Profil

Axtarış

Elanlar

badge-icon
Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başladı!
 Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başladı!
 
Övladlarımız harada yaşamasından asılı olmayaraq ana dilini, milli kimliyini və Azərbaycanla bağlarını yaşatsın!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA)** təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.
 
Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə, milli kimliyini daha yaxından tanımasına və milli şüurlu insan kapitalının formalaşmasına və qorunmasına dəstək olmaqdır.
 
Yaş qrupları:
Kiçik yaş qrupu: 6–10 yaş
Orta yaş qrupu: 11–13 yaş
Yuxarı yaş qrupu: 14–18 yaş
 
Tədris prosesi:
Onlayn dərslər  25 sentyabr 2026-cı ildən başlayacaq.
Dərslər həftədə 2-dəfə keçiriləcək.
Təcrübəli müəllimlər tərəfindən tədris edilən dərslər interaktiv və maraqlı formada aparılacaq.
 Proqram 3 səviyyə üzrə hazırlanıb: başlanğıc, orta və yüksək.

Müraciət və seçim:
Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına, dil bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər və dərslərə qoşulacaqlar. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.
 
Qeydiyyat linki: https://forms.gle/o6MYvWZJjc9ywj7g9

Övladınızın Azərbaycan dili ilə bağlarını gücləndirmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!

10.09.2026

badge-icon
“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat başlayır!
 Gələcəyin təhsil lideri olmağa hazırsınız?

“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat başlayır!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində yeni bir layihəyə start verilir.

Strateji düşünən, qərarvermə bacarığı yüksək, komandaya ilham verən təhsil menecerlərinin yetişdirilməsi bu günün prioritetidir. 

 “Təhsil Menecerlərinin İnkişaf Akademiyası” məhz bu missiyaya xidmət edir — gələcəyin təhsil liderlərini formalaşdırmaq üçün.

Sizi nə gözləyir?
Təcrübəli mütəxəssislərdən praktik yönümlü təlimlər
Praktiki tapşırıqlar və real idarəetmə nümunələri
Şəbəkələşmə və təcrübə mübadiləsi imkanı
Fərdi mentor dəstəyi
Rəsmi sertifikat

Kimlər qoşula bilər?
 Rəhbər vəzifədə çalışmaq və ya bu istiqamətdə inkişaf etmək istəyən pedaqoji şəxslər

Son qeydiyyat tarixi: 15 mart 2026

Qeydiyyat: https://forms.gle/ebED9srb8QfbSS9D6
İndi müraciət edin — təhsildə idarə edən tərəfdə olun!

27.02.2026

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə start verir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) illik fəaliyyətləri çərçivəsində regionlarda gənc müəllimlərin əlaqələndirilməsi, təşkilatın tədbirlərinin əlçatanlığının təmin edilməsi, üzvlərin ilkin təlimatlandırılması və onların vahid sistem üzrə idarəetməsinin təşkili məqsədilə regional koordinatorların seçiminə start verilir.

Tələblər və meyarlar:
- Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmalı;
- Yaşı 35-dən aşağı olmalı;
- AGMA-nın fəaliyyətlərinə könüllü olaraq qoşulma təşəbbüsünə malik olmalı;
- Pedaqoji stajı 3 ildən çox olmalı;
- Məsuliyyətli, komandada işləmə, liderlik, təhliletmə və ünsiyyət bacarıqları olmalı;
- Aktiv sosial şəbəkə istifadəçisi olmalı;
- "Microsoft Office" proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı olmalı, "MS Excel" proqramında xüsusi cədvəllər hazırlamaq, arxivləşdirmək, mövcud dataları təhlil etməyi bacarmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Layihələrin yazılması və idarə edilməsi ilə bağlı bilik və təcrübəsi eyni zamanda, müəllimlərlə əməkdaşlıq və kommunikasiyanın təşkili üzrə təcrübəsinin olmasına üstünlük verilir.

Vəzifə funksiyaları və öhdəlikləri:
- AGMA üzv olan təmsil etdiyi region üzrə müəllimlərlə işi təşkil etmək;
- AGMA-nın fəaliyyət istiqamətləri üzrə iş mexanizmi və strategiya ilə üzv müəllimləri tanış etmək;
- Təmsil etdiyi region üzrə whatsapp və ya digər kommunikasiya imkanları yaratmaq. Bu platformanın daimi və işlək olmasını təmin etmək;
- Üzvlər ilə birbaşa kommunikasiya aparmaq və onları müvafiq məlumatlarla təmin etmək;
- Göndərilən məlumatları üzvlər arasında zamanında və düzgün paylaşmaq, sorğular keçirmək və ehtiyacları müəyyənləşdirmək;
- Regionda tədris ili müddətində 3 dəfə təqdimatlar etmək;
- Həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq.

Seçimlər 3 mərhələdə aparılacaqdır:

Mərhələ 1: Qeydiyyat anketinin qiymətləndirilməsi
Qeydiyyat anketini doldurmaq üçün linkə daxil olaraq məlumatları yazmaq lazımdır.
Qeydiyyatın bitmə tarixi: 15 fevral 2026-cı il saat 23:59

Mərhələ 2: Müsabiqənin təşkili
Müsabiqə mərhələsində namizədlər məntiqi təfəkkürü, idarəetmə, ünsiyyət, oxuyub-anlama və təhliletmə bacarıqlarını ölçən testlərdən keçəcəklər. Test mərhələsi Bakı şəhərində təşkil ediləcəkdir. II mərhələdə iştirak etmək şansı qazanan namizədlərə e-mail vasitəsilə məlumat göndəriləcəkdir.
Müsabiqənin keçirilmə tarixi: 21 fevral 2026-cı il saat 12:00-13:00

Mərhələ 3: Müsahibənin təşkili
İkinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin elektron ünvana göndəriləcəkdir.
Müsahibənin keçirilmə tarixi: 28 fevral 2026-cı il.

Mərhələləri uğurla başa vurmuş namizədlər ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master-klasslara cəlb olunaraq onların peşəkar bilik və bacarıqların artırılmasına dəstək olunacaq.

Qeydiyyat linki: https://forms.gle/rPsBzvJgnQqPCNnz9

27.01.2026

badge-icon
“Ana dili” – Azərbaycan məktəbinin II yarımili üzrə qeydiyyatı başlanıldı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 13 yanvar 2026-cı il tarixindən etibarən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili” – Azərbaycan məktəbinin II yarımili üzrə qeydiyyatını elan edir.

“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. 

2025-2026-cı tədris ilini əhatə edən layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Hazırda 200-dən çox soydaşımız dərslərə qoşulur. İkinci yarımil üzrə dərslərin 01.02.2026-cı il tarixində başlaması nəzərdə tutulmuşdur.

Qeydiyyat linki: https://forms.gle/VVCuddeh8AxpjQcU7
Elektron poçt: [email protected]
Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”)
Son müraciət tarixi: 28 yanvar 2026-cı il.

14.01.2026

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu” keçiriləcək
Hörmətli müəllimlər, 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20–21 dekabr 2025-ci il tarixlərində Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu” keçiriləcək.

 İki gün davam edəcək forumda gənc müəllimlər üçün aşağıdakı mövzularda sessiyalar təşkil olunacaq: 
İstedadlı uşaqlarla işin təşkili; 
Media savadlılığı; 
Maliyyə savadlılığı; 
Rəqəmsal savadlılıq; 
Süni intellektin tədrisdə tətbiqi.

Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun əsas məqsədi gənc müəllimlər arasında qarşılıqlı əlaqəni gücləndirmək, onların peşəkar inkişafına dəstək olmaq və müasir tədris tələblərinə uyğun bilik və bacarıqlarını artırmaqdır. Forum müəllimlərə həm nəzəri, həm də praktiki təcrübə qazanmaq imkanı yaradaraq onların təhsildə yenilikçi yanaşmalarla tanış olmasına şərait yaradacaq.

Tarix: 20–21 dekabr 2025
 Məkan: Xaçmaz rayonu, Nabran qəsəbəsi, “Təhsil” istirahət mərkəzi

Qeydiyyat linki: https://forms.gle/HpgzJhpsvjcwA1s6A

Son qeydiyyat tarixi: 12 dekabr 2025-ci il, saat 14:00.

11.12.2025

badge-icon
Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu
Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu bu dəfə Tərtərdə 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu” keçiriləcək.

Məkan: Tərtər şəhəri, Şikar Şikarov adına 5 saylı tam orta ümumtəhsil məktəbi
Tarix: 1 noyabr
Saat: 11:00

Forumun məqsədi gənc müəllimlərin milli-mənəvi dəyərlərə sadiq şəkildə təhsildə suverenlik missiyasını gücləndirmək, maarifləndirici və təşəbbüskar fəaliyyətlərini dəstəkləməkdir.

Gənc müəllimlərimizin iştirakı ilə baş tutacaq bu tədbir, gələcəyimizin formalaşmasında mühüm rol oynayan təhsilin əhəmiyyətinə bir daha işıq salacaq. 

28.10.2025

badge-icon
“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” təqdimat günü!
 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Qeyri-formal təhsildə təlimçinin əl kitabı” adlı vəsaitin təqdimatı keçiriləcəkdir. Qeyd edək ki, bu kitab qeyri-formal təhsil sahəsində fəaliyyət göstərən təlimçilər üçün dəyərli bir vəsaitdir.

Gəlin birlikdə bu faydalı nəşrin təqdimatında görüşək!
Tarix: 11 oktyabr
Saat: 14:00
Məkan: ADPU – Kitabxana-İnformasiya Mərkəzi
Qeydiyyat linki: https://forms.gle/SGGWDieskCQESoLb8

08.10.2025

badge-icon
“Suverenlik Yolunda Təhsil Missiyası” adlı Forum keçiriləcək
Hörmətli müəllimlər,

11 oktyabr 2025-ci il, saat 10:00-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə “Suverenlik Yolunda Təhsil Missiyası” adlı Forum keçiriləcək.

“Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu” nun əsas məqsədi — gənc müəllimlər arasında milli-mənəvi dəyərləri möhkəmləndirmək, müstəqillik və suverenliyin qorunmasında müəllimin rolunu vurğulamaq, eləcə də təhsil işçilərinin bu istiqamətdəki missiyasını müzakirə etməkdən ibarətdir.

 Tarix: 11 oktyabr 2025
 Saat: 10:00
 Məkan: Azərbaycan Dövlət İqtisad Universiteti (əsas bina)

Qeyd: Forumda iştirak etmək istəyənlərdən əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur.

Qeydiyyat linki: https://forms.gle/VtwYif5jqgF9JDSN8

07.10.2025

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun