bəri çox sakit, nadir hallarda danışan, əlində həmişə vərəq və qələm tutan bir şagirdim var. Nə vaxt ona tərəf baxsam, həmişə o vərəqə nələrsə çəkər. 1-ci sinifdə oxuyur və mən ona nə çəkirsən deyə sual verəndə “düzəldəcəyim robotun hissələridir, tikdirəcəyim binanın mərtəbələridir” deyir. 

Çox qabiliyyətli bir balabilgədir və əl işlərini çox səliqəli, aramla hazırlayır.  Mən də çalışıram ki, o bu həvəsini və marağını heç vaxt itirməsin. Hətta biz onu öyrədək, inkişafı üçün dəstək olaq, daha çox motivasiya verək ki, o öz arzusuna çatsın.

Hazırda internet, onlayn resurslarından dərslərdə daha çox istifadə olunur. Eyni zamanda iş vərəqləri əlavə material kimi istifadə olunur və bunları kənd məktəblərinin bir çoxunda əldə edəcək cihaz, qurğular yoxdur deyə düşünürəm. Bakı məktəblərindən fərqli olaraq kənd məktəblərində ağıllı lövhələrdən istifadə olunmur, lakin ağıllı lövhələrdən istifadə təlim prosesini daha öyrədici, maraqlı edir. Kənd məktəblərində Bakı məktəblərinə nəzərən siniflərdə daha az şagird təhsil alır. Bunu mən sadəcə bir cəhətdən üstünlük olaraq hesab edərəm ki, daha keyfiyyətli təhsildir, çünki Bakı məktəblərində bir sinifdə 38 şagird təhsil alır və ya şagird çoxluğundan o təhsili ala bilmir.

Mənim fikrimcə, oxumaqla müəllim olunmur, o anadangəlmə insana verilən xüsusi bir qabiliyyətdir. Diplomum var, müəlliməm deməklə müəllim olunmur. Müəllim eyni zamanda psixoloq, pedaqoq olmalıdır. Şagirdin yalnız təhsili ilə deyil, gələcəyi, xəyalları, arzularıyla da məşğul olmalıdır. Məni müəllim edən ilk öncə anam (çünki ondan gördüyüm qayğını mən də digər uşaqlara - şagirdlərimə göstərmək istədim), sonra isə ibtidai sinif müəllimimdir. Böyüdükdən sonra ətrafımdakı hadisələrə daha düzgün qiymət verməyə başlayanda elə öz müəllimlərimdən başladım və dedim ki, “mən müəllim olsaydım, belə etməzdim, bu sözü deməzdim, belə davranış göstərməzdim. Mən bu formada edərdim!” İndi də çalışıram ki, gələcəkdə müəllim olan şagirdlərim “Müəllim, mən sizi örnək aldım, siz etdiyiniz kimi etdim” desin.
Mən həmişə bütün şagirdlərimə deyirəm ki, əgər sadəcə təhsil verən bir müəllim olacaqsansa, olma, çünki mükəmməl bir biliyin ola bilər, amma qarşındakı tələbə üçün yaxşı bir insan kimi nümunə deyilsənsə, o şagirdlər sadəcə təhsil ilə böyük adam ola bilməyəcəklər.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link :  https://ref.az/2r2ho8w

10.12.2021

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi (Preliminary round) keçirilib.
18 mart 2023-cü il tarixində HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi (Preliminary round) keçirilib. 6-17 yaş arası bütün məktəblilərin ingilis dili biliklərini yoxladıqları Olimpiada Respublikanın 8 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Quba, Şəki və Şirvan olmaqla, ümumilikdə 11 binada təşkil olunub. 

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və təlimata uyğun şəkildə keçirilib. Bütün yaş kateqoriyaları üzrə şagirdlərə oxuyub anlama və ingilis dilinin istifadəsinə dair test tapşırıqları təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, nümunə suallar imtahandan bir müddət əvvəl ictimaiyyətə təqdim edilmişdir. 

HIPPO İngilis dili Olimpiadasının təşkilində məqsəd dünyanın hər yerindən ingilis dilinə maraq göstərən şagirdlər arasında dostluq münasibətləri, beynəlxalq anlaşma və sağlam rəqabət ruhu yaratmaq, şagirdlərin şəxsi potensiallarını üzə çıxarmaq və öz ingilis dili səviyyələrini beynəlxalq standartlara uyğun ölçməkdir. 

Qeyd edək ki, nəticələr 20 gün ərzində elan ediləcək.


18.03.2023

badge-icon
Fəaliyyətlərin hazırlanması prinsipi və interaktiv dərs
Fəaliyyətlərin hazırlanması prinsipi və interaktiv dərs 

İnteraktiv təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlər #biliyi tədqiqat yolu ilə əldə etsin. Bu təlim prosesində sinif (auditoriya) #qrup və #cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər.

Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında #rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsnif olunur. Bundan sonra həmin yekunlarla tədqitatın başlanğıcında şagirdlərin (auditoriyanın) irəli sürdüyü ilikin fərziyyələrlə müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) hansıların üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər, öyrəniləcək mövzuya çıxaracaq problem qoyularaq motivasiya yaradlılır.

Kursun məqsədi dərsdə fəaliyyətlərin qurulması və dərsin interaktiv təlim metodları ilə aparılması haqqında müəllimləri məlumatlandırmaqdır.

Kursda əhatə olunan mövzular: 
Fəaliyyətlərin hazırlanması prinsipi və interaktiv dərs.

Kursun linki: https://agma.az/.../fealiyyetlerin-hazirlanmasi-prinsipi...

15.03.2023

badge-icon
Beynəlxalq təcrübədə bizimkilər
Beynəlxalq təcrübədə bizimkilər

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) "Beynəlxalq təcrübədə bizimkilər" adlı layihəyə davam edir.

"Beynəlxalq təcrübədə bizimkilər" layihəsinin növbəti görüşü 17 mart saat 21:00-da yayımlanacaq. Layihənin əsas məqsədi xaricdə yaşayan və çalışan müəllimlərimizin öz təcrübələrini bizimlə bölüşməsi, beynəlxalq təcrübənin inteqrasiyasıdır.

Layihənin növbəti mövzusu "Misirdə müəllimlik təcrübəsi”dir.

Görüş Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorlar üzrə meneceri Fəzilə Mahmudova və Metropoliten Beynəlxalq Məktəbinin İKT kafedrasının rəhbəri, kompüter elmləri müəllimi kimi fəaliyyət göstərən Elvin Əliyev tərəfindən Facebook platformasında keçiriləcək.

Maraqlanan hər kəsi canlı yayımı dinləməyə və müzakirələrə qoşulmağa dəvət edirik!

14.03.2023

badge-icon
Qida gigiyenası və təhlükəsizliyi
#OnlaynKurs

Qida gigiyenası və təhlükəsizliyi
 
Qida mənşəli #xəstəliklər hər il çoxlu sayda insanlara təsir edir ki, bu da bir gündən bir neçə həftəyə qədər və daha çox davam edə bilər. Bəzi insanlarda #mədədə narahatlığa səbəb olduğu halda, bəzilərində #böyrək çatışmazlığına, hətta ölümə səbəb ola biləcək ciddi simptomlarla müşahidə olunur. Bu səbəbdən qida ilə işləyən hər kəs hazırladığı qidanın təhlükəsiz olduğundan əmin olmalıdır. 

Kursun məqsədi qida təhlükəsizliyi barədə məlumatlılığın artırılmasından ibarətdir. 

Kursda əhatə olunan mövzular:
 
 -Bakteriyaların qida mənşəli xəstəliklərin meydana çıxmasında rolu;
 -Yüksək risk qrupuna daxil olan və allergiyaya səbəb olan qidaları tanımaq;
 -Kontaminasiya (qida çirklənməsi) nədir?;
 -Effektiv gigiyena;
 -Qidaların saxlanılmasının əhəmiyyəti.

Kursun linki: https://agma.az/courses/qida-gigiyenasi-ve-tehlukesizliyi

13.03.2023

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

38

ÜMUMİ KURSLAR

2500

AKTİV MÜƏLLİM

5000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun