Profil

Axtarış

Müəllimlərin tanıdılması

badge-icon
Aydan Quliyeva - İngilis dili
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Aydan Quliyevadır.

Mən - Quliyeva Aydan Şəmsi qızı 1991-ci il noyabr ayının 7-si Biləsuvar rayonunda anadan olmuşam. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin ingilis dili müəllimliyi ixtisasına daxil olmuş və 2013-cü ildə həmin universiteti bitirmişəm.

 İxtisasım üzrə müxtəlif təlimlərdə iştirak etmiş (Tesol və İELTS) və sertifikatlar qazanmışam. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu imtahanında uğur qazanaraq Biləsuvar rayonu Arazbarı kənd tam orta məktəbinə işə qəbul olmuşam. Həmin ilin dekabr ayında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça –Məktəb –Lisey kompleksində müvəqqəti müqavilə ilə işə dəvət edilmişəm. 2017-ci ildən isə daimi əsaslarla müəllimlik fəaliyyətimi Təhsil kompleksində davam etdirirəm. 2021–ci ilin oktyabr ayından Amerika səfirliyinin Education USA proqramının Biləsuvar rayonu üzrə təlimçi müəllimi kimi fəaliyyət göstərirəm.

Öyrətmək elə bir işdir ki, ondan heç bir zaman doymaq olmur. Mən öyrətmə prosesini daha maraqlı etmək üçün müxtəlif üsullardan və yarışlardan istifadə edirəm. Şagird üçün vizuallıq daha maraqlı gəlir. Müasir texnologiyaların imkanlarından istifadə edərək şagirdlərim üçün dərs prosesini daha maraqlı edirəm. Müxtəlif yarışlar keçirdirəm və qalib şəxsi və ya qrupu kiçik hədiyyələr ilə mükafatlandırıram (Yutub kanalıma bu yarışları mütəmadi yerləşdirirəm) və ya bəzən də həftənin, ayın qalibi elan edirəm.

Mən düşünürəm ki, bütün dərslərim maraqlı və yaddaqalan keçir. Təbii ki, bəzən elə dərs olur ki, o bizim yaddaşımızda əbədi iz qoyur. Liseyə getdiyim gün ilk dərsim 8-ci sinfə oldu. O sinfin ingilis dili müəllimi məzuniyyətə getdiyi üçün mən əvəz edirdim. Şagirdlər əvvəlki müəllimlərinə olan sevgisindən mənə, ilk öncə, soyuq yanaşdılar. Həmin dərs özümə söz verdim ki, bu sinif məni də çox sevəcək. Elə ilk dərsin sonunda şagirdlərin münasibətinin yavaş-yavaş dəyişdiyini hiss etdim. Həmin sinif 2021-ci ildə 100%-lik nəticə ilə Respublikanın ən öndə gedən universitetlərinə daxil oldular. Bu gün o sinfin şagirdləri ilə müəllim-şagird münasibətindən daha çox dost münasibətimiz var.

Şagirdlərim sözün əsl mənasında çox istedadlıdırlar. Onlarla işləmək mənim ruhumu qidalandırır. Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün rayondaxili və ya ölkədaxili yarışlara, layihələrə yönləndirirəm. Bu yaxınlarda 13 şagirdim Education USA-in region seçimlərində iştirak etdi və uğur qazandı. Həmin şagirdlər layihəni başa vurduqdan sonra beynəlxalq sertifikatla təmin olunacaqlar. Çalışıram ki, bütün yeniliklərdən xəbər tutum və şagirdlərimi bu yeniliklərdən xəbərdar edim.

Müəllimlik fəaliyyətim dövründə bir çox istedadlı şagirdlərlə qarşılaşmışam və hal- hazırda da belə şagirdlərim var. 
Hal-hazırda dərs dediyim Biləsuvar liseyində heç bir çətinliklə qarşılaşmıram. Lakin kənd məktəbində çalışdığım dövrdə bir çox problemlər ilə üzləşmişdim. Maddi-texniki bazanın çatışmazlığı, şagird sayının azlığını buna nümunə gətirə bilərəm.

Kənd və şəhər məktəbi arasında ən böyük fərq maddi-texniki bazanın çatışmazlığı və məktəblərin istənilən vəziyyətdə olmamasıdır. Şagirdlər savadlı olsalar belə məktəbin yaxşı şəraitdə olmaması onların təhsilinə mənfi təsir göstərə bilir. Ən böyük fərq kimi mən bunu görürəm. Əslində indi əvvəlki illərə nisbətən vəziyyət yaxşıdır. Hal-hazırkı dövrdə gənc müəllimlər kənddə işləməyə daha çox həvəs göstərirlər. Düşünürəm, bu halı müsbət hesab etmək olar.

Müəllimlik dünyada ən çətin və eyni zamanda  ən şərəfli və hörmətli bir peşədir. Müəllim valideyndən sonra, bəlkə, 2-ci şəxsdir ki, şagirdin sevincinə sevinər, kədərinə isə kədərlənər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, hərtərəfli və dünyagörmüş şəxslər yetişir. ”Mən dünyada müəllim adından daha şərəfli ad tanımıram” deyən Ulu öndər H. Əliyev bu deyimində müəllimliyin necə ülvi bir peşə olduğunu göstərmişdir. Mən də şagird olmuşam və müəllimlərimdən gördüyüm isti münasibət müəllim olmaq istəyimdə başlıca səbəb olub. Müəllim olmaq istəyən şagirdlərimə isə demək istəyirəm ki, bu peşəni sevirlərsə və ətrafa sevgi yaya bilirlərsə, bu ixtisasa sahib olsunlar, əks-təqdirdə uğur qazanmaq qeyri-mümkün bir işdir. Düşünürəm ki, biz müəllimlər də şagirdlərimiz üçün bir nümunəyik. Beləliklə, onlar da bizlərdən öyrəndiklərini gələcəkdə şagirdlərinə aşılayacaqlar. Sevgi-hörmət-qayğı bu peşədə ilk prioritetdir. Özümü şanslı hesab edirəm, çünki mən də bu şərəfli peşənin bir nümayəndəsiyəm.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

17.12.2021

badge-icon
Türkan Gülməmmədli - İngilis dili
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Türkan Gülməmmədlidir.

Mən Gülməmmədli Türkan Vüqar qızı 2014-cü ildə 548 balla Azərbaycan Dillər Universitetinin İngilis - Alman dili müəllimliyi ixtisasına, 2018-ci ildə həmin universitetin Xarici dillərin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr pilləsinə daxil olmuş, 2020-ci ildə isə universiteti fərqlənmə diplomu ilə bitirmişəm. 4 ildir ki, müəllim kimi fəaliyyət göstərir, öz ixtisasımı icra edirəm. 

2021-ci ilin sentyabr ayından Hədəf şirkətlər qrupunun tərkibinə daxil olan Hədəf liseyinin İngilis bölməsində İngilis dili müəllimi və sinif rəhbəri kimi fəaliyyət göstərirəm. Müəllimlik elə bir peşədir ki, burada hər gün yeni nəsə öyrətməklə yanaşı öyrənməliyik də.

Biz özümüzü inkişaf etdirməliyik ki, gələcəyimizin parlaq səhifələri olan şagirdlərimizin də inkişafına yol açaq. Mən bu barədə öz üzərimdə çox işləyirəm. Hər günün sonunda bütün dərslərimi, tədris metodlarımı, şagirdlərə yanaşmamı dəyərləndirib nəticə çıxarıram. Səhvlərim üzərində işləyirəm və daha yaxşısı üçün çalışıram. Mən düşünürəm ki, bir müəllim üçün bu bir uğurdur, çünki o, birinci özünü yetişdirməyi bacarmalıdır, daha sonra isə şagirdlərini.

Apardığım təcrübələrə əsasən şagirdlər dərslərdə daha aktiv olmağı, dərsin dinləyicisi yox, iştirakçısı olmaq istəyirlər.
Şagirdyönümlü təhsil bu gün təhsil müəssisələrində qabarıq şəkildə özünü göstərir və bu, sevindirici haldır. Mən bir müəllim olaraq dərslərimi interaktiv formada keçirəm. İnsanlar gördükləri məlumatların sadəcə bir hissəsini yadda saxlayır. Onun haqqında araşdırma edərsə, yadda saxlanma güclənir. Məlumatı başqaları ilə paylaşmaq isə onu daha da yadda saxlanılan informasiyaya çevirir. Mən dərslərimdə bu üsuldan istifadə edirəm. Qəbul edilən informasiya öyrədici oyunlar, iş vərəqləri, ağıllı lövhədə oyunlar vasitəsilə mənimsənilir. Gör-toxun-tanı-adlandır metodu isə xüsusilə xarici dil tədrisi zamanı sözləri daha yaddaqalan edir.

Mənim üçün ən yaddaqalan dərsim praktik təcrübədə müəllim kimi ilk dəfə sinif qarşısında dayandığım o dərs idi. Hələ də o həyəcanımı xatırlayıram. O an fikirləşdiyim “öyrənmək daha asanmış, əsas məsələ öyrətmək imiş” olmuşdur  Min fikirlə o sinfə daxil oldum: "Görəsən, məni sevəcəklərmi, mən onlara nəsə öyrədə biləcəmmi, sinifi idarə edə biləcəmmi?” Sinfi salamladım və dərsə başlamaq üçün özümdəki həyəcanı itirməyə çalışırdım ki, bir şagirdin parta yoldaşına “müəllim nə qəşəng ingilis dilində danışır” dediyin eşitdim. Onlar tərəfindən qəbul edildiyimi görmək mənə bəs etdi. Müəllim olaraq ilk təcrübəm idi, amma o 45 dəqiqə mənə həyatım boyunca unutmayacağım bir dərs verdi. 

Müəllim olmaq bir məsuliyyətdir və əgər mən bu məsuliyyəti dərk edirəmsə, neçənci dərsim olursa olsun mən o həyəcanı yenə yaşayacağam. Bəli, hələ də yaşayıram.

Hədəf liseyində bizim bir çox dərslərimiz tətbiqə əsaslanır. Bu tətbiq sayəsində mən şagirdlərimin hansı sahədə daha bacarıqlı və həvəsli olduqlarını aşkar edirəm. Bu barədə onlarla fərdi söhbət edirəm və maraqlandığı sahələr ilə bağlı bacarıqların inkişaf etdirmək üçün onları dərnəklərə yönləndirirəm. Fərdi inkişaf saatlarında şagirdlərim sinif qarşısında öz bacarıqlarını nümayiş etdirirlər və beləliklə həm onlarda özünəgüvən, həm də istedadlarını üzə çıxarmaq üçün şərait yaratmış oluram.

Onu ilk dəfə tanıdığımdan bəri çox sakit, nadir hallarda danışan, əlində həmişə vərəq və qələm tutan bir şagirdim var. Nə vaxt ona tərəf baxsam, həmişə o vərəqə nələrsə çəkər. 1-ci sinifdə oxuyur və mən ona nə çəkirsən deyə sual verəndə “düzəldəcəyim robotun hissələridir, tikdirəcəyim binanın mərtəbələridir” deyir. 

Çox qabiliyyətli bir balabilgədir və əl işlərini çox səliqəli, aramla hazırlayır.  Mən də çalışıram ki, o bu həvəsini və marağını heç vaxt itirməsin. Hətta biz onu öyrədək, inkişafı üçün dəstək olaq, daha çox motivasiya verək ki, o öz arzusuna çatsın.

Hazırda internet, onlayn resurslarından dərslərdə daha çox istifadə olunur. Eyni zamanda iş vərəqləri əlavə material kimi istifadə olunur və bunları kənd məktəblərinin bir çoxunda əldə edəcək cihaz, qurğular yoxdur deyə düşünürəm. Bakı məktəblərindən fərqli olaraq kənd məktəblərində ağıllı lövhələrdən istifadə olunmur, lakin ağıllı lövhələrdən istifadə təlim prosesini daha öyrədici, maraqlı edir. Kənd məktəblərində Bakı məktəblərinə nəzərən siniflərdə daha az şagird təhsil alır. Bunu mən sadəcə bir cəhətdən üstünlük olaraq hesab edərəm ki, daha keyfiyyətli təhsildir, çünki Bakı məktəblərində bir sinifdə 38 şagird təhsil alır və ya şagird çoxluğundan o təhsili ala bilmir.

Mənim fikrimcə, oxumaqla müəllim olunmur, o anadangəlmə insana verilən xüsusi bir qabiliyyətdir. Diplomum var, müəlliməm deməklə müəllim olunmur. Müəllim eyni zamanda psixoloq, pedaqoq olmalıdır. Şagirdin yalnız təhsili ilə deyil, gələcəyi, xəyalları, arzularıyla da məşğul olmalıdır. Məni müəllim edən ilk öncə anam (çünki ondan gördüyüm qayğını mən də digər uşaqlara - şagirdlərimə göstərmək istədim), sonra isə ibtidai sinif müəllimimdir. Böyüdükdən sonra ətrafımdakı hadisələrə daha düzgün qiymət verməyə başlayanda elə öz müəllimlərimdən başladım və dedim ki, “mən müəllim olsaydım, belə etməzdim, bu sözü deməzdim, belə davranış göstərməzdim. Mən bu formada edərdim!” İndi də çalışıram ki, gələcəkdə müəllim olan şagirdlərim “Müəllim, mən sizi örnək aldım, siz etdiyiniz kimi etdim” desin.
Mən həmişə bütün şagirdlərimə deyirəm ki, əgər sadəcə təhsil verən bir müəllim olacaqsansa, olma, çünki mükəmməl bir biliyin ola bilər, amma qarşındakı tələbə üçün yaxşı bir insan kimi nümunə deyilsənsə, o şagirdlər sadəcə təhsil ilə böyük adam ola bilməyəcəklər.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link :  https://ref.az/2r2ho8w

10.12.2021

badge-icon
Kəmalə Səmədova - Ibtidai sinif
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Kəmalə Səmədovadır.

Mən - Kəmalə Səmədova Göyçay şəhərində müəllim ailəsində dünyaya göz açmışam. İbtidai sinif müəllimimə olan sevgim məni bu peşəyə yönləndirdi. Müəllim adını daşıdığım ilk gündən həvəslə çalışmağa başlamışam. Hazırda üçüncü sinfə dərs deyirəm. Sinfimdə 40 şagird təhsil alır. Onlardan 21-i qız və 19-u oğlandır. Şagirdlərimi öz övladlarım qədər sevir, hər birinin qayğısına qalıram.

Dərslərimi ən yeni texnologiyalardan istifadə edərək, yeni kurikulum metodları ilə keçərək uşaqlarda təhsilə marağı daha da gücləndirirəm. İxtisasım ibtidai sinif olduğu üçün bir neçə fənni tədris edirəm.
Azərbaycan dili fənnində mövzulara uyğun olaraq rollu oyunlar, onlayn dərslər təşkil edirəm. Dərslərimi mövzuların tələbinə uyğun olaraq təbiət qoynunda, muzeylərdə, müxtəlif tarixi abidələr və istehsalat müəssisələrində (nar zavod, çörək zavodu) keçməklə, tam fərqli dərs formalarından istifadə etməklə şagirdlərimdə yüksək intellekt və dünyagörüşü formalaşdırmağa çalışıram.

İnnovativ metodlar olan hörümçək toru, qərarlar ağacı, müxtəlif debatlar, kahoot və digər üsullardan dərslərimdə intensiv istifadə edirəm. Uşaqlarda rabitəli nitqin
və yazı bacarıqlarının möhkəmləndirilməsi üçün "gəzən imla" oyun dərsi təşkil etmişəm. Oxuyub-anlama dərslərini də fərqli üsullar ilə keçirəm. Məsələn: Sinif otağının divarlarına mətnlər yapışdırır və bir dəfə oxumaqlarını tövsiyə edirəm. Daha sonra mətnlərə uyğun suallar paylayıram. Bir dəqiqə ərzində suallara doğru cavab verən şagird qalib sayılır. Söz assosiasiyaları üsulundan istifadə edirəm.
Bu üsuldan istifadə edərkən öyrəniləcək mövzuya aid əsas sözü (və ya söz birləşməsini) lövhəyə yazıram. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və mən həmin fikirləri lövhəyə yazıram. Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsulu həm də şifahi formada tətbiq edirəm.
Problemli vəziyyət üsulundan istifadə etməklə tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirirəm.
Əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayıram. Şagirdləri 4-5 nəfərlik qruplara bölürəm. Problemli vəziyyət əks olunmuş iş vərəqlərini uşaqlara paylayıram. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
Bununla uşaqlarda düzgün qərar qəbul etmək, fikrini düzgün izah etmək, öz mövqeyini əsaslandırmaq və dürüstlüyü aşılayıram.Texniki dərslər olmasına baxmayaraq dərslərimdə azərbaycançılıq ideologiyasını təbliğ edirəm.

Həyat bilgisi dərsində ölkəmizin zəngin təbiəti, flora-faunası, yeraltı və yerüstü sərvətləri, ölkəmizi dünyada tanıdan, onun bayrağını yüksəklərdə dalğalandıran idmançılarımız, vətənimizi var edən milli qəhrəmanlarımız, ölkəmizin daxili və xarici siyasəti haqqında məlumat verərək onları bu ölkənin vətəndaşı olmağından qürur duymasını aşılayıram. "Hərəyə bir ağac əkək" layihəsinə qoşularaq ağac əkməyin vacibliyini önə çıxarıram.
Layihələrin hazırlanması üsulundan istifadə edirəm ki, bu da həyat bilgisi dərsi üçün çox vacibdir. Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər tapşırdığım layihələri təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə özfəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
Layihələr hazırlayarkən mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan birini seçmək imkanı verirəm.

Riyaziyyat dərsini elə əyləncəli təşkil edirəm ki, şagirdlər əylənərək öyrənir. Şagirdləri cəld və düzgün cavab verməyə öyrətmək məqsədi ilə beyin həmləsindən, kublaşdırma metodundan istifadə edirəm.
Bu, tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.
Akvarium üsulundan istifadə edirəm.
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda keçirilə bilər.
Mühazirə üsulundan istifadə edirəm.
Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə edirəm. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparıram.

Asudə vaxtın, bayram və istirahət günlərinin səmərəli keçirilməsi üçün valideynlər ilə birgə müxtəlif gəzinti və ekskursiyalar təşkil edirəm. Uşaqlarda mənəvi dəyərləri aşılamaq üçün valideyn himayəsindən məhrum olmuş uşaqlar ilə görüş, kimsəsiz qocalara yardım məqsədi ilə müxtəlif aksiyalar keçirmişəm.
Peşəmə həddən artıq vurğun olmağım, şagirdlər ilə daha tez ünsiyyət və dost münasibəti qurmağım, hər zaman axtarışda olmağım, dünya müəllimlərinin praktikasından istifadə etməyim, hər dərsimi fərqli qurmağım, hər gün uşaqlara maraqlı dərs sürprizlərim, valideynlər ilə tez-tez ünsiyyətdə olmağım peşəmdə uğur qazanmama səbəb olur.
Tez-tez bilik yarışları təşkil edir, şagirdləri daha da ruhlandırıram. Bütün milli bayramları qeyd edirəm, bu da uşaqlarda ruh yüksəkliyi yaradır.
Həmyaşıdları olan başqa ölkə və rayonların uşaqları ilə məktub vasitəsi ilə ünsiyyət qurmağı təşkil etməyim, şagirdlər arasında fərq qoymamağım, hər birinə şəxsiyyət kimi davranmağım, onlara özgüvən hissi aşılamağım, onlara inanıb güvəndiyimi hiss etdirməyim, lazım olan anda hətta onlarla həmyaşıd kimi davranmağım şagirdlərin qəlbini qazanmağıma səbəb olmuşdur.
Şagirdlərə dürüstlüyü hər zaman verdiyim sözün üstündə durmağımla öz timsalımda öyrədirəm.
Sorğu vərəqləri üsulundan istifadə etməklə şagirdlərə anonim olaraq mənim haqqında rəy yazmağı tapşırıram, oxuduqdan sonra isə şagirdlərimin məndə görmək istəmədikləri xüsusiyyətlərimi aradan qaldırıram.

E-Twinning plus beynəlxalq layihəsinə qoşularaq təcrübəmi və bacarıqlarımı daha da təkmilləşdirməyə, dünya müəllimlərinin təcrübəsindən yararlanmağa çalışıram. Rayonun və respublikanın təhsil və sosial tədbirlərində yaxından iştirak edirəm. Təhsil Nazirliyinin təşkil etdiyi dram müsabiqəsində Hikmət Ziyanın "Höcətləşən barmaqlar" təmsilini səhnələşdirərək çıxış edib və region üzrə 1-ci yerə layiq görülmüşük. Əvvəlki illərdə həmçinin son bir ildə regionda keçirilən bütün tədbirlərdə, müsabiqələrdə, idman yarışlarında, layihələrdə sinfimlə fəal iştirak edib mükafat və fəxri fərmanlar qazanmışam.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən rayon tədbirində, 20 Yanvara həsr olunan "Qanlı Yanvar" bədii kompozisiyasında, 2 Fevral Gənclər Günündə, 8 Mart Beynəlxalq Qadınlar Günündə, milli bayramımız olan Novruz şənliklərində, 31 Mart Soyqırımı Günündə, Aprel şəhidlərinə həsr olunmuş qazilər ilə görüşdə, Beynəlxalq Oxu Gününə həsr olunmuş "Gəlin birgə oxuyaq" adlı flaşmobda, NƏSİMİ-650 illiyinə həsr olunmuş rayon tədbirlərində fəal iştirakımızla rayon ictimai həyatında seçilirəm.

Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

03.12.2021

badge-icon
Əfsanə Qafarova - İbtidai sinif
"Gənc Müəllim Danışır" rubrikamızın  növbəti qonağı Əfsanə Qafarovadır.

Mən – Qafarova Əfsanə Abgül qızı 1995-ci il avqust ayının 26-da Abşeron rayonu  Qobu qəsəbəsində anadan olmuşam. 2001-ci ildə Abşeron rayonu Q.Xalıqov adına  Qobu 1 saylı orta məktəbində təhsil almağa başlamış, 2012-ci ildə həmin məktəbi bitirmişəm. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olmuşam. 2016-cı ildə pedaqoji təcrübə zamanı dərslərin nümunəvi təşkilinə görə Fəxri Fərmanla təltif edilmişəm. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu imtahanında 49 bal toplayaraq müddətli müqavilə ilə Abşeron rayonu Qobu qəsəbə 3 saylı tam orta məktəbə qəbul olmuş, 2019-cu ildə MİQ imtahanında yenidən iştirak edərək 53 bal toplayıb müddətsiz müqavilə ilə Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətimə davam etmişəm.

Müəllimlik çətin və bir o qədər də şərəfli peşədir.  Artıq 5 ildir ki, müəllim adına layiq olmaq üçün gecə-gündüz demədən çalışıram. Məqsədim yalnız şagirdlərimi akademik biliklərlə kifayətləndirməmək, həyati bacarıqlara yiyələnmələri üçün şərait yaratmaq, ən əsası vicdanlı vətəndaş yetişdirməkdir. Dövrün tələbinə uyğun olaraq “Öyrətmək üçün daim öyrənməliyik” prinsipini əsas tutaraq  yenilik axtarışındayam. Təhsillə bağlı müxtəlif seminar və təlimlərdə - ixtisasartırma, İKT bacarıqları və s  iştirak edib, təlim sonunda sertifikatla təltif edilmişəm. Təlimlərdə iştirakım hal-hazırda da davam edir. Şagirdlərimlə birlikdə e-Twinning layihələrində iştirak etmişəm.  

Dərslərimi müasir təlim metodları ilə təşkil edirəm. Daha çox oyunlara üstünlük verirəm. Həm əylənirik , həm də öyrənirik. Çünki müasir dövrün uşaqları yenilik axtarışında olur. Rollu oyun, Ziqzaq, Beyin həmləsi, BİBÖ, Akvarium kimi iş üsullarından istifadə edirəm. Daha çox əyani vəsaitlərə üstünlük verirəm. 

Hər bir dərsimə diqqətlə yanaşıram. Dərslərimi yaddaqalan etməyə çalışıram. Xüsusi olaraq şagirdlərimin "dərsimiz maraqlı idi nə tez bitdi?" suallarını tez-tez eşitmək doğru yolda addımladığımı göstərir. 

Bəzən şagirdlər onların istedadlarına biganə yanaşıldığı üçün cəmiyyətdə özünə düzgün yer tapa bilmir. Sevmədiyi peşəyə yiyələnir. Şagirdlərimin daim istedadlarına uyğun yanaşmağa çalışıram. Onların müxtəlif dərnəklərə, yarışlara və tədbirlərə yönəldirəm. Bu zaman şagird dəstək gördüyü üçün öz istedadı ilə bərabər dərslərinə də biganə qalmır. 
Şagirdlərim mənim üçün hər biri  istedadlı və maraqlıdır. Bir neçəsini nümunə göstərə bilərəm ki, şagirdlərimdən biri çox gözəl şeirlər yazırdı və rayon üzrə şeir müsabiqəsinə qalib gəlmiş, yazdığı şeir qəzetdə çap olunmuşdur. Digər bir şagirdim 8 yaşı olmasına baxmayaraq, riyaziyyat və məntiq üzrə verilən bütün tapşırıqları sərbəst həll edirdi. Digər bir şagirdim isə yaşıdlarından tamamilə fərqlənirdi. Danışıq tərzi, idarəçilik qabiliyyəti və tam fərqli xarakteri ilə təkcə sinif daxilində deyil, digər müəllim həmkarlarım da həmin şagirdimin alicənablığından söhbət açardılar. 

İşlədiyim təhsil müəssisəsində tək çətinliyim elektron resurslarla bağlı olub. Proyektor, elektron lövhə, internet kimi elektron resurslarınım az sayda olması dərslərimi qurmaqda bəzi çətinliklər yaradıb. Amma bunlara baxmayaraq açıq dərsimdə, əlamətdar günlərdə və digər dərslər zamanı elektron resurslardan istifadə etmişəm.  Təklifim bütün məktəblərin sinif sayı qədər imkan daxilində elektron resurslarla təmin edilməsidir. 

Şagirdləri yaşadıqları ərazilərə görə ayırmaq istəmirəm. Bütün uşaqlar ağ vərəq kimidir. Kənddə və ya şəhərdə yaşayan şagirdlərin istedad və bacarıqlarının üstün və ya zəif cəhətinin olduğunu heç kim deyə bilməz. Yaşayış şəraiti isə məqsədi olan insana mane ola bilməz. Üstün cəhəti şagird öz-özünə yaratmalıdır. Heç bir çətinliyi bəhanə etməməli, hədəfinə doğru inamla addımlamalıdır. Əlbəttə, bu yolda şagirdlərə yol göstərmək, düzgün istiqamətləndirmək biz müəllimlərə düşür.

Müəllimlik çətin və şərəfli peşədir. Müəllimlik çətin  peşə olsa da sənətini sevirsənsə, bu çətinlik sənə mane ola bilməz. Şagirdin üzündəki kiçik bir təbəssüm bütün çətinlikləri unutdurur.  Qələm tutmağı, hərfləri yazmağı öyrənməsi təkcə şagirdi deyil, bir o qədər də müəllimi sevindirir. Yeganə peşədir ki, müəllim şagirdlərini öz övladı kimi görür, əzizləyir, qayğı göstərir. 

Gələcəkdə müəllim olmaq istəyən abituriyentlərə, şagirdlərə tövsiyə edirəm ki, bu peşəni seçirsinizsə, peşənizə layiq olmağa çalışın.  Həvəs və maraq olmayan bir iş sizi xoşbəxt edə bilməz. Müəllim daim yenilik axtarışında olmalı, inkişafa meyilli olmalı və şagirdlərini bu istiqamətdə yönəltməlidir.
Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link :  https://ref.az/2r2ho8w

26.11.2021

badge-icon
Nuranə Təyyarlı - Coğrafiya
"Gənc Müəllim danışır" rubrikamızın növbəti qonağı Nuranə Təyyarlıdır.

Mən –Təyyarlı Nuranə Marif qızı 1993-cü il dekabrın 25-də Yevlax rayonu Səmədabad kəndində anadan olmuşam. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya müəllimliyi ixtisasına qəbul olmuş, 2016-cı ildə həmin ixtisas üzrə ali təhsilimi başa vurmuşam.

2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbulu imtahanında 57 bal toplayaraq Yevlax rayonu Aran qəsəbə V. Əmiraslanov adına 2 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi olaraq fəaliyyətə başlamışam.
Artıq 3 ildir ki, öz peşəmi layiqincə yerinə yetirirəm. Hər gün məktəbə ilk iş günüm kimi həyəcanla, sevərək gedir, dərs bitib evə qayıdanda özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, şagirdlərimə nə isə öyrətmişəm və təbii ki, mən də onlardan çox şey öyrənirəm. Müəllimlik elə peşədir ki, onu yalnız işini sevərək edən insan danışar. Hər günüm bir-birindən maraqlı, gözəl keçir. Bir kitabda oxumuşdum ki, insan gərək ya sevdiyi işi görsün, ya da işini sevsin. Mən o qədər şanslıyam ki, hər iki deyimə də sahibəm.

Çalışıram ki, dərslərimiz daha maraqlı keçsin. Bunun üçün qrupla iş, rollu oyunlar və digər müxtəlif üsullardan istifadə edirik. Uşaqların dərsdə ən çox sevdikləri üsul yarışlardır. Uşaqlara dərslikdəki tapşırıqlarla yanaşı internet resurslarından istifadə edərək maraqlı araşdırmalar, təqdimatlar da hazırlamaqda yardımçı oluram. Bəzənsə yardıma ehtiyacları belə olmur. O qədər maraqlı təqdimatlar hazırlayırlar ki...

Şagirdlərimlə keçirdiyim saysız-hesabsız, gözəl günlərim olub. 3 ildir həyatım göyqurşağından da rəngarəng keçir. Şagirdlərimə fənnimi tədris etməklə yanaşı onların xəyallarını, arzularını, bugünkü istəklərini öyrənməyə çalışıram. Bu yaxınlarda şagirdlərimə mənə iradlarımla bağlı məktub yazın dedim. Ancaq adınızı qeyd etməyin. Bir-birindən maraqlı, gülməli rəylər yazmışdılar.

İlk işlədiyim il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümündə Aran regionunu “Vətəni tanı” intellektual oyununda təmsil edərək 1-ci yerə layiq görülmüşəm.

Şəhərdə, qəsəbədə, kənddə yaşamasından asılı olmayaraq hər uşaq bir xəzinədir. Ancaq bəzən olur ki, uşaqlar özlərində olan istedadın, xəzinənin varlığından xəbərdar olmurlar. Bacardığım qədər şagirdlərimə içlərindəki qəhrəmanın fərqinə varmalarına kömək etməyə çalışıram. Bəzən uşaqlar rəssam, musiqiçi, futbolçu, müəllim olmaq istəyirlər. Ancaq valideynlər onları başqa peşələrə istiqamətləndirməyə çalışırlar. Uşaqlar bu fikri mənimlə bölüşəndə onlara sizin xəyallarınızı başqalarının yaşamasına izin verməyin deyirəm. Düzdür, hər bir valideyn övladının daha yaxşı həyat yaşamasını istəyər, amma gələcək məhz o şagirdin gələcəyidir.

2019-cu ildə Təhsil Nazirliyinin yüksək bal toplayan müəllimlərin tanıdılması layihəsi olan “Bizim müəllim” layihəsində haqqımda təqdimat verilib. Təhsil Nazirliyinin Facebook  səhifəsində və digər platformalarda haqqımda məlumat verildiyinə görə çox sevinmişdim.

Pandemiya dövründə də peşəmi onlayn olaraq davam etdirmişəm. 2020-ci iin yanvarında Microsoft Teams platforması üzərindən həyata keçirilən “Virtual məktəb” layihəsində onlayn dərslərin təşkili və şagirdlərin dərslərə cəlb olunmasında göstərdiyim fəallığa görə Yevlax Təhsil Şöbəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşam.
Dərs keçdiyim məktəb yaşayış yerimdən o qədər də uzaqda deyil. Ancaq kəndimizdən birbaşa gedən marşrut olmadığına görə bəzən yolda uzun müddət marşrut gözlədiyim anlar olub. Qış fəslində bir az çətin olsa da insan sevdiyi işlə məşğul olanda heç bir problem ona ağır gəlmir. 

Kənddə və ya qəsəbədə yaşayan şagirdlərin istedadının, bacarığının hansısa şəhərdə və ya Bakıda yaşayan şagirdlərin istedadından az olduğunu düşünmürəm. Düzdür, ola bilər ki, bəzən həyat şəraiti onlara daha yaxşı tədris materiallarından yararlanmaqda mane olsun. Ola bilər ki, hansısa ucqar kənddə şagird yol, istilik problemi ilə qarşılaşsın. Ancaq hər çətinliyə rəğmən kəndlərdə də yetəri qədər istedadlı şagirdlər olmuşdur. Sadəcə onları üzə çıxaran, onları anlayan, dinləyən müəllim, valideyn olmalıdır.

Mən bədii kitablar oxumağı çox sevirəm. Günümü kitablarla zənginləşdirməyə çalışıram. Klassik, detektiv, müasir,  klassik, psixoloji kitablarla yanaşı kitabxanalarda məktəblilər üçün yazılan kitabları da mütləq oxuyuram. Çünki uşaqlar məndən kitab məsləhəti istəyərkən hansı kitabların daha maraqlı olduğunu onlara deyirəm. Bununla yanaşı müəllimlər üçün yazılmış kitablarla maraqlanıb, onları da mütaliə edirəm. Xüsusən də, müəllimlərin yazdıqları kitabları oxumağı çox sevirəm. Düzdür, müəllimlik kitablardan öyrənilməz, ancaq müəllim kitablardan çox şey öyrənər.

Bəzən insanlar müəllimlik çox çətin peşədir deyirlər. Doğrudur, çətindir, ancaq həm də çox maraqlı, hər günü bir-birindən rəngarəng peşədir müəllimlik. Müəllim olmaq istəyən abituriyentlərə tövsiyəm odur ki, əgər hər gününüzün digərindən daha rəngarəng, maraqlı olmasını istəyirsinizsə doğru yoldasınız. Gələcəyi sizin əllərinizdə olan bir-birindən gözəl, balaca ürəklərə ümid, inam, gələcək və tədris etdiyin fənni öyrədəcəksən. Birinə nə isə öyrətməkdən gözəl nə ola bilər ki? Həm də sən də hər gün şagirdlərindən yeniliklər öyrənəcəksən. Hər gün gözləri parlayan, xəyallar quran, daha çox gülən, əylənən işıq görəcəksiniz dəhlizlərdə, siniflərdə. İnsan onlarla yorulmaz, əksinə istirahət edər.
Çox sevdiyim yazar Ahmet Şerif İzgörenin ən sevdiyim kitabının adı belədir –“Masallarda bir peri çıkar karşınıza, gerçek hayatda Öğretmen”. Çox istəyərəm ki, mən də Şerif bəyin dediyi kimi müəllim olum. Bunu nə dərəcədə bacarıram bilmirəm, ancaq şagirdlərin həyatına toxunan müəllim olmağım diləyi ilə...

19.11.2021

badge-icon
Aysel Alızadə - İbtidai sinif
Gənc Müəllim danışır rubrikamızın növbəti qonağı Aysel Alızadədir.

Mən - Aysel Alızadə 2001-2005-ci illərdə Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbdə təhsil almışam. 2005-ci ildən ailəmlə Bakı şəhərinə köçərək orta təhsilimi Bakı şəhər Xətai rayonu 64 saylı tam orta məktəbdə davam etdirmişəm. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olmuş, 2017-ci ildə 46 bal ilə müddətli müqavilə ilə pedaqoji fəaliyyətə başlamışam. Ancaq mənim hər zaman arzum ibtidai sinifdə təhsil aldığım məktəbə müəllim kimi qayıtmaq idi. 2018-ci ildə yenidən MİQ müsabiqəsində iştirak edərək 55 bal ilə Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışmağa başladım. Həmin il eyni zamanda magistratura imtahanında da uğur qazanmışdım, ancaq kəndə qayıdıb arzumu gerçəkləşdirməyi daha üstün bildim və magistr təhsilimdən imtina etdim.

İşlədiyim müddət qısa - 5 il olsa da bu illər ərzində bir sıra mükafatlara layiq görülmüşəm. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu ildə “İlin müəllimi” adına layiq görülmüş, İcra Hakimiyyəti, RTŞ və məktəb rəhbərliyi tərəfindən dəfələrlə təltif edilmişəm. Ceyhun Bayramovun Təhsil naziri olduğu zaman iki dəfə gənc müəllimlərlə görüşündə iştirak etmişəm. 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən Qrant qazanaraq “Kənd məktəblilərinin musiqi festivalı” layihəsinin rəhbəri olmuşam.

Orta məktəbdə şagird, universitetdə tələbə olduğum zamanlarda hər zaman sevdiyim və fərqlilik edən müəllimlərin dərsini oxumuşam. Müəllim kimi həmişə çalışıram ki, dərsimi monotonluqdan uzaq, fəal təlim metodlarından istifadə edərək qurum. Ən çox istifadə etdiyim interaktiv metodlar isə ziqzaq, beyin həmləsi, klasterdir. Bundan əlavə, uşaqlarda təlimə daha çox maraq yaratmaq üçün mövzulara aid əyləncəli oyunlar, yarışlar təşkil edirəm.

Ən çox yadımda qalan dərs günüm 2018-ci ildə dördüncü sinfə dərs deyirdim. İki şagirdimin xoş olmayan addım atmasını öyrənmişdim, onlarla təklikdə söhbət edərək etdikləri addımın düz olmaması ilə bağlı danışdım və sonra dərs müddətində birinin digərinə məktub yazmasını gördüm və alıb oxudum. Məktubda yazılmışdı ki, ”müəllim bizim səhvimizi uşaqların yanında demədi, bizi pisikdirmədi. Daha biz də bir də elə səhv etmərik”. Yəqin ki, ömrümün sonuna kimi o məktubu unutmaram. Ən yadımda qalan dərs isə 1-ci sinfə ilk dərs dediyim gün idi. Düşündüm ki, bu uşaqlar heç vaxt hərf tanımayacaq, oxuya bilməyəcəklər. Ancaq biz sinif olaraq bütün çətinliklərdən keçərək, pandemiyanın bizə təsir göstərməsinə izin verməyərək bunu bacardıq.

Mən riyaziyyatdan zəif olan şagirdimi bütün dərinlikləri öyrənməyə məcbur etmirəm. Düzdür, günlük həyatımızda lazım olan bacarıqlara yiyələnməlidir, ancaq hər kəs riyaziyyatçı olacaq və ya hər kəs universitet oxuyacaq deyə bir qayda yoxdur. Çox gözəl şeir demək bacarığı olan bir şagirdimi tədbirlərdə önə çıxarıram və ya riyazi bacarıqları olan şagirdimi o istiqamətdə yarışlara, olimpiadalara cəlb edirəm. Hər kəsin istedadına uyğun yanaşmaq şərtdir!

Heç vaxt şagirdlərim arasında seçim edə bilmədiyim və fərq qoymadığım üçün konkret ad çəkmək istəməzdim. 1 il dərs dediyim bir sinif var idi ki, orada sinfin 50 faizi üzündən belə oxuya bilmirdi. Ancaq bir şagird xüsusi istedadlı idi. Hətta deyərdim ki, bilmədiyi heç nə yox idi. Mənə görə ən böyük istedad da onda idi ki, yoldaşları dərs oxumağa meyil göstərməsə də, hər il bir müəllim dəyişsələr belə o özünü inkişaf etdirməyi bacarmışdı.

2005-ci ildən Bakıda yaşadığım və 12
il sonra yenidən kəndə qayıtdığım üçün mühitə alışmaq mənim üçün bir az çətin olmuşdu. Ən böyük çətinlik isə dostlarımın, yoldaşlarımın hamısının Bakıda olması idi. Ailəmdən tək anam mənimlə qalırdı, o da tez-tez Bakıya getdiyi üçün bəzən darıxırdım. Şəhərdə insan özünü daha çox inkişaf etdirir, istədiyi hər şeyi rahatlıqla əldə edə bilir. Kənddə isə vəziyyət daha fərqli olur. Ancaq uşaqların sevgisi, saflığı üçün hər bir çətinliyə dəyərdi.

Hər iki mühitdə təhsil aldığım üçün o fərqi ən gözəl mən gördüm. Şəraitsiz, odun peçi olan, hətta onun belə qızdırmadığı, köhnə bir kənd məktəbindən çox gözəl şəhər məktəbində oxumağa getmişdim. Şəhərdə uşaqlar daha dünyagörüşlü, daha sərbəst olurlar. Kənddə isə uşaqlar özlərini ifadə etməkdə, cəmiyyətə adaptasiyada çətinlik çəkirlər. Ancaq təcrübəmə əsasən onu deyə bilərəm ki, kənddə uşaqlar oxumağa daha həvəsli olurlar, düşünürlər ki, universitetə qəbul olmaq onların şəhərə getməklərinə səbəb yaradacaq, həyatları dəyişə biləcək. Şəhərdə uşaqların bütün imkanları olduğu üçün onları heç nə təəccübləndirə bilmir.

Müəllimlik yeganə peşədir ki, həkimi də, vəkili də yetişdirə bilir. Heç bir xəstə həkimin, günahkar vəkilin qarşısına qaçmaz, ancaq şagirdlər sevdiyi müəllimin qarşısına qaçırlar. Bir şagirdə bir hərf öyrətməyi bacaranda insan özünü dünyanının xoşbəxt insanı hesab edir. Əlbəttə, çox çətinlikləri olur. Hər şagird bir ailədən gəlir. Müəllim isə şagirdlərdən başqa onların valideynləri ilə də yaxşı münasibət qurmağa, hər kəsə öz xarekterinə uyğun olaraq fərdi yanaşmağa məcburdur. Ancaq bütün çətinliklərə baxmayaraq, mən müəllimlik peşəsini seçdiyim üçün çox qürurluyam. Tələbələrə isə onu demək istəyərdim ki, əgər həvəsləri varsa, bu peşədə işləməyi düşünsünlər. Əgər həvəs, maraq yoxdursa, bilik olsa belə müəllim sinif otağında uğur qazandıra bilməz. Ölkəmizin gələcəyini biz yetişdiririk, ona görə də bu gün can qoymalıyıq ki, gələcəkdə canımız etibarlı əllərdə olsun.

Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

05.11.2021

badge-icon
Taleh Bəşirov - Tarix
Gənc Müəllim danışır rubrikamızın növbəti qonağı Taleh Bəşirovdur.

Mən - Bəşirov Taleh Bəkir oğlu 1998-ci ildə Quba rayonu Aşağı Atuc kəndində anadan olmuşam. 2015-ci ildə 529 balla ADPU Tarix müəllimliyi ixtisasına daxil olmuş, 2019-cu ildə universiteti bitirmişəm. 2020-ci ildə hərbi xidməti başa vurduqdan sonra həmin ildə keçirilən MİQ imtahanında 55 bal toplayaraq Quba rayonu İsmət İbadullayev adına Məckəxacə kənd tam orta məktəbində Tarix müəllimi olaraq fəaliyyətə başlamışam. 2021-ci ildə isə yerdəyişmə müsabiqəsi ilə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində fəaliyyətə davam etmişəm.

Universitet illərimdə daha çox Xəmsə, NHN ,Breyn rinq kimi intellektual yarışlarda iştirak etmiş və mükafatçı olmuşam. Həmçinin Azərbaycanın Arxeologiya, Antropologiya və dövlətçilik tarixi ilə bağlı keçirilən seminarlarda iştirak etmişəm.

Çalışmışam həmişə dərslərimdə şagirdlərə daha çox onlara maraqlı olan tərzdə tədris formasından istifadə edim. Tarixin maraqlı fənn olmasından istifadə edərək şagirdlərlə daha çox internet resurslarından istifadə edərək dərs keçirik. Həmçinin müəyyən mövzuları keçdikdən sonra şagirdlərlə müxtəlif tipli yarışlar keçirir, onların dərsə olan marağı artırır və sağlam rəqabət mühiti yaratmağa çalışıram.

İlk tədris ilinin pandemiya dövrünə təsadüf etdiyindən deyə bilərəm ki, ilk ildə istədiyim kimi fəaliyyət göstərə bilmədim. Amma onlayn dərslərin birində şagirdlərlə bir mövzunu müzakirə edə-edə vaxtın, zamanın fərqinə varmamışdıq.

İlk işlədiyim ildə məktəbdə şagird sayı az idi, yeni məktəbdə isə qısa müddətdir tədrisə başlamışam. Amma praktika müddətimdə dərs keçdiyim şagirdlərlə söhbət əsnasında onların maraqlarını öyrənir və həmin şagirdlərə o mövzuda kitablar alır, onlara maraqlandıqları mövzu ilə bağlı araşdırma aparıb məlumatlar ötürürdüm. Ümumi dünyagörüşü olan uşaqlarla komanda quraraq intellektual yarışlara gedirdik.

Adı tam olaraq xatirimdə qalmayıb amma praktikada olduğum il idi. Şagirdin biri sinifdə, həqiqətən, savadı ilə seçilən uşaq idi. Bəlkə də, məni gənc yada təcrübəsiz kimi gördüyündən idi ki, nə desəm razılaşmırdı. Hər hansı mövzudan danışanda fərqli bir fakt deyərək həmişə onu inkar etməyə çalışırdı. Bəzən gedib müharibə statistikalarini əzbərləyib gəlib onlardan sual verirdi. Həmin şagirdlə dərs maraqlı idi, amma deyə bilərəm ki çətin anlar yaşatdı mənə))

Əvvəlki iş yerim şəhər yerindən müəyyən qədər kənarda yerləşirdi. Müəllim heyəti gənc perspektivli olmasına baxmayaraq, şagirdlər istənilən keyfiyyəti vermirdi. Kənd yerlərində ən böyük problem valideynlərin övladlarının taleyinə laqeyd yanaşması idi. Şagirdin təhsil alması ikinci planda nəzərdə tutulurdu həmişə. Qız şagirdlərdə problem daha böyük idi. Məktəbdə 9-cu sinifi bitirdikdən sonra şagirdi məktəbə göndərmir, həqiqətən, oxumaq istəyən qızları isə evdən kənara buraxmamaq üçün təhsillərinə maneə olurdular. Təbii ki, bu bütün valideynlərə şamil olunmur. Bu məsələni həll etmək üçün ilk əvvəl onun kökünə düşmək lazımdır. Amma ən sadə variant olaraq valideynləri təhsil almış qadınları iştirak etdiyim iclaslara cəlb etmək idi. Təhsilsiz istər qız, istər oğlan övladının gələcəkdə hansı problemlə rastlaşacağını sözlərlə yox, birbaşa əyani göstərmək lazımdır.

Şəhərin mühiti və perspektivi, həmçinin kəndlərin şəraiti, əlavə olaraq kəndlərdə olan bir çox məktəbin köhnə olması arada uçurum yaradır. Amma kənd mühitində, həqiqətən, elmə və təhsilə ac olan şagirdlər var ki, onlara dəstək olunsa, onlara qayğı göstərilsə, bəli, onlar çox fərqli yerlərə gəlib çıxa bilərlər. Amma insanın doğulduğu coğrafiya, təəssüf olsun ki, onun həyatının gedişinə çox böyük təsir göstərir.

Mən məktəb oxuyandan müəllim olmaq istəmişəm. Hətta ixtisas seçimində əsas üstünlüyü müəllimliyə vermişdim. Tarixə olan həvəsim də məni tarix müəllimi oxumağa yönəltdi. Ümumiyyətlə, müəllim adı, həqiqətən, ağır addır. Müəllim olan bir kəs öz həmyaşıdlarından istər-istəməz fərqlənməlidir. Çünki bizlərə baxıb nümunə götürən şagirdlər və bizləri övladlarına nümunə göstərən valideynlər həmişə ətrafımızda olur. Müəllim olmaq istəyən abituriyentlərə əsas tövsiyəm odur ki müəllim kimi çalışıb sizin milyonçu olmanız qeyri-mümkündür. Amma, həqiqətən, bu işi sevib görsəniz sizdə olan mənəvi zənginliyin həddi olan deyil. O şagirdlərin sizi görən zaman gülərüzlə salam vermələri, sizə qarşı fərqli bir münasibət bəsləmələri, bəlkə də, bir çox zənginlikdən üstündür.

Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

29.10.2021

badge-icon
İlahə Hüseynova - Azərbaycan dili və ədəbiyyat
Gənc Müəllim danışır rubrikamızın növbəti qonağı İlahə Hüseynovadır.

Mən - İlahə Hüseynova Qax rayonu Almalı kəndində dünyaya göz açmışam. 2006-cı ildə məktəbi bitirib elə həmin il BDU-nun filologiya fakültəsinə qəbul olunmuşam. 2010-cu ildə universiteti bitirib Qax rayonu Marsan kənd tam orta məktəbində işə başlamışam. Hal-hazırda Qax rayonu Qaratala kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm.11 il iş stajım var.

Müəllim kimi işlədiyim ilk gündən bu günə qədər hər zaman öz üzərimdə çalışmış, daim təlimlərdə iştirak edərək yenilik axtarışında olmuşam. Çünki müasir dövrün şagirdləri yeniliyi və fərqliliyi sevirlər. İşlədiyim bu illər ərzində bir sıra nailiyyətlərim olub, təlimlərdən fərqləndirici sertifikatlar əldə etmişəm. 2019-cu ildə Qax Rayon Təhsil Şöbəsi tərəfindən "İlin ən yaxşı mühazirəçisi" fəxri fərmanı ilə təltif edilmişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Future Class Network şirkətinin KOİCA ilə birgə təşkil etdiyi Azərbaycan müəllimlərimin səriştələrinin artırılması layihəsində onlayn iştirak edərək beynəlxalq sertifikatla təltif edilmişəm.Pandemiya dövründə bir çox layihələrdə və təlimlərdə iştirak etmişəm. N.Gəncəvi 880, Layihələrin və təşkili və idarə olunması, Veb2 alətlərdən istifadə, İKT-nin dərslərə tətbiqi, Gələcəyin gənci, Ədiblərimizlə görüş, Məktəblərdə uşaq psixologiyası, Müasir təlim metodları ilə dərslərin təşkili, Nitqin inkişaf mərhələləri və başqa bir çox təlimlərdə iştirak edib təlimin sonunda sertifikatla təltif edilmişəm.Təlimlərdə iştirakım davam edir. Hal-hazırda e-Twinningdə türk müəllimlərlə birgə layihədə iştirak edirəm. Resfebe ilə əylənərək öyrənək adlanan bu layihə şagirdlərim tərəfindən maraqla qarşılanır. Dərslərimizdə öyrəndiklərimizi tətbiq edirik.

Dərslərimi müasir təlim metodları ilə təşkil edirəm ki, fərqli və maraqlı olsun. Ən çox istifadə etdiyim iş üsulları: Simuliyasiya, Venn diaqramı, 3-2-1, Sinektika, Obrazlar xəritəsi, Frayer modeli, Sinkveyn.

Yaddaqalan dərslərim çoxdur. 2016-cı ildə 7-ci sinifdə ədəbiyyat dərsində keçdiyim Hikmət Ziyanın "Kərgədan və Qarışqa" əsəri şagirdlərim və məktəb rəhbərliyi tərəfindən bəyənilmişdi. Məktəbimizin binası köhnədir və müasir avadanlıqlarla təhcizat yox dərəcəsindədir. Buna baxmayaraq mən dərs üçün, şagirdlərim üçün proyektor axtardım, çətin də olsa onu tapdım və açıq dərsimdə istifadə etdim. Bu şəhər məktəbləri üçün adi olsa da,vkənd uşaqları üçün yenilik idi, onlar proyektorla ilk dəfə idi ki, dərs keçirdilər.Bu dərsi çox sevdilər və dərsin bitməyini istəmirdilər.

Şagirdlərimin istedadını üzə çıxarmaq üçün fərdi iş formasından istifadə edirəm. Hər şagirdə fərdi davranıram. Bu işdə mənə H.Gardnerin çoxşaxəli intellekt nəzəriyyəsi kömək edir. Tapşırıqları hər şagirdin intellekt səviyyəsinə uyğun verirəm. Bəzi şagirdlərdə verbal-linqvistik, bəzisində şəxslərarası, fərddaxili, məkan- vizual və başqa intellekt ola bilər, ona görə hər şagirdə intellekt tipinə uyğun davranmaq lazımdır.

Hər şagirdin əlbəttə ki, fərqli bir qabiliyyəti var. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi olduğumdan daha çox şeir hekayə yazan şagirdlərin axtarışındayam. Bu illər ərzində müxtəlif qabiliyyətli şagirdlərim olub. Aralarında gözəl şeir söyləyənlər, rəssam olanlar var. Şeir yazan şagirdlərimin şeirlərini toplayıram, onlara yaradıcılıqlarını inkişaf etdirmək üçün dəstək oluram.

Kənddə dərs demək əlbəttə ki, asan deyil. Çünki kənd məktəbləri maddi-texniki təchizatla zəngin deyil. Müasir laboratoriya, müsir sinif otaqları, informafika otağı yoxdur. Hər evdə şəxsi internet yoxdur. Ona görə çox vaxt çətinliklər yaranır. Dərsliklər müasir dövrə və müasir texnologiya vasitələrinə uyğun tərtib edilib. İnternetdən verilən araşdırma tapşırıqlarını şagirdlərim hamısı yaza bilmir. Dərslərdə mütəmadi İKT-dən istifadə edə bilmirik, buna baxmayaraq mümkün olduqca kompüterdən istifadə edirəm. Karantin dövründə onlayn dərslərə bütün şagirdlər qoşula bilmirdi, çünki hər kəsin evində internet, şəxsi mobil telefonyoxdur.

Şəhər və kənd uşağı fərqləndirmirəm, müəllim çox çalışsa, istədiyi şagirdi istədiyi kimi yetişdirə bilər. Müəllimlik peşələr arasında ən ali peşədir. Çünki bütün peşə sahibləri seçdikləri sənətin sirlərini müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açır,hər insanın taleyində müəllimin yeri var.

Gələcəkdə müəllim olacaq şagirdlərə, tələbələrə tövsiyə edirəm ki, bu peşəni seçirsinizsə, yüz ölçün, bir biçin.Bu peşənin şərəfi ilə bərabər, məsuliyyəti də var.Uşaqlar bizim gələcəyimizdir, onların gələcək həyatında bizim öyrədəciyimiz biliklərin rolu böyükdür, çünki gələcək bugündən başlayır.

Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

22.10.2021

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 3-ci günü
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 3-ci gününü geridə qoyduq.

Layihənin 3-ci gününün ilk təlimi təlimçi Nuranə Məmmədova tərəfindən “Yaşıl məktəbə doğru: hər məktəbdəki boşluqların və potensialın aşkar edilməsi” mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub.

Günün ikinci yarısı isə Yaşıl Zonada Milli QHT Pavilyonunda “Gənclər və Texnologiya tərəfindən İqlim Hərəkatı” mövzusunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının katibinin müavini Noura Hamladji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər  tərəfindən sessiya baş tutub və bununla da gün yekunlaşıb. 

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

17.11.2024

badge-icon
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 2-ci günü
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 2-ci gününü geridə qoyduq.

Layihənin 2-ci gününün ilk təlimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Gənclər təşkilatlarının rəsmi üzvü Zhu Danfeng tərəfindən “Qeyri-maddi mədəni irs və qlobal iqlim cəhdləri’ mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub.

Günün ikinci yarısı isə Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri
Nəzrin Süleymanova və beynəlxalq layihələrin yazılması üzrə fasilitator, təlimçi
Cəsur Mədətzadə tərəfindən “Komanda daxilində işin təşkili’ mövzusunda təlim keçirilib, davamında isə qrup işləri keçirilib. Layihənin 3-cü təlimi isə Təhsildə ekoloji yanaşmalar sahəsində təlimçi Nərgiz Əliyeva tərəfindən “Ətraf mühitin çirklənməsi və təhsil müəssisələrinin bu istiqamətd əata biləcəyi addımlar’ mövzusuda təlim keçirilib və bununla da gün yekunlaşıb. 

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

16.11.2024

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı.

"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" proqaramının ilk günündə AGMA-nın sədri Pərvinə Qədimova və Layihələr üzrə meneceri Ramilə El-oğlu gənc müəllimləri salamlayaraq, proqram haqqında ümumi məlumat veriblər. 

Daha sonra layihə iştirakçılarının şəbəkələşməsi üçün tanışlıq oyunları keçirilib.

Qeyd edək ki, proqramın ilk görüşü Tyantszin Xarici Tədqiqatlar Universitetinin beynəlxalq institutunun əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş keçirilib. Gənc müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda görüş baş tutub və bununla da gün yekunlaşıb. 

Məlumat üçün vurğulayaq ki, 5 gün davam edəcək layihənin 16 noyabr tarixində Yaşıl zonada xarici ekspertlərin iştirakı ilə sessiyası baş tutacaq.

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

15.11.2024

badge-icon
Təqdimatlarımız davam edir
 Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Xəzər rayonu 334 nömrəli tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatoru Şəfa Fərəcova tərəfindən təqdimat keçirilib. 

Təqdimatdan sonra gənc müəllimlərimiz üçün Gənc İbtidai sinif Müəllimləri Birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən "Müəllim etikası, davranış qaydalarının tətbiqi" mövzusunda təlim keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

31.10.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun