Profil

Axtarış

Elanlar

badge-icon
Fərq yaradan gənc müəllim 2023
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikili diplom proqramı ilə birlikdə ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Fərq yaradan gənc müəllim 2023” müsabiqəsini elan edir.
Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.

Müsabiqə icbari təhsildə olan və ya 5-17 yaş arasında olan uşaqlara dərs deyən, hazırda ümumtəhsil müəssisələrində işləyən gənc müəllimlər üçün açıqdır. Müəllimlər həftədə ən azı 10 saat uşaqlarla əyani tədrisdə olmalı və növbəti 5 il ərzində müəllimlik peşəsində qalmağı planlaşdırmalıdırlar. Ölkənin bütün ümumtəhsil müəssisələrində çalışan müəllimlər müraciət edə bilərlər.

Meyarlar

• Məktəbin, icmanın və ya ölkənin xüsusi problemlərini həll edən və bu cür problemlərin yeni üsulla həllində təsirli ola biləcəyini göstərmək üçün kifayət qədər sübutlar gətirən innovativ təcrübələrin tətbiqi;
• Şagirdlərin sinifdə nümayiş etdirilə bilən öyrənmə nəticələrinə nail olmaq;
• Müəllimlik peşəsindən əlavə sinifdən kənarda da cəmiyyətə təsir edə bilmək;
• Uşaqlara müxtəlif millətlərdən, mədəniyyətlərdən və dinlərdən olan insanlarla potensial olaraq yaşayacaqları, işləyəcəkləri və ictimailəşəcəkləri bir dünya üçün bu dəyərlərə əsaslanan təhsil verməklə onlara qlobal vətəndaş olmaqda kömək etmək;
• Müəllim nüfuzunu yüksəltmək, qabaqcıl təcrübəni bölüşmək və həmkarlarına məktəblərində qarşılaşdıqları hər hansı çətinlikləri aradan qaldırmaqda kömək etməklə müəllim peşəsinin təkmilləşdirilməsi;
• Qlobal miqyasda təhsilin keyfiyyətinə təsir etmək üçün təkrarlana bilən və geniş miqyaslı effektiv təlim təcrübələrinin tətbiqi;
• Geniş icma üzvləri və ya şagirdlər tərəfindən müəllimin tanınması.

Uyğunluq

• Uyğun olmaq üçün Ərizəçi aşağıdakıları etməlidir:
• Müraciət edərkən ən azı on səkkiz (18) yaşında olmalı;
• İcbari təhsildə olan və 5-17 yaş arası uşaqlara dərs deyən, hazırda işləyən müəllim olmalı;
• Müəllimlər həftədə ən azı 10 saat uşaqlarla əyani tədrisdə olmalı və növbəti 5 il ərzində müəllimlik peşəsində qalmağı planlaşdırmalı;
• Əvvəlki müsabiqənin qalibi və top 10 namizədi olmamalı;
• Yaşı 35-dən çox olmamalı.
 
Seçim Prosesi

Müraciət prosesi başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən müraciətlər qiymətləndiriləcək. Onlar arasından yüksək bal toplamış 50 müəllim seçilərək növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqdır.  
İkinci mərhələdə 50 müəllim arasında müsahibə aparılaraq 10 finalçı müəyyən ediləcək və seçilmiş 10 namizədin adları AGMA-nın facebook səhifəsində paylaşılaraq ictimaiyyət tərəfindən səs verməyə çıxarılacaqdır. Ümumi balın 10 faizi səsvermə nəticələrinə görə əldə edilir və qalan 90 faiz münsiflər tərəfindən qiymətləndirilir.
 
Üçüncü mərhələdə münsiflər heyətinin seçdiyi 10 namizədin əyani formatda təqdimatı dinlənilir. Sonda 3 müəllim qalib olaraq seçilir. 

Mükafatlandırma
Qaliblər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının 3-cü forumunda təltif ediləcəkdir.
Birinci yer: Planşet, diplom, kristal və gül
İkinci yer: Diplom, kristal və gül
Üçüncü yer: Diplom, kristal və gül
Digər yerlər: Finalist diplomu təqdim ediləcəkdir.
 
 
Qeydiyyat linki: https://forms.gle/A661zyfqVj8QRMtv7

28.04.2023

badge-icon
Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin I forumu
Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin I forumu 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin I forumunu təşkil edir.
Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

27 aprel 2023-cü il saat 20:00-da onlayn formatda keçiriləcək olan Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, ədəbiyyat və ümumi kurikulum mövzularına toxunulacaqdır. Tədbir zamanı ekspertlər tərəfindən müəllimləri maraqlandıran mövzular barədə müzakirələr aparılacaq və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılacaqdır. 

Onu da bildirmək istərdik ki, forumda iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Qeyd: Forumda yalnız bu il sertifikasiya imtahanında iştirak edən müəllimlər iştirak edə bilərlər.

Qeydiyyat linki: https://chat.whatsapp.com/JvLeZ3O8mty5YaYcOHNCZu

22.04.2023

badge-icon
İbtidai sinif müəllimlərinin I forumu
İbtidai sinif müəllimlərinin I forumu

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə İbtidai sinif müəllimlərinin I forumunu təşkil edir.
Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

15 aprel 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək olan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, riyaziyyat və ümumi kurikulum mövzularına toxunulacaqdır. Tədbir zamanı ekspertlər tərəfindən müəllimləri maraqlandıran mövzular barədə  müzakirələr aparılacaq və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılacaqdır. 
Onu da bildirmək istərdik ki, qeydiyyat linkindən ilk qeydiyyatdan keçmiş 300-350 müəllimə öncəlik veriləcəkdir və forumda iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Qeyd: Forumda yalnız bu il sertifikasiya imtahanında iştirak edən müəllimlər iştirak edə bilərlər.

Qeydiyyatdan son keçmə tarixi: 9 aprel 15:00

Qeydiyyat linki: https://ref.az/2g2pZ4h

03.04.2023

badge-icon
Regionallarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması
Regionallarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının “Regionallarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinə start verilir. 

Layihənin məqsədi 12 Regional Təhsil İdarəsinin nəzdində kadr potensialının artırılması və eyni zamanda, 12 region üzrə Respublika fənn olimpiadalarına hazırlıq prosesinin yerinə yetirilməsindən ibarətdir.

Layihə 2023-cü il aprel-dekabr aylarını əhatə edərək 4 hissədən ibarət olacaqdır:

- "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsi;
- “İstedadlı şagird”lərin seçim müsabiqəsi;
-  İstedadlı müəllim və şagirdlərin olimpiadaya hazırlıq prosesi;
-  İstedadlı qaliblərin müəyyən olunması.

İlkin mərhələ "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsindən ibarət olacaqdır. Müəllim seçim mərhələsi ilə bağlı yaxın zamanlarda məlumat veriləcəkdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının 12 region üzrə fəaliyyət göstərən müəllim heyəti və təhsil alan şagirdlər üçün nəzərdə tutulmuşdur.

10.03.2023

badge-icon
Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu
Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu

Martın 4-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Mil - Muğan Regional Təhsil İdarəsinin birgə əməkdaşlığı ilə Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu təşkil ediləcək.

I Regional Forumun keçirilməsinin məqsədi gənc müəllimlərin yumşaq bacarıqlarını inkişaf etdirmək, onlar arasında səmərəli əməkdaşlıq və şəbəkələşmənin qurulmasını təmin etməkdən ibarətdir.

Saatlı rayonunun Gənclər evində təşkil ediləcək Forumda Karnegi Klub Təlim Mərkəzinin rəhbəri, NLP master Nəcəf Allahverdiyev gənc müəllimlərə “Uğurun formulu varmı?” mövzusunda master klas keçəcək.

Qeyd edək ki, Forumda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər. Forumun saat 10:00-13:00 aralığında keçirilməsi nəzərdə tutulub.

İştirak etmək istəyən gənc müəllimlər birbaşa forum keçirlən məkana gələ bilər və ya müvafiq rayon təhsil sektoruna müraciət edə bilərlər.

Onu da qeyd edək ki, Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsində qalib olmuş “XXI əsrin tələblərinə uyğun təhsil-gənc müəllimlərin peşəkarlığının artırılması” layihəsi çərçivəsində həyata keçiriləcək.

27.02.2023

badge-icon
Qış Liderlik Düşərgəsi
18-19 fevral 2023 - cü il tarixində AGMA - nın təşkilatçılığı ilə “Qış Liderlik Düşərgəsi” keçiriləcək.

Gənc direktor müavinlərinin iştirakını nəzərdə tutan düşərgə gənc təhsil verənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təşkil olunur. Seçilmiş iştirakçılara 2 gün müddətində Liderlik, Konfliktin idarəedilməsi, Kommunikasiya, Layihə idarəetməsi, Buraxılış siniflərində keyfiyyətin artırılması üçün strateji planın hazırlanması təlimləri keçiriləcəkdir.

Təlimlər bitdikdən sonra 20 direktor müavini 15 gün müddətində məktəblərində müxtəlif istiqamətlərdə keyfiyyətin artırılması üçün strateji plan hazırlayaraq ekspertlərə təqdim edəcəklər. Sonda ekspertlər ve gənc direktor müavinləri Bakı şəhərində refleksiya forumunda iştirak edəcəklər. Sənədlərin son versiyası təsdiq edildikdən sonra nümunə olaraq bir nəçə məktəbin sənədlərinin təqdimatı keçiriləcəkdir.

Namizədlər üçün tələblər:
 -pedaqoji ixtisas üzrə ali təhsil;
 -2 ildən az olmayaraq idarəetmə təcrübəsi;
 -İKT bacarıqlarına malik;
 -33 yaşadək (yaş: 33-ə qədər – 18.02.1990-ci ildən sonra anadan olanlar);
 -hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Üstünlük veriləcək namizədlər:

Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikasiya və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər.
Tələblərə cavab verən namizədlər test mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir. Sualların 75%-ini düzgün cavablandırmış namizədlər növbəti mərhələyə keçmə şansı əldə edirlər. Test mərhələsindən müvafiq balı toplamış namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeydiyyat linki: https://ref.az/2uCnjzZ

Son qeydiyyat tarixi: 8 fevral 2023 - cü il saat 


26.01.2023

badge-icon
HIPPO “Sərhədsiz İngilis dili” olimpiadası keçiriləcək
HIPPO “Sərhədsiz İngilis dili” olimpiadası ingilis dili biliklərinə güvənən bütün məktəblilər üçün nəzərdə tutulub. Olimpiadada şagirdlər 6 normal və 3 xüsusi olmaqla ümumilikdə 9 kateqoriya üzrə yarışa bilərlər. Qeyd edək ki, HIPPO “Sərhədsiz İngilis dili” olimpiadasına qeydiyyat yaxın günlərdə elan olunacaq. 

Yaş kateqoriyaları

LITTLE HIPPO və ya “BALACA HIPPO” – 2013/2014/2015/2016
HIPPO 1 – 2011/2012
HIPPO 2 - 2010
HIPPO 3 – 2008/2009
HIPPO 4 – 2006/2007
HIPPO 5 – 2004/2005

Xüsusi kateqoriyalar Hippo Olimpiadasının qaydalarına uyğun olaraq ikidilli hesab edilən -
əksəriyyəti və ya bütün fənləri ingilis dilində tədris olunan və ingilis dilində təhsil alan
şagirdlərə şamil olunur. Bu kateqoriyalarda olan şagirdlər aşağıda qeyd olunan üç kateqoriyadan
birində yarışa bilərlər:

HIPPO S10 – 2011/2012/2013/2014/2016
HIPPO S15 – 2008/2009/2010
HIPPO S19 – 2004/2005/2006/2007

HIPPO Olimpiadası 4 mərhələdə həyata keçirilir

1. Preliminary round və ya İlkin mərhələ 18 mart 2023 (Azərbaycan)
2. Semi-final və ya Yarımfinal 22 aprel 2023 (Azərbaycan)
3. Regional qualifiers və ya Regional seçmə (İtaliya yaxud Türkiyə)
4. World Final və ya Dünya Finalı (İtaliya)

Adıçəkilən ilk iki mərhələ ölkəmizdə, 3-cü mərhələ İtaliya yaxud Türkiyədə, Final mərhələsi isə
İtaliyada həyata keçiriləcəkdir. Dünyanın 55-dən çox ölkəsindən minlərlə şagirdin iştirak etdiyi
Olimpiadada iştirakçılara və qaliblərə Qlobal HIPPO Assosiasiyası tərəfindən beynəlxalq
SERTİFİKAT təqdim ediləcəkdir.

Ödəniş

İmtahanda iştirak ödənişlidir və ödəniş 25 manat təşkil edir. Ödəniş 1 dəfə həyata keçirilir
və bütün mərhələlərə aid edilir. Regional seçmədə (III mərhələdə) iştirak hüququ qazanan
şagirdlər 50-100 euro iştirak haqqı ödəməli olacaqlar. Türkiyə yaxud İtaliyada (III və IV
mərhələdə) iştirak hüququ qazanan şagirdlərin bütün xərcləri (səyahət, gecələmə, yemək)
öz öhdəliklərində olacaqdır. Tərəfimizdən Regional seçmədə qalib olan və Dünya Finalında
iştirak hüququ qazanan şagirdlərə viza dəstəyi göstəriləcəkdir.

HIPPO "Sərhədsiz İngilis dili" Olimpiadası ilə bağlı hər hansı sualınız yaransa, aşağıdakı əlaqə
vasitələri ilə bizə bütün suallarınızı və müraciətlərinizi ünvanlaya bilərsiniz:

Əlaqə nömrəsi: 994 51 449 59 41

Whatsapp: 994 51 449 59 41

Elektron ünvan: [email protected]

Facebook: Azerbaijan HIPPO Olympiad 2023 | Facebook

Qeydiyyat: yaxın günlərdə elan oluanacaq.

Qeydiyyat üçün son tarix: 4 MART 2023

19.01.2023

badge-icon
Gənc Müəllimlərin III Şəbəkələşmə Forumu
Gənc Müəllimlərin III Şəbəkələşmə Forumu

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və TutorLab.azın tərəfdaşlığı ilə 28 yanvar 2023-cü il tarixində "Gənc müəllimlərin III şəbəkələşmə forumu" keçiriləcəkdir. Gənclər Gününə həsr olunan forumun məqsədi gənc müəllimlərin motivasiyasının artırılması və 21 - ci əsr bacarıqlarının təşviq edilməsi üçün gənc müəllimləri bir araya toplamaqdır.

Forum  28 yanvar 2023 –cü il tarixində Bakı şəhərində keçiriləcək.

Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən 600 gənc müəllimin iştirakı nəzərdə tutulmuşdur.

Forumda iştirak etmək istəyən müəllimlər üçün yaxın zamanda qeydiyyat linki paylaşılacaqdır.

Gənc müəllimlərin maariflənməsinə, özlərini inkişaf etdirməsinə, işlərini sevgi ilə görməsinə yardımçı olmaq bizim məqsədimizdir!
Qeyd: Forumda iştirak edən müəllimlərə onlayn iştirakçı sertifikatı veriləcək.

11.01.2023

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun