Profil

Axtarış

Elanlar

badge-icon
"Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edilir!
Dekabrın 7-dən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir! 

“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. 2023-2024-cü tədris ilini əhatə edən layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Hazırda 400-dən çox soydaşımız dərslərə qoşulur. İkinci yarımil üzrə dərslərin 15.01.2024-cü il tarixində başlaması nəzərdə tutulmuşdur.

Qeydiyyatdan keçmək üçün keçid: https://forms.gle/5x4HunMsgBV8SHYbA

Son müraciət tarixi: 5 yanvar 2024-cü il.

Elektron poçt: [email protected]

Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).

08.12.2023

badge-icon
Gənc müəllimlər dilimizin keşiyində
2023-cü ilin oktyabr ayında Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfindən elan edilən Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsində “Gənc müəllimlər dilimizin keşiyində” layihəsi qalib olmuşdur.

 Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

 Layihənin əsas məqsədi, Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc müəllimlər arasında natiqlik, ünsiyyət təlimləri, rubrika və debat turniri təşkil etməkdir.

Layihədə iştirak etmək istəyən müəllimlər müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/enXuya6ppv1iQyVv5

Son qeydiyyat tarixi: 14 dekabr 2023-cü il.

Qeyd olan regionlarda 3 saat olmaqla 3 təlim keçiriləcəkdir.

04.12.2023

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Layihə menecmentliyi üzrə vakansiya elan edir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Layihə menecmentliyi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

Layihənin bütün proseslərinin idarə olunması və rəhbərliyə hesabatın təqdim edilməsi;
 Layihə sənədlərinin, icra planlarının hazırlanmasına, resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət;
 Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi;
Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi;
 Fandreyzinq planın hazırlanmasında komandaya dəstək göstərmək;
 Fandreyzinqlə bağlı icra olunan fəaliyyətlərin nəticələrini qiymətləndirmək;
 Donor databazası yaratmaq, müntəzəm olaraq yeniləmək və əlaqələr yaratmaq;
 Müxtəlif fandreyzinq tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
 Hədəf donor qruplarla əlaqənin yaradılması və davamlılığının təmin edilməsi üçün hesabat və təqdimatların hazırlanması;
 Sədr tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Xüsusi tələblər:
 
 Ali təhsil;
 Strategiyaların hazırlanması və təhlil edilməsi üzrə təcrübə;
 Müəllimlik və ya təhsil idarəetməsi sahəsində ən azı 2 (iki) il iş təcrübəsi (özəl və ya dövlət təhsil müssələrində);
 Fandreyzinq, layihələrin idarəedilməsi, kommunikasiya və ya digər əlaqəli sahələr üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
 Komanda quruculuğu və idarəetməsi, təşkilatçılıq sahələri üzrə təcrübə.
Nəyi bilməlidir? 
 Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyətini (rus dili üzrə isə arzuolunandır);
 Eyni zamanda, bir çox layihələrin icrasına nəzarət və layihə komandasına rəhbərlik etməyi;
 Layihə təklifinin yazılması və idarəedilməsi üzrə biliklər;
 İcma quruculuğu və icmalarla görüşlərin keçirilməsi ilə ehtiyacın müəyyən olunması;
 MS Office proqramlarında sərbəst işləmək bacarığı, müxtəlif proqramlar vasitəsilə təqdimatların hazırlanması.

Nəyi bacarmalıdır?
 
 Liderlik, komanda ilə işləmə, şəbəkələşmə, təşkilatçılıq, ünsiyyət və təqdimetmə bacarıqlarını;
 Aidiyyatı dövlət, özəl və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığını;
 Analitik düşünmək, çevik qərar vermə və problemi həll etmə bacarıqları;

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adını göstərməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 10.12.2023-cü il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

01.12.2023

badge-icon
Təbiəti sevən məktəbəqədər pedaqoqlar axtarırıq!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Forest School Azerbaijan olaraq məktəbəqədər uşaqlarla işləməyi, təbiətdə öyrətməyi sevən özünə inamlı pedaqoqlar axtarırıq.

Əgər siz uşaqların həyatında dəyişiklik yaratmaq və bununla bağlı unikal təcrübə qazanmaq istəyirsinizsə elə indi müraciət edin!

Cari ildə baş tutacaq təlimlərlə siz həm tədris metodlarınızı təkmilləşdirərək sahəniz üzrə yeni məlumatlar alacaqsınız, həm də "FSA"da fəaliyyət göstərmək şansı əldə edəcəksiniz.

Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün https://forestschool.az/preschool/ saytına daxil ola bilərsiniz

16.11.2023

badge-icon
Gənc müəllimlərin və müəllimlərlə işləyənlərin nəzərinə!
''Təhsildə Gender Bərabərliyi'' təlim kursu insan hüquqları sahəsində maarifləndirməni artırmaqla yanaşı bərabərlik, gender əsaslı zorakılıq, erkən nikahlara qarşı mübarizədə biganə qalmaq istəməyən gənc müəllimlərin rolunu gücləndirmək məqsədi daşıyır. Təlimdə müəllimlər bullinq, insan hüquqları, gender-əsaslı zorakılıq konseptləri ilə tanış olacaqlar. Eyni zamanda erkən nikahın qarşısının alınması, gender stereotipləri ilə məktəblərdə mübarizə və s. mövzuları qeyri-formal təhsil vasitəsi ilə kəşf edəcək və təlimçilik bacarıqlarını təkmilləşdirəcəklər.

Qeyd edək ki, “Təhsildə Gender Bərabərliyi Səfirləri 2” uzunmüddətli təlim kursudur. İlkin mərhələdən və müsahibədən uğurla keçən müəllimlər təlimlərdə iştirak edəcək, təlimlər bitdikdən sonra isə kursun davamlılığı üçün bir sıra fəaliyyətlər həyata keçirəcəklər.

Layihə haqqında

Bakı
16-19 Noyabr, 2023
Qeydiyyat linkinə daxil olaraq formu doldurmaq vacibdir.
Qeydiyyat linki: https://rebrand.ly/jr0cphf
Məlumat paketi: https://rebrand.ly/g8hwl5w

İştirak ÖDƏNİŞSİZDİR və nəqliyyat, yerləşdirmə və qidalanma xərcləri təşkilatçı tərəfindən qarşılanır.

03.11.2023

badge-icon
Zəfərin səsi
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Ireli Ictimai Birliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Zəfərin səsi" adlı ədəbi-bədii tədbir keçiriləcək.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondu, Təhsilin İnkişafı Fondu, NAYORA-nın və Bir Könüllü-nün dəstəyi ilə həyata keçirilir.

 Tarix: 4 noyabr, 10:00

 Məkan: 20 nömrəli məktəb-lisey

 Qeydiyyat linki: https://forms.gle/2sdmR1GKqUcnPPuK7

02.11.2023

badge-icon
“Şuşa maarifi” filminin təqdimat mərasimində iştirak etmək istəyən müəllimlərin diqqətinə!
Sizi 2 noyabr saat 18:30-da nümayiş etdiriləcək olan filmin təqdimatına dəvət edirik.

Qeyd olaraq bildirmək istərdik ki, yerlər məhduddur. İlkin qeydiyyatdan keçənlərə üstünlük veriləcəkdir.

Qeydiyyat linki: https://forms.gle/5x78B4Z5xXi5agHu5

Son tarix: 02.11.2023 saat 12:00

31.10.2023

badge-icon
Zəfərin Səsi
Gənclərin Vətən müharibəsindən sonra zəfər ruhunda formalaşması istiqamətində silsilə tədbirlər həyata keçirən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İRƏLİ İctimai Birliyi ilə birgə 4 noyabr 2023-cü il tarixində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirəcəkdir.

Tədbirin məqsədi müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək, şəhid qəhrəmanlarımızı tanıtmaq, gənclər arasında belə qəhrəmanların əməllərini yaşatmaq, onların xatirəsini daim uca tutmaqdır.

Qeyd edək ki, tədbirdə Bakı və bölgələrdən olan müəllimlərin və gənclərin iştirakı nəzərdə tutulmuşdur.

 Tarix: 4 noyabr, 10:00
 Məkan: 20 nömrəli məktəb-lisey
Qeydiyyat linki: https://forms.gle/2sdmR1GKqUcnPPuK7

31.10.2023

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının BƏYANATI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur
.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.

AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

15.10.2026

badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun