Profil

Axtarış

Elanlar

badge-icon
Təhsildə Könüllülük
Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə paytaxtda və regionlarda ali təhsil və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün möhtəşəm bir xəbərimiz var!
 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bir Könüllü Tələbə Təşkilatının birgə əməkdaşlığı ilə “Təhsildə Könüllülük” təşəbbüsünə start verilir. 

Təşəbbüs çərçivəsində paytaxda və regionlarda fəaliyyət göstərən ali təhsil və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrinin məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur. 

Təşəbbüsün əsas məqsədi sözügedən ixtisas üzrə təhsil alan tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində aktiv pedoqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarığını artırmaq, nəzəriyyə və praktika arasındakı mövcud disbalansın aradan qaldırılmasına çalışmaq, tələbələrə praktiki təcrübə verməklə gələcək kadr hazırlığı prosesinə töhfə vermək və ali və orta ixtisas təhsil müəssisələri ilə məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) uğurlu koordinasiyalı əməkdaşlığını formalaşdırmaqdır.
 
Ətraflı məlumat və müraciət qaydası üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: 
https://forms.gle/Jzc2QCskYMpfw3CY9 

16.10.2023

badge-icon
Yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramına start verilir
Oktyabrın 15-dən Elm və Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə işə yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramına start verilir. 

Adaptasiya proqramının məqsədi işə yeni başlayan müəllimlərin iş mühiti və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdır. 

Proqramın müddəti 2 ay nəzərdə tutulub və 2 mərhələdən ibarət olacaq.

Birinci mərhələdə “MS Teams” platforması vasitəsilə 9 təlimin keçirilməsi nəzərdə tutulub. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri və təlimçilər tərəfindən keçiləcək təlimlərə “Öyrədici mühitin yaradılması”, “Məktəbdaxili qiymətləndirmə”, “Məktəbdaxili sənədləşmə işi”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “İnsanlar necə öyrənirlər?”, “Dərs prosesinin təkmilləşdirilməsi”, “Şagirdlərin tanınması və şəxsiyyətin müəyyən olunması” kimi mövzular daxildir.

İkinci mərhələdə agma.az paltformasında 10-12 kursun 1 ay ərzində onlayn olaraq tamamlanması planlaşdırılır. 

İştirak üçün son qeydiyyat tarixi 10 oktyabr nəzərdə tutulub. 

Adaptasiya proqramında iştirak üçün linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/KyvzGw3VaxNXCiQK6

02.10.2023

badge-icon
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinə start verilir
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən " Gənc müəllimlər dilimizin keşiyində" layihəsi çərçivəsində təşkil olunan 5-7-ci və 8-9-cu sinif şagirdləri  arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinə start verilir.

Müsabiqədə yalnız 5-7 və 8-9-cu sinif şagirdləri iştirak edə bilər.

Esse müsabiqəsində təqdim olunan mövzular: “Heydər Əliyevin həyat yolu”, “Heydər Əliyevin yaradıcılığı”.

Müsabiqənin şərtləri aşağıdakı kimidir: 

•Müsabiqəyə təqdim olunan esseler 5-7-ci sinif üçün 150-200, 8-9-cu sinif üçün 200-250 söz həcmində olmalıdır.
•Mövzuların plagiatlığı yoxlanılacaq.
•Esselər Azərbaycan dilində “Word və ya PDF” fayl formatında olmalıdır.
•Esse müəllifinin məlumatları faylın sonunda ardıcıllıqla qeyd olunmalıdır. (Ad, soyad, Ata adı, məktəb,sinif,əlaqə nömrəsi).

Qaliblər diplom və hədiyyələrlə təltif ediləcəklər.

1-ci yer smart qolbaq, 2-ci yer yer qulaqlıq, 3-cü yer kitab dəsti.

Son müraciət tarixi: 12 oktyabr 2023-cü il.

Qeydiyyat linki: https://ref.az/2SZy9mS

29.09.2023

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Könüllülük proqramı
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Könüllülük proqramına start verildi.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

Könüllülük proqramının davamı olan 6 aylıq təcrübə proqramı vasitəsilə seçdiyiniz sahə üzrə təcrübə qazanaraq inkişaf etməyinizə dəstək olacaq.

Könüllülük proqramı aşağıda qeyd olunan sahələr üzrə mövcuddur;

-Layihələrin idarə olunması üzrə könüllü;
-İctimaiyyətlə əlaqələr üzrə könüllü;
-Tədbirlərin təşkili üzrə könüllü.

Bizdən əldə edəcəksiniz

-Könüllülük müddəti bitdikdən sonra tövsiyə məktubu;
-Assosiasiyanın təqdim etdiyi təlimlər və xidmətlərdən istifadə etmək;
-Maraqlı olduğu sahədə özünü inkişaf etdirmək üçün mentor dəstəyi.

Qeydiyyat linki: https://forms.gle/cW3jjzMXj6Yj8TRx9

24.07.2023

badge-icon
İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu
Yeni tədris ilinin başlanması və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə "İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu" keçiriləcək.

Forum, Azərbaycan Gənc Müəllimləri Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı və Təhsil Nəşriyyatının təşkilatçılığı, qardaş Türkiyə Respublikasının Okulistik və Matbeg şirkətlərinin təşəbbüsü ilə baş tutacaq.

"İbtidai Sinif Müəllimlərinin 3-cü Forumu"nun 9 sentyabr 2023-cü il saat 14:00-da Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil Millətin Gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır.

#İSMF_2023 rəsmi çap tərəfdaşı:
Max Ofset Mətbəəsi
Forumun keçiriləcəyi yer: Heydər Əliyev Sarayı
Forumun müddəti: 14:00-16:00
Qeydiyyat üçün: 055-224-56-26 nömrəsinə zəng edərək (və ya votsapa yazaraq) bilet əldə edə bilərsiniz.

17.07.2023

badge-icon
Gənc müəllimlər dilimizin keşiyində
Gənc müəllimlər dilimizin keşiyində

2023-cü ilin may ayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan kiçik qrant müsabiqəsində “Gənc müəllimlər dilimizin keşiyində” layihəsi qalib olmuşdur. 

Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

Layihənin məqsədi, Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc Azərbaycan dili və ədəbiyyatı müəllimləri arasında təlimlər həyata keçirərək düzgün diksiyanı, natiqlik bacarıqlarını və esse yazılışını təkmilləşdirməkdən ibarətdir.
Layihədə iştirak etmək istəyən müəllimlər müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
 
Qeydiyyat linki: https://forms.gle/njQVkiCKV1FhfVHW9

Son qeydiyyat tarixi: 25 avqust 2023-cü il

Qeyd: Layihədə yalnız Şəki, Quba, Lənkəran olmaqla 3 regional təhsil idarələrini əhatə edən ümumi təhsil məktəblərində çalışan yaşı 35-dək olan gənc Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edə bilər.

15.07.2023

badge-icon
“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayır
Əziz həmvətənlər!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün çox əhəmiyyətli bir layihənin tətbiqinə start verir. İyulun 7-dən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayır. 2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.

“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Hər səviyyə üzrə təhsilini bitirən şagirdə müvafiq sertifikat veriləcək. Layihədə yalnız xaricdə yaşayan soydaşlarımız iştirak edə bilər.

http://anadili.agma.az - veb səhifəsi vasitəsilə məktəb haqqında daha ətraflı məlumat ala və müraciət edə bilərsiniz.

Əlaqə vasitələri: 
+99451 226 71 21

07.07.2023

badge-icon
Gənc müəllimlərin 3-cü forumu
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası “Gənc müəllimlərin 3-cü forumu”nu həyata keçirəcək.

17 iyun 2023-cü il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tədris ilinin sonlarına həsr olunmuş, gənc müəllimlər arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin artırılması üçün “Gənc müəllimlərin 3-cü forumu” nu təşkil edəcək.

Forum 2 hissədən ibarət olacaqdır. I hissəni rəsmi və bədii hissə təşkil edir. Bu hissədə dövlət rəsmiləri, qonaqlar və gənc müəllimlər iştirak edəcəklər. II hissədə isə müəllimlər 20-25 nəfərlik qruplara bölünərək 1.5 saatlıq vörkşoplara cəlb olunacaqlar. Hər qrupa bir qonaq spiker mentorluq edəcəkdir.

Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən 300 müəllimin iştirakı nəzərdə tutulmuşdur.

Forumda iştirak edə bilər: 
-35 yaşdan aşağı olan gənc müəllimlər;
-AGMA platformasında ən azı bir neçə kursu uğurla bitirən gənc müəllimlər;
-AGMA -nın təsdiqlənmiş gənc üzvləri.

İştirakı təsdiq olunmuş müəllimlərə 12 iyun 2023-cü il tarixində e-mail vasitəsilə məlumat göndəriləcəkdir.

Qeydiyyat linki: https://forms.gle/R4bdp83H6ZFHqWSR9

Son qeydiyyat tarixi: 8 iyun 2023-cü il.

29.05.2023

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun