Profil

Axtarış

Müəllimlərin tanıdılması

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
Afət Nəbiyeva Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2006-cı ildə Şəmkir rayonu Kür qəsəbəsi 2 saylı tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olmuşdur. 2020-ci ildə Müəllimlərin İşə Qəbul İmtahanında yüksək bal toplayaraq  Bakı şəhəri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbində tarix müəllimi olaraq fəaliyyət göstərməyə başlamış və bu 3 il müddətində müxtəlif təlim və seminarlara qatılaraq beynəlxalq sertifikatlar əldə etmiş, müxtəlif təhsil təşkilatları ilə birgə layihələrdə fəaliyyət göstərmişdir.

“Hər zaman sosial aktivliyimi qoruyub saxlayıram. AGMA-nın təşkilatçılığı ilə “Boot Camp” layihəsi, ”Xəmsə” intellektual oyunu, ”Gənc müəllimlərin 2-ci forumu”, müxfəlif kurs və seminarlarda iştirak etmişəm. “Hədəfdə STEAM -beynəlxalq təlim treninqi”ndə beynəlxalq sertifikat əldə etmişəm. İTE-nin təşkil etdiyi “Təlimçi hazırlığı”, ”Fəal Elektron Təlim Treninqi”, ”Rəqəmsal qiymətləndirmə” kimi təlimlərdən sertifikatlar əldə etmişəm.

Ən sonuncu təşkilatlardan birinin  xətti ilə “Eğitimdə Yeni Trendlər forumu”na  qatılaraq Türkiyənin Doğuş Universiteti, Nişantaşı Universiteti, Atolye Vision dərnəyi, Hüseyn Cavid adına Azərbaycan məktəbində olaraq təlim və seminarlarda iştirak etmişəm, müəllimlərlə təcrübə mübadiləsi edərək interaktiv tədris təcrübəmi daha da inkişaf etdirmişəm”.

“Məktəb vaxtlarımdan müəllim olmaq mənə həmişə sehirli gəlirdi. Bunu düşünməyimə səbəb öz müəllimim idi. Əgər bir müəllim şagirdin üzündə təbəssümə çevrilə bilirsə, onun qəlbinə gedən yolu bütün əngəllərdən təmizləyib tapa bilirsə, o şagirdi həyatda özünü və kimliyini tapan və təsdiq edən  şəxsiyyətə çevirə bilirsə, şagirdini eşidə və anlaya bilirsə, o danışmadan onu oxuya bilirsə bu sehir deyil bəs nədir? Bu müəllim peşəsinə sevginin sehridir. Mən də sehirli müəllim olacağıma inanaraq bu yola çıxdım və bunu öz fərqli dərs üsulumla, şagird şəxsiyyətinə yanaşma tərzimlə bacardığımı və yaxud bu yolda böyük səy göstərdiyimi düşünürəm. Mən tarix dərsini adi həyatda hər bir uşağın bildiyi və oynadığı oyunlardan oyun əsaslı üsullar tərtib edərək tədris etməyə çalışıram. Bildiyimiz kimi, tarix tədqiqatların nəticəsində yaranan elmdir. Məhz bu üsullarla şagirdlər yeni bilikləri məntiqi və düşündürücü oyunlarla özləri tədqiq edərək öyrənirlər. Bu üsullarda  interaktivliyə, şagirdin maraq və tələbatlarına uyğun olmasına, yaş və qavrama qabiliyyətinə xüsusi diqqət edirəm. Müasir şagird qərarları müstəqil qəbul edən, azad düşüncəli, texnoloji imkanlardan yararlanaraq  bütün gizlinləri aşkara çıxara bilən, fikrinə hörmətlə yanaşılmasını tələb edən şagirddir. Mən 21-ci əsr şagirdinə 21-ci əsr düşüncəsi ilə yanaşıram və qiymətləndirirəm. Bu səbəbdən də dərslərimə daha yaradıcı yanaşaraq əyləncəli oyunları fəal interaktiv üsula çevirirəm və tarix fənnini fərqli üsullarla tədris edən müəllimlər arasında öz fərqli yanaşmamı göz önünə sərirəm. Beləliklə, öz “Sehirli Müəllim” hekayəmi davam etdirirəm”.

25.07.2023

badge-icon
Fərq Yaradan Gənc Müəllim-2023
 Təranə Nuriyeva 23 may 1992-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində doğulub.
 ADPK-nin İbtidai sinif müəllimliyi fakültəsini, 2023-cü ildə BSU-nin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsini bitirmişdir.
 Hal-hazırda  Nəsimi rayonu, Y.Mirzəyev adına  44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir.
 E-Twinning layihəsinin üzvü, Milli və Avropa keyfiyyət nişanının sahibi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqələrində təlimçi və ekspert, 44 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın və “İbtidaidən Aliyə” layihəsinin rəhbəri, Minecraft Global Mentor, Wakelet Certified Educator, Microsoft Sertifikatlı Pedaqoq (MCE), MİE Trainer, MİE Expert-dir. Həmçinin, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən hazırlanmış "Microsoft sertifikatlı müəllim" tədris vəsaitinin həmmüəllifidir.
 
“Mən bir gənc müəllim olaraq şagirdlərimin xəyallarını reallaşdırmasına dəstək olub, kiçik bir sinif otağında onların xəyal dünyalarına işıq tutmağa nail olmuşam. Şagirdlərimə animasiya proqramlarında işləməyi öyrədərək onların rəsmlərini canlandırmağı bacardığım kimi neçə-neçə başqa məktəblərin şagirdlərinə könüllü şəkildə dərslər keçmiş, onlara da bu proqramda işləməyi təmənnasız şəkildə öyrətmişəm.
"İbtidaidən Aliyə" layihəsini icra edərək öyrənmə pilləsinin ən aşağı və ən üst səviyyəsində olan öyrənənləri eyni mühitdə birlikdə öyrənməyə cəlb etmiş, hər bir şagirdə individual yanaşmanı təmin etmişəm.
Mənim üçün şagirdlərimin dünyagörüşü, vətənpərvərliyi, milli kimliyini tanıyan vətəndaş olması həmişə ən öndə gəlib. Bu məqsədlə daim şagirdlərimlə yerli və beynəlxalq layihələrdə iştirak edib, öz ölkəmizi tanıtmaqla yanaşı, digər xalqların da adət-ənənələri ilə birlikdə yaxından tanış olmuşuq”.

25.07.2023

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Şəbnəm Muradlıdır.
Mən - Şəbnəm Muradlı Alim qızı Ağstafa rayonunda anadan olmuşam. 2008 – ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuş, 2012 – ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Riyaziyyat və İnformatika fakültəsini bitirmişəm. 2015- ci ildə MİQ-də iştirak edərək öz istəyimlə Quba rayon  Əlik kəndində riyaziyyat və informatika müəllimi kimi çalışmağa başlamışam. Həmin il eyni zamanda magistratura imtahanında uğur qazanaraq  Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyatın tədrisi metodikasi” fakültəsinə daxil oldum, ancaq müəllimlik arzusu daha üstün gələrək magistr təhsilimdən imtina etdim.

2020-2021 ci illərdə Ağstafa rayon Soyuqbulaq qəsəbə tam orta məktəbində çalışmışam. 2021-ci ildən MİQ-də yenidən iştirak etdim və yüksək nəticə göstərərək Şəmkir şəhər F. Salmanov adına tam orta məktəbində müəllim kimi fəaliyyətimi davam etdirirəm.
Müəllimlik mənim üçün ən ülvi, ən ali pillədir. Bu yolda uğur qazanmaq üçün özünü inkişaf etdirmək lazımdır. İşlədiyim müddətdə bir çox təlimlərdə, seminarlarda iştirak etmiş və sertifikatlara layiq görülmüşəm.”Bullinq və bullinqin qarşısının alınması”, “Sinfin idarə olunması”, ”Emosional zəka”,  ”Reproduktiv sağlamlıq”, “STEM təlimi – 2022” və “STEM layihələrinin qiymətləndirilməsi” təlimlərində fəal iştirakıma görə sertifikatlarla təltif olunmuşam.

Hər bir müəllim özünü mühakimə etməyi bacarmalıdır. Əsl müəllim kimi dövlətin, cəmiyyətin, qloballaşan dünyanın tələblərini əsas götürüb müasir Azərbaycan məktəblisinə tələb olunan səviyyədə bilik almağın yollarını öyrətməlidir.
Müəllim öz qabiliyyəti, danışıq tərzi, davranışı, geyimi, tədrisdə seçdiyi metod və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Şagirdin idrak proseslərinə təsir etməyi bacarmalıdır. Şagirdin fərdi – psixoloji vəziyyətini nəzərə almalı, onun inkişaf edib irəli getməsinə təsir edən mənfi amilləri aradan qaldırmaqda usta olmalıdır. 

 Dərslərin tədris olunmasında şagirdlərin maraqlarını üstün tuturam və öyrədici olması üçün hər zaman yeniliklər fikirləşib tətbiq edirəm. Ən maraqlı dərslərimdən “Modelləşmə” mövzusunun “Wood design” tətbiqində şagirdlərin vizual olaraq tanış olmaları idi. Hal – hazırda çalışdığım məktəbdə kifayət qədər çalışqan, istedadlı şagird var, sadəcə onlardakı bu keyfiyyətləri üzə çıxarmaq biz müəllimlərə düşür. Təhsil və Elm Nazirliyi və “Alqoritmika” beynəlxalq şirkəti tərəfindən birgə həyata keçirilən “HOUR-of.code” yarışmasında məktəbimizin şagirdləri iştirak edib, üç şagirdim final mərhələsinə vəsiqə qazanmışdırlar. Məmmədova Fatimə Respublika üzrə 3-cü yerə layiq görülmüşdür.

Dəniz səviyyəsindən 1700 m. yüksəklikdə və şəhər mərkəzindən 40 km. uzaqlıqda yerləşən Quba rayonunun Əlik kəndində  çalışmış bir müəllim kimi deyə bilərəm ki, şəhərdəki şagirdlərə verilən imkanlar ucqar dağ kəndlərində təhsil alan şagirdlər üçün də yaradılmalıdır. 
Öyrədənlə öyrənən arasında əks - əlaqə prosesində təlim mədəniyyəti yaratmaq xüsusi qabiliyyət tələb edir. Bunun üçün müəllim - şagird - valideyn münasibətlərinin  tam doğru qurulması üçün təkliflər verilməli və dəyərləndirilməlidir.
Sonda müəllim olmaq istəyən hər bir abituriyentə bu şərəfli  və çətin yolda uğurlar arzulayıram. Müəllimlik elə bir peşədir ki, öz vəzifəsinin məsuliyyətini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşıyaraq bu yolda heç bir çətinlikdən qorxmur, zəhməti, fədakarlığı hesabına özünə inanır!

26.08.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Jalə İsrafillidir.
Mən - Jalə İsrafilli Şəki şəhərində anadan olmuşam. 2012-ci ildə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi bitirmişəm. 2012-2016-cı illərdə ADPU-nun Şəki filialında Xarici dil (İngilis dili müəllimliyi) ixtisasında  bakalavr təhsili aldıqdan sonra təhsilimi davam etdirərək 2017-ci ildə ADU-ya daxil olmuşam. 2017-2019-cu illərdə ADU-da  Filologiya (İngilis ədəbiyyatı) ixtisasında magistr təhsili almışam. Bir müddət kursda ingilis dili müəllimi olaraq fəaliyyət göstərmişəm. Həmin müddətdə öz sahəmdə biliklərimi daha da təkminləşdirərək  2020-ci ildə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında iştirak etmişəm. MİQ imtahanında uğur qazanaraq Göyçay şəhər R. Rza adına 1 nömrəli tam orta məktəbdə İngilis dili müəllimliyi ixtisası üzrə  işə qəbul olmuşam. Bütün illər ərzində təhsil sahəsində qazandığım uğurlar heç də asanlıqla əldə edilməyib. Ailəm, ətrafımdakı dəyərli insanlar, müəllimlərim, müəllim yoldaşlarım və ən əsası öz işimi sevməyim bu yolda mənim dəstəkləyici qüvvəm olub.  Gələcəkdə öz sahəmdə biliklərimi daha da təkmilləşdirərək elmi dərəcəmi yüksəltməyi planlaşdırıram.

Bu illər ərzində mən özümü daha yaxından kəşf etməyə müvəffəq oldum. Bir çox inşa müsabiqələrində qalib olmuşam. Bir çox vebinar, seminar, təlimlərdə iştirak etmişəm. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “İnnovative Business and Products” MMC həyata keçirilən “Layihə planlaşdırılması və Layihə təklifinin yazılması” təlimində, British Council tərəfindən təşkil edilən OTC – "Online Teacher Community" platforması üzərindən həyata keçirilən “Future English Teacher Development”, American Councils Azerbaijan tərəfindən təşkil edilən  “Critical Thinking Through Teaching English Training” təlimində, həmçinin 2022-ci il ildə keçirilən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkil etdiyi Region Gənc Müəllimlərinin 2-ci Şəbəkələşmə Forumunda iştirak etmişəm.
2022-ci ildə British Council tərəfindən OTC (Online Teacher Community) platforması üzərindən təşkil edilən OTC Summer School-İngilis dili müəllimləri üçün təşkil edilmiş, 15 ölkənin qatıldığı onlayn yay məktəbində fəal iştirak etmişəm.

Dərslərimin keçirilmə formasında şagirdlərimin maraq və istəklərini nəzərə alır, onların aktivliyini təmin etmək üçün interaktiv təlim metodlarından (Klaster, Beyin həmləsi, Ziqzaq, Karusel, və ...s) istifadə edirəm. Dərslərimi, əsasən, dialoji nitq formasında keçir və şagirdlərdə çevik zəkanın formalaşmasına şərait yaradıram.

Hər bir insanın həyatında ona təsir edən uğurlu, gələcəyə açar ola biləcək müəyyən bir söz və yaxud ifadə mövcuddur. Hər bir insan öz potensial səviyyəsini müəyyən dərəcədə aşa bilər. Bunun üçün inam gücü, zəhmət, bacarıq, əzm və bu xüsusiyyətlərin formalaşmasında əsas rol oynayan keyfiyyətli təhsilin olması mütləqdir. Bütün bu bacarıqların formalaşması üçün şagirdləri daha yaxından tanımaq, onları kəşf etmək lazımdır. Sinifdə şagirdlərim üçün hər zaman dəstəkləyici mühit yaratmağa çalışıram, müxtəlif bacarıqlarını üzə çıxardıram. Onlar üçün göstərdiyim düzgün istiqamət, formalaşdırdığım özgüvən hissi, optimist təfəkkür və çevik zəka ilə uğurlu nəticələrə imza atacağıma əminəm.


19.08.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Emil Hüseynlidir.
Mən - Hüseynli Emil Polad oğlu Oğuz rayon Xaçmaz kəndində anadan olmuşam.
2013-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialinın Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam.2017-ci ildə həmin ali təhsil müəssisəsini bitirərək 2018 -2019-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. 2020-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək Oğuz rayon Mollalı kənd tam orta məktəbindəki  vakant yerə təyin edilmişəm. Hal-hazırda da həmin məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərirəm. "Xəmsə", "Breyn rinq" kimi intellektual yarışlarda iştirak etmiş və müxtəlif diplom və sertifikatlarla təltif olunmuşam.

Müasir dərsin tələblərinə uyğun olaraq müxtəlif iş üsullarından istifadə edirəm. Daha çox istifadə etdiyim üsullar: Eyler Venn diaqramı, BİBÖ, klaster, müzakirə. Yaddaqalan dərslərim çoxdur. Hər dəfə dərsə girəndə çalışıram ki, bütün dərslərim maraqlı və yaddaqalan olsun. Ən maraqlı dərslərimdən biri də 2021-ci ildə keçdiyim  "Qarabağ Azərbaycandır!" adlı dərsim oldu. Dərs məktəb rəhbərliyi tərəfindən bəyənildi və çox yüksək səviyyədə dəyərləndirildi.

Mən şagirdlərimin dərs zamanı əldə etdiyi bilik, bacarıq və təcrübə əsasında onların hansı sahələrə marağının olduğunu müşahidə edərək onların istedadlarını kəşf edirəm. Ümumiyyətlə, istedadlı şagirdlərim çoxdur.

Müəllim üçün çətinlik olmamalıdır. Əgər bir müəllim peşəsini sevərək icra edirsə, bütün çətinliklərin öhdəsindən gəlməyi bacarmalı və mümkün çıxış həll yolları tapmalıdır.
 Məktəbimizdə deyə bilərəm ki, çətinliklər İKT avandanlıqları ilə bağlıdır. Çox istedadlı şagirdlərimiz var və bu şagirdlərin İKT bacarıqlarının artırılmasında əlimdən gələn köməklikləri göstərməyə çalışıram.
Kənd məktəbində dərs demək şəhər məktəbindən, əlbəttə, çətindir. Lakin bütün bu çətinliklər mənim peşəmə, şagirdlərimə olan sevgimə mane deyildir. Bütün şagirdlər mənim gözümdə eynidir. Heç zaman şagirdlərim arasında fərq qoymadım. Və yaxud şəhər ya kənd uşağı deyə ayırmadım. Çünki müəllim istədiyi hər bir şagirdi istədiyi kimi yetişdirə bilər. Hətta deyə bilərəm ki, tanınmış şairlər, dahi şəxsiyyətlər kənd məktəblərində təhsil alanlardır.

Müəllim peşəsi ən ali peşədir. Çünki bütün peşə sahibləri seçdikləri sənətin sirlərini müəllimdən öyrənirlər. Gələcəkdə müəllim olmaq istəyən şagirdlərimə tövsiyəm bu peşəni sevirlərsə, seçsinlər. Bütün şagirdlərə sevgi ilə yanaşsınlar. Çünki dünyanı sevgi xilas edir.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

12.08.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Aytən Azərlidir.
Mən - Azərli Aytən Fariz qızı Kürdəmir rayonunun Atakişili kəndində dünyaya gəlmişəm. 6 yaşımdan etibarən Bakıda yaşayırıq. 2001-2012-ci illərdə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən Rixard Zorge adına 90 saylı tam orta məktəbdə orta təhsilimi almış (məktəbə getməzdən ana dilimizin və rus dilinin əlifbasını artıq öyrənmişdim), elə həmin ildə də ADPU-nun Pedaqoji fakültəsinin "İbtidai sinif müəllimliyi" ixtisasına qəbul olmuşam. 2017-2019-cu illərdə ADPU-nun "Məktəbəqədər təlim-tərbiyənin metod və metodologiyası" ixtisası üzrə magistratura təhsili almışam. Doğma universitetimdə o qədər dəyərli və yüksək dünyagörüşlü pedaqoji heyətdən akademik bilik və bacarıqlar əldə etmişəm ki, bununla qürur duyuram! 

Tələbəlik illərimdən özünüinkişaf proqramlarına, inkişafetdirici müxtəlif təlimlərə qoşulmaqla uğurlu sertifikatlar əldə etmişəm. Magistratura təhsili müddətində müxtəlif kitablarda tezis, referat və məqalələrim dərc olunmuşdur. 

2019-cu ildə MİQ imtahanında 48 bal toplayaraq Şuşa rayon N. Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə artıq 3 ildir ki, pedaqoji fəaliyyət göstərirəm. 

3 illik təcrübə dövründə daima araşdırmalar etmiş, müxtəlif seminar, layihə və təlimlərə qoşulmuşam. 

Peşə fəaliyyətimi icra edərkən əsas amalım didaktik xarakterli dərslərlə öyrənənlərin dünyagörüşünü artımaqdır. Məlumdur ki, mövzuları təqdim etməyin müxtəlif üsulları var. Düşünürəm ki, standart dərs forması şagirddə çox az maraq oyadır. Ənənəvi və fəal təlim metodları ayrıca, bəzən isə sintez formada da təşkil edilə bilər. Məqsəd bütün şagirdlərin diqqətini mövzuya fokuslamaqdır. Burada müəllimin nitq mədəniyyəti, diksiyası çox vacibdir. Əyanilik prinsipi əsas olmaqla şagirdlərə problemli situasiyanı həll etməyə inkişafetdirici şərait yaradılmalı, informasiya müzakirə və mübadiləsinə diqqət edilməlidir. Hər fənnin öz maraq dünyası var. Məsələn, təsviri incəsənət dərsimizdə mən də şagirdlərimlə birgə mövzuya uyğun musiqi sədaları altında rəsm çəkir, bacarıqlarımızı üzə çıxarırıq. Həm əylənir, həm də öyrənirik. Sinif daxilində yarış xarakterli dərslər, imla, inşa, şeir müsabiqələri və s. sağlam rəqabət yaratmaqla şagirdləri stimullaşdırır, potensialı üzə çıxarmağa kömək edir. 

Şagirdlərimin istedad və bacarıqları ilə fəxr edirəm: kimi dünya coğrafiya xəritəsini və ölkələrin paytaxtlarını əzbər bilir, kimi tarixi gün və hadisələri araşdırmağı sevir və informasiyanı bizimlə bölüşür, kimi şahmatda mat etməyin yollarını bilir. İdman yarışlarında milli bayrağımızı fəxrlə yüksəldən şagirdlərimiz də var. Bir çox  musiqi alətlərində ifa edən şagirdlərimiz  müxtəlif yarışlara da qatılırlar. Şeir, rəsm, imla müsabiqələrində fəallıq göstərən şagirdlərim də az deyil. Hər biri bir incidir. 

Sinfimdə 40 şagird var idi. Artıq onlar ibtidai təhsil pilləsindən məzundurlar. Və onların arasında bir şagird var idi ki, mənə hər dərs sual hazırlayırdı. Xırda bir kağızda əlində bərk-bərk tuturdu. İstər ədəbiyyatdan müxtəlif qəsidə və qəzəllərdəki anlamadığı sözlərin izahını, istər digər yuxarı sinif fənlərindən tərif və düsturları. Mən də eynilə həmin vərəqdə cavablandırıb qaytarırdım. 1-ci sinfi başqa bir müəllimlə yekunlaşdırmışdı. Məni tanımağa çalışdığını valideynindən daha aydın öyrəndim. "Sizin çox şey bildiyinizi düşünərək həm də biliyinizi sınayır. Cavablarınızın dəqiqliyini görəndə sevinir". (Valideyn bunları deyərkən utanırdı). Maraqlı idi...müəllimi sevməyin və ona inanmağın fərqli bir durumu idi. Məni düşündürən isə əsas nəticə oldu... 

Fikrimcə, kənd və şəhər mühitləri arasında diqqəti cəlb edən fərqlər: məktəbin infrastrukturu, texniki baza. Ucqar kənd və rayonlarımızda hələ də təhsilsiz uşaqları xəbər alanda təəssüflənirəm. Onlar məktəbə getmək əvəzinə valideynlərinə kənd təsərrüfatı işlərində kömək edirlər. Bu iki işi birgə icra edən uşaqlar da az görməmişəm. Uşaqlıqdan zəhmətə alışdırılmaq gözəl olsa da, gələcəkləri məhdudlaşdırılmamalıdır. 

Dövr bir çox imkanlar təqdim edir, elm və texnologiya inkişaf etdikcə daha çox imkanlar yaranır. Sadəcə imkanı fürsətə çevirməyi bacaran aktiv düşüncəli, alternativləri olan təhsil menecerlərinə ehtiyac var. 

Bu faktdır ki, abituriyentlərin çoxu ali təhsil alır, lakin savad əldə edə bilmir. Bu mənada savadlılıq prinsipi əsas götürülməlidir. Peşə seçimi edərkən abituriyent daxili qüvvəsini nəzərə almalı, seçəcəyi ali təhsil ocağının onun inkişafına nə qədər və necə təsir edəcəyini hesaba qataraq yaxın gələcəyi üçün planlı olmalıdır. Çünki həyatının sütunu seçimlərin üzərində qurulur. Hər bir insan da seçdiyini yaşayır. 

Bir gün bir şagirdimdən belə bir fikir aldım: "Məncə, ən gözəl peşə müəllimlikdir. Polis olmaq istəyirəmsə, bu peşəni bilən müəllimlərdən öyrənəcəyəm. Həkimi də müəllim öyrədir, prezidenti də, müəllimi də müəllim öyrədir". Əlbəttə, müəllimlik vəzifəsindən qürurla danışan Ulu öndər Heydər Əliyev vaxtilə "Mən müəllimdən yüksək ad tanımıram" demişdir. 

İlk müəllimim anam olub. Tibb üzrə oxusa da, evdar xanımdır... Övladlarına elm aşılayan valideynlər çox dəyərlidir... 

İbtidai sinif müəllimimi çox müşahidə edirdim və çox sevirdim. Riyaziyyatdan 3-4 tapşırıq verəndə mən hər dəfə 3-4 səhifə işləyib dəftəri bitirirdim. Onu hirsləndirən bu davranışımı yuxarı sinifdə də davam etdirdim. Əsas sevimli fənnim riyaziyyat idi. Lakin Azərbaycan dilindən də 8-ci sinif kitabını yay tətilində bitirdiyimi yaxşı xatırlayıram. Müəllimin izahından öncə yeni mövzuları özüm öyrənib işləməyi çox sevirdim. Məncə, 2-ci bir şəxsin izahı insanda fərqli bir yanaşma doğura bilər, lakin özünün doğru formada öyrənib-anladığı heç unudulmur. 

Müəllimlik kitablardan oxunaraq öyrənilən bir peşə deyil. Düşünürəm ki, "müəllim doğulur". Müəllim "öyrədən" deməkdir. Doğru bildiklərini öyrədərək düz yol göstərəndir. Öyrənənlərin gələcəyinə işıq saçan mayakdır MÜƏLLİM!

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

22.07.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Günay Musayevadır.
 Mən - Musayeva Günay İman qızı Yevlax rayonunun Malbinəsi kəndində doğulub həmin kənddə də orta məktəbi bitirmişəm. 2001-ci ildə Yevlax rayon şəhid Əsgər Həsənov adına Malbinəsi kənd musiqi məktəbinin 7 illik fortepianino sinfində pianino üzrə təhsil almışam. Məktəbdə oxuyan zaman fəal, dərslərində nümunəvi şagird olmuşam. 2007-ci ildə Azərbaycan dilindən fənn olimpiadasında iştirak edib Yevlax rayon birincisi olaraq respublika turunda iştirak edərək yer tutmuş, inşa müsabiqələrində, Yevlax rayon şəhid Əsgər Həsənov adına musiqi məktəbində İngiltərənin təşkil etdiyi rəsm yarışmasında qalib olmuşam.

2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında ibtidai təhsilin metodikası və pedaqogikasi ixtisasına qəbul olmuşam. Bu ixtisası seçmək uşaqlara olan böyük sevgim, öyrətmək marağım, enerjim və ibtidai sinif müəllimimə olan sevgim nəticəsində oldu. 

2017-ci ildə MİQ imtahanına qatıldım və kifayət qədər yüksək nəticə əldə edərək Bərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl tam orta məktəbdə ibtidai sinif müəllimi işləmək hüququna nail oldum. Artıq 5 ildir həmin  məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Bu çox da uzun olmayan illər ərzində iştirakçısı olduğum təlim, kurslar, seminarlar sayəsində müxtəlif diplom və sertifikatlara layiq görülmüşəm. Öyrənmək, təkmilləşmə hissi hər zaman mənim həyatımın başlıca amalıdır. Ancaq rayon belə fəaliyyətlər üçün o qədər də geniş imkanlı deyil.

Müəllim kimi hər zaman çalışmışam ki, şagirdlərimlə eyni yaş təxəyyülünə sahib olan, əylənərək, disiplini də maraqlı qəbul edərək ,sıxılmadan öyrədəm.Çünki düşünürəm ki ibtidai sinif müəllimi şagirdin – şəxsin  həyatında travma kimi yox, xoş bir xatirə kimi iz qoymalıdır.

Tədris etdiyim fənləri öyrədərkən həyatla əlaqəli əyani vəsaitlərdən, müxtəlif öyrədici araşdırma tələb olunan oyunlardan, texnologiyanın növlərindən yararlanıram. Dərslərimin özəyini fəal interaktiv oyunlar və eləcə də fəal təlim üsulları təşkil edir. Kurikulum bunun üçün geniş qapıdır.
Tədris etdiyim illər ərzində elə düşünürəm ki, imkanlarım daxilində hər bir dərsim maraqlı, əyləncəli, bol-bol araşdırmalı, öyrədici olub. Açıq havada, təbiət qoynunda mütaliə, sinifdə körpələrimlə birgə təşkil etdiyimiz sinema zal , pulları öyrənmək üçün hazırladığımız mini satış mağazaları,  hələ Qarabağımız işğalda olarkən “qovuşmağa az qalıb” şüarı ilə Qarabağın müxtəlif yerləri haqqında hazırladığımız maket qurğuların köməyilə Qarabağa səyahət, saat, zaman anlayışı zamanı 20 il sonra mən, dərs - tamaşamız və s. daha da maraqlı dərslərimiz olub.

Hesab edirəm ki, hər kəs riyaziyyatçı, dilçi olmaq məcburiyyətində deyil. İlk dəfə rəhbərlik etdiyim sinfimdə xüsusi bacarığı olan uşaqları hiss edib valideynləri ilə söhbət apararaq onları bacarıqları olan yönə yönləndirməyə yardımçı olmuşam. İndi onlardan ikisi Bərdə rayon 4 saylı uşaq incəsənət məktəbinin rəsm bölməsi üzrə təhsil alır. Rəhimli Nihat, Sarıyeva Əsmər rəsm üzrə müsabiqələrdə öz sözlərini artıq deyirlər. Fortopianina üzrə isə Qasımova Fatimə gələcəyə dair uğurlu addımlar atır.

İşə qəbul olduğum ilk ildə müəyyən yaşa çatmış müəllim iş yoldaşlarım və bəzi valideynlər (gənc müəllimə inamsızlıq ) tərəfindən qəbul olunmaqda bir az çətinliklər oldu. Ancaq həvəslə, məsuliyyətlə çalışmağım, usanmadan uşaqlarla işləməyim və şagirdlərimin uğurları, balaca fidanlarımın gözlə görüləcək müsbət dəyişikləri ilə, xarakterimlə bu səddi aşdıq. Vəindi hər şey çox gözəldir.

Mən bir müəllim, bir fərd olaraq rayon, kənd, şəhər  uşağı (şagirdi) sözünü bir o qədər də yaxşı qarşılamıram. Çünki hər şagirdə eyni səviyyəli ali təhsil ocağında təhsil almış müəllim dərs deyir. Burada savad baxımından fərq olmamalıdır, fərqi sosial imkanlar yaradır. Dünyagörüşü yaşanılan mühitlə əlaqəli olaraq fərqli, dar və geniş ola bilər .

Müəllimlik müqəddəs bir peşədir. Hər bir peşənin, vəzifənin açarı müəllimdir .Yaxşı bir müəllim cəmiyyətin, kütlənin savad, bilik, bacarıq gözünün “oftalmoloq” həkimidir. Əgər bir ölkənin “savad gözü “ görmürsə, xəstədirsə o ölkə gec-tez məhvə gedər.

Mən xoşbəxtəm ki, Azərbaycan Respublikasında müəlliməm. Və çox xoşbəxtəm ki, ibtidai sinif müəllimi olaraq təhsilin bünövrəsinin qurulmasında izim, əməyim olur. Bu peşə məsuliyyətli, sevimli , vüqarlı və əyləncəlidir.

Ulu Öndərimiz Heydər Əliyev əbəs yerə deməyib ki, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram “.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w


15.07.2022

badge-icon
"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Kamran Mansurovdur.
Mən - Mansurov Kamran Rəsul oğlu 31 iyul 1993-cü ildə Cəlilabad rayonu Cəfərxanlı kəndində anadan olmuşam. Orta məktəbi uğurla başa vurduqdan sonra 2011-ci ildə Lənkəran Dövlət Universitetinin "Təbiyyat" fakültəsinin "Tarix və Coğrafiya müəllimliyi" ixtisasına qəbul olmuşam. 2015-ci ildə universiteti uğurla bitirib 1 illik hərbi xidmətə getmişəm.
2017-ci ildə MİQ imtahanından uğurla keçərək Lerik rayonu E.Qurbanov adına Lərmərud kənd tam orta məktəbində Coğrafiya fənn müəllimi kimi əmək fəaliyyətimə başlamışam.

Ucqar dağ kəndində şagirdlərin dərsə marağını artırmaq üçün əlimdən gələni əsirgəməmişəm. Dərslərimi əsasən müzakirə formasında şagirdlərimin maraq və istəklərini nəzərə alaraq müasir təlim metodları əsasında qururam. Bəlkə də, bu səbəbdəndir ki, əmək fəaliyyətimə başladığım ilk vaxtlardan şagirdlərimdə coğrafiya fənninə qarşı böyük maraq oyatmağı bacarmışam.

Mənim təşkilatçılığım və Baba.az saytının dəstəyi ilə işlədiyim ucqar dağ məktəbinə Şaxta babanın müxtəlif maraqlı hədiyyələrlə gəlməsi şagirdlərimiz üçün çox böyük sevinc mənbəyi oldu, onların dərsə olan marağını dəfələrlə artırdı. Şagirdlərimizə bu sevinci yaşada bildiyimə görə çox şad oldum.

Şagirdlərimin istedad və maraqlarını üzə çıxarmağımda başlıca faktor kimi onların hər birinə fərdi yanaşmağımda görürəm. Onların hansı istedada daha çox malik olduğunu hiss etdiyimdə bu mövzular haqqında maarifləndirici söhbətlər aparıb istiqamətlər verirəm. Hər bir şagirdin vizual, kinestetik və digər intellektual bacarıqlarını ortaya çıxartmaq bütün müəllimlərin fəaliyyət istiqamətində başlıca rol oynamalıdır.

Müəllimlik fəaliyyətimdə çox istedadlı və əl qabiliyyəti gözəl olan şagirdlərimizlə rastlaşmışam. Hal-hazırda işlədiyim Cəlilabad rayonu M.Muradov adına Qarakazımlı kənd tam orta məktəbin X sinif şagirdi Əsədova Xalidənin çox gözəl rəsm çəkmək qabiliyyətini xüsusi vurğulamaq istəyirəm. Vətən müharibəsi şəhidlərindən olan Qasımov Mirağa və Qasımov Xalidin şəkillərini çox gözəl ustalıqla çəkdiyinə görə şagirdimizə müəllim kollektivi adından təşəkkürümüzü bildirib öz üzərində daim çalışmağı tövsiyyə etdik.

2 il işlədiyim Lerik rayonunun ucqar dağ kəndi olan Lərmərud kəndində əsas çətinlik kimi yolsuzluq və qazla təminatın olmamasını xüsusi vurğulamaq istərdim. Qışda sinif otaqlarının odun peçi ilə qızdırılması çətinliklər yaradırdı. Şagirdlərimizin və kənd camaatının doğma münasibəti bu çətinliklərə sinə gəlməyimdə çox böyük rol oynamışdır.

Mən kənd məktəbində işləyən bir müəllim olaraq istər kənd, istərsə də şəhər məktəbində təhsil alan şagirdlər arasında hər hansısa bir fərq qoymaq istəməzdim. Şəhər məktəblərində olduğu kimi kənd məktəblərində də əlverişli şəraitin, maddi-texniki bazanın və s. yaradılmasını həmişə istəmişik. Qeyd olunan məsələlərin əlverişli dərs mühitinin yaradılmasında çox önəmli faktorlardan olduğunu düşünürəm.

Müəllim olmaq istəyi uşaqlıq arzularımdan biri olub. Bu arzumun reallığa çevrilməsində mənə motivasiya verən müəllimlərimə və ailəmə nə qədər təşəkkür etsəm yenə az olar. Gələcəkdə müəllim olmaq istəyən abituriyentlərə öz üzərlərində daimi çalışmalarını, yaradıcı olmalarını tövsiyə edərdim.
Necə deyərlər dövrümüzün tələbi olan "Öyrətmək üçün daim öyrənməliyik" prinsipi ilə daim yenilik axtarışında olmalıyıq.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

08.07.2022

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 3-ci günü
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 3-ci gününü geridə qoyduq.

Layihənin 3-ci gününün ilk təlimi təlimçi Nuranə Məmmədova tərəfindən “Yaşıl məktəbə doğru: hər məktəbdəki boşluqların və potensialın aşkar edilməsi” mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub.

Günün ikinci yarısı isə Yaşıl Zonada Milli QHT Pavilyonunda “Gənclər və Texnologiya tərəfindən İqlim Hərəkatı” mövzusunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının katibinin müavini Noura Hamladji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər  tərəfindən sessiya baş tutub və bununla da gün yekunlaşıb. 

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

17.11.2024

badge-icon
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 2-ci günü
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsinin 2-ci gününü geridə qoyduq.

Layihənin 2-ci gününün ilk təlimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Gənclər təşkilatlarının rəsmi üzvü Zhu Danfeng tərəfindən “Qeyri-maddi mədəni irs və qlobal iqlim cəhdləri’ mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub.

Günün ikinci yarısı isə Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri
Nəzrin Süleymanova və beynəlxalq layihələrin yazılması üzrə fasilitator, təlimçi
Cəsur Mədətzadə tərəfindən “Komanda daxilində işin təşkili’ mövzusunda təlim keçirilib, davamında isə qrup işləri keçirilib. Layihənin 3-cü təlimi isə Təhsildə ekoloji yanaşmalar sahəsində təlimçi Nərgiz Əliyeva tərəfindən “Ətraf mühitin çirklənməsi və təhsil müəssisələrinin bu istiqamətd əata biləcəyi addımlar’ mövzusuda təlim keçirilib və bununla da gün yekunlaşıb. 

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

16.11.2024

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı.

"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" proqaramının ilk günündə AGMA-nın sədri Pərvinə Qədimova və Layihələr üzrə meneceri Ramilə El-oğlu gənc müəllimləri salamlayaraq, proqram haqqında ümumi məlumat veriblər. 

Daha sonra layihə iştirakçılarının şəbəkələşməsi üçün tanışlıq oyunları keçirilib.

Qeyd edək ki, proqramın ilk görüşü Tyantszin Xarici Tədqiqatlar Universitetinin beynəlxalq institutunun əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş keçirilib. Gənc müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda görüş baş tutub və bununla da gün yekunlaşıb. 

Məlumat üçün vurğulayaq ki, 5 gün davam edəcək layihənin 16 noyabr tarixində Yaşıl zonada xarici ekspertlərin iştirakı ilə sessiyası baş tutacaq.

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.

15.11.2024

badge-icon
Təqdimatlarımız davam edir
 Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Xəzər rayonu 334 nömrəli tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatoru Şəfa Fərəcova tərəfindən təqdimat keçirilib. 

Təqdimatdan sonra gənc müəllimlərimiz üçün Gənc İbtidai sinif Müəllimləri Birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən "Müəllim etikası, davranış qaydalarının tətbiqi" mövzusunda təlim keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

31.10.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun