Profil

Axtarış

Elanlar

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında (AGMA) təlimçi olmaq istəyənlərin nəzərinə!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında (AGMA) təlimçi olmaq istəyənlərin nəzərinə!

2023-cü il fəaliyyət planına əsasən AGMA yeni təlimçilərin axtarışındadır. Peşəkar komandamıza qoşulmaq istəyən təcrübəli təlimçilər müraciət edə bilərlər. Növbəti təqvim ilində AGMA 4000 - dən çox gənc müəllimi təlimlərə cəlb etməyi hədəfləmişdir.
AGMA-da təlimçilər 4 kateqoriya üzrə ayrılacaqdır.

• D səviyyəli: Yeni başlayanlar və 2 ildən az təcrübəsi olan təlimçilər;
• C səviyyəli: 2-5 il təcrübəsi olan və 1000 nəfərə təlim keçmiş təlimçilər;
• B səviyyəli: 5 ildən çox təcrübəsi , TOT sertifikatı olanlar və 100 dən çox təlim keçmiş təlimçilər;
• A səviyyəli: 7 ildən çox təcrübəsi, beynəlxalq təlimçilik sertifikatı və təcrübəsi olan, TOT proqramı hazırlayan təlimçilər.

AGMA komandasına qoşulan təlimçilər nə əldə edəcəklər:

- Təlimçilik təcrübəsi;
- Layihələrdə ödənişli əsaslarla xidmət göstərmək;
- TOT proqramlarında iştirak;
- Təlimçilik istiqamətində mentorluq;
- Gencmuellim.az platformasında kurs yerləşdirmək imkanı;
- Yüksək təlimçilik reputasiyası.

Qeydiyyat üçün link: https://forms.gle/iW8Fvw8wJWQzEFqp9

25.12.2022

badge-icon
“II HƏMRƏYLİK KUBOKU” XƏMSƏ
Gənc müəllimlər arasında “II HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu  
Azərbaycan Gənc Müəllimlər Asssosiasiyası gənc müəllimlər arasında “II HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu keçirəcək. 

25 dekabr 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlərin stress vəziyyətindən uzaq olaraq birlikdə sosiallaşması üçün “Xəmsə” Milli İntellektual və əyləncəli oyununu təşkil edəcək. Yarışda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən müəllimlər komanda şəklində iştirak edəcəklər. 14 dekabradək yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 16 komanda buraxılacaqdır. 

Oyunda iştirak etmək üçün  7 dekabr 2022 -ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanır.

Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35-ə qədər – 25.12.1987-ci ildən sonra anadan olanlar) ibarət 16 komanda iştirak edəcəkdir. 

Qeydiyyat üçün şərtlər:

Hər komandada 5 əsas (2 ehtiyat) oyunçu qeydiyyatdan keçirilir... (Qeyd: 2 oyunçunun qeydiyyat edilmə səbəbi yarış keçiriləcəyi müddətdə əsas oyunçulardan yarışda iştirak edə bilməyəcək oyunçunun zamanında əvəzlənə bilməsi üçündür. Oyun zamanı 5 əsas oyunçu iştirak edəcək.)
Komanda üzvləri yalnız hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən, yaşı 35-ə qədər olan müəllimlərdən ibarət olmalıdır.
Təqdim edilən excel formatda sifariş forması doldurulmalı (Reqlamentə Əlavə 2)
Komandanın adı və kapitanı qeyd edilməlidir.
Bütün iştirakçıların şəxsiyyət vəsiqəsinin skanı və UTİS kodları qeyd olunmalıdır.

Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:

Təqdim edilən excel formatda sifariş forması
Sifariş formasının skan versiyası
Bütün oyunçuların şəxsiyyət vəsiqəsinin skanı

Qeyd: Bakı məktəbləri oyunda iştirak üçün müraciət edən zaman eyni rayonda fəaliyyət göstərən məktəblər üzrə qeydiyyat aparmalıdır, bütün rayonları əhatə edən yığma komanda şəklində qeydiyyat qəbul edilməyəcək.

Yarışda iştirak üçün sifariş forması: 
https://ref.az/RPrw11
Yarışın əsasnaməsi (qaydalar və şərtlər): https://ref.az/2V2E26d

Seçilmiş 16 komanda sifariş üçün bütün sənədlərin qeyd olunan zamandan gec olmadan qeydiyyatdan keçirməlidir.

Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.

Oyun zamanı 16 komanda püşk vasitəsilə 4 qrupa bölünür. Hər qrupda 4 komanda mübarizə aparır. 

Qruplar arasında ilk 2 yeri tutmuş komandalar növbəti mərhələyə - yarımfinala vəsiqə qazanır.

Yarımfinala vəsiqə qazanmış 8 komanda 2 qrupa bölünür və 2 yarımfinal oyunu təşkil edilir. Oyunlar zamanı ilk 2 yeri tutmuş 4 komanda Finala vəsiqə qazanır.

Finala keçmiş 4 komanda arasında çempionluq uğrunda mübarizə gedir. 

Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya kubok, 2-ci yeri tutmuş komandaya isə medal və diplomlar veriləcəkdir. 

Bütün komandalara uğur diləyirik!

07.12.2022

badge-icon
Qarabağın rəqəmsal müəllimləri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin iştirkaçə seçim mərhələsinə start verilir.

Layihənin məqsədi “Google for education level 1” platforması üzrə yeni bilik və bacarıqlar öyrətməklə rəqəmsal müəllimlərin yeni tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal vətəndaşlığı inkişaf etdirmək və gələcəkdəki qayıdış zamanı həmin ərazilərdə inşa olunan ağıllı məktəblərə inteqrasiya prosesinin sürətləndirilməsinə yardımçı olmaqdır.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 8 rayonlarda layihənin təqdimatı keçirilmiş və iştirakçı seçiminə başlanılmışdır. Müəyyən olunmuş kriteriyalara uyğun iştirakçılar müsahibəyə cəlb olunacaqlar. Müsahibədən uğurla keçmiş 80 məktəbdən 160 iştirakçı seçilərək təlimlərə dəvət olunacaqdır. Təlimlər dekabr ayında başlanacaq və həftəsonları Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 8 rayonlarda  keçiriləcəkdir.

Qarabağ Regional Təhsil İdarəsinin 8 rayonu üzrə 160 nəfər seçilmiş müəllim öz məktəblərində 15 müəllimə təlimlərdə öyrəndiklərini mentorluq edərək “Gənc müəllim” platforması vasitəsilə öyrədəcəklər. Həmçinin təlimlərin sonunda “Gənc müəllim” platforması üzərində qiymətləndirmə testini bitirərək sertifikat əldə edə biləcəklər. Bununla yanaşı beynəlxalq dərəcəli sertifikat əldə etmək üçün Google üzərindən imtahan verməklə əldə etmək imkanı olacaqdır. 

Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək. 

Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmununun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edəcək. 

Qeydiyyat 26 noyabra qədər davam edəcəkdir. 

Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/Cabm9C7aQszLBpUX6

İştirak edən hər kəsə uğur diləyirik!

16.11.2022

badge-icon
Gənc müəllimlərlə adaptasiya proqramına start verilir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Gənc müəllimlərlə adaptasiya proqramına start verilir.

Noyabr ayının 21-dən etibarən cari tədris ilində yeni işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılacaq.
Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının, təcrübəli məktəb direktorlarının və təlimçilərin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”,  “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, müzakirələr keçiriləcək.

Adaptasiya proqramında iştirak üçün qeydiyyatdan keçmiş namizədlərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən ilk dəfə müəllimlər üçün yaradılmış onlayn təlim platformasından (https://agma.az/courses?category=1) ödənişsiz istifadə imkanı yaradılacaqdır.​

Adaptasiya proqramında iştirak etmək üçün 18 noyabr tarixinədək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/AUTBnMsJ8JP54Gx27


16.11.2022

badge-icon
Tarix yazan müəllimlər
"Tarix yazan müəllimlər" 1-ci hissə layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə "Tarix yazan müəllimlər" layihəsinə start verilib.

Layihənin keçirilməsinin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərimizin qazanılmasında iştirak edən gənc qazi müəllimləri sosial çarxlar vasitəsilə geniş ictimaiyyətə daha yaxından tanıtmaqdan ibarətdir.

Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən gənc müəllimlərin pedaqoji fəaliyyətləri və onların keçdikləri döyüş yolu videoçarxlar vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası "Tarix yazan müəllimlər" layihəsi ilə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının qismən maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqədə qalib gəlib.

Çəkilişlər ilkin olaraq Bakı şəhərində fəaliyyət göstərən gənc müəllimlərlə olacaq.

03.11.2022

badge-icon
“Nə? Harada? Nə zaman?”
5 oktyabr Müəllimlər günü münasibətilə İntellekt Kuboku 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və "3sual.az" platformasının birgə təşkilatçılığı ilə “Müəllimlərin İntellekt Kuboku” keçiriləcəkdir.
“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək turnirdə müəllimlər 4-6 nəfərlik komandalar halında birincilik uğrunda mübarizə aparacaqlar. Turnirin nəticələrinə, əsasən, sonda ən güclü komandalar bizdən hədiyyələr qazanacaqlar!

Oyunda iştirak etmək üçün 21 sentyabr 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanır.
Qeydiyyat üçün şərtlər:

 Komanda üzvləri yalnız hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən, yaşı 35-ə qədər olan müəllimlərdən ibarət olmalıdır.

 Təqdim edilən excel formatda sifariş forması doldurulmalı 

 Komandanın adı və kapitanı qeyd edilməlidir.

 Bütün iştirakçıların şəxsiyyət vəsiqəsinin skanı və UTİS kodları qeyd olunmalıdır.

Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:
 - Təqdim edilən excel formatda sifariş forması
 - Sifariş formasının skan versiyası
 - Bütün oyunçuların şəxsiyyət vəsiqəsinin skanı

Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3yhnT5d

21.09.2022

badge-icon
Yeni işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılır
Yeni işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılır

Sentyabr ayının 19-dan etibarən yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılır.
Adaptasiya proqramının məqsədi yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.

Proqram çərçivəsində müəllimlər aşağıdakı mövzularda təlimlərdə iştirak edəcəklər:

İdeal müəllim;
Müəllimin təqdimat bacarıqları;
Təhsildə etika;
Valideyn-məktəb əməkdaşlığı;
 Şagirdlərin mühafizəsi və təhlükəsizliyi;
Məktəbdə uşaqlara qarşı bullinq;
Sinfin idarəolunması.

Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

Link: https://forms.gle/mLLaL4AZBPE3P9Qj6

Son qeydiyyat tarixi 18 sentyabrdır.

Qeydiyyatdan keçən müəllimlər 1 ay müddətində təlimlərdə iştirak edəcəklər.
D
aim inkişaf edən dünyada irəli getmək üçün tək vasitə təhsil və elmdir. İnkişaf üçün inkişaf edək!

10.09.2022

badge-icon
““Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması”
““Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinə qeydiyyat başlayıb.

2022-ci il aprel ayının 13-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində ““Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsi qalib olmuşdur. Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşlığı ilə həyata keçiriləcəkdir.

Layihənin məqsədi yeniyetmələr və regionun gənc müəllimləri arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdim və natiqlik bacarığının inkişaf etdirilməsidir.

Qeydiyyat linki: https://forms.gle/tah3Ue1FrZhanQBP9

Layihənin müvəffəqiyyətlə həyata keçirilməsini arzu edirik!

03.09.2022

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.

İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.

İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.

Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.

03.10.2026

badge-icon
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı konfrans keçirilib.

Konfransın əsas məqsədi yeni tədris ilinin sistemli və keyfiyyətli şəkildə, müasir pedaqoji yanaşmalar əsasında təşkilinə dəstək olmaq, təhsil ictimaiyyətinin müxtəlif nümayəndələrini bir araya gətirərək məktəbdə keyfiyyətli başlanğıc üçün vacib olan məsələləri müzakirə etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edib. Tədbirin proqramı çərçivəsində tədris prosesinin keyfiyyətinin artırılması, öyrənmə nəticələrinin izlənilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, dərs prosesinin müşahidəsi və müasir tədris yanaşmalarının tətbiqi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva da çıxış edib. Çıxışı zamanı o, yeni tədris ilinin uğurlu başlanması üçün təhsil prosesində keyfiyyətin davamlı şəkildə artırılmasının, müəllimlərin peşəkar inkişafının və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, məktəb mühitinin inkişafı və təhsil iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Konfransın əsas mövzularından biri “Öyrənməni dəstəkləyən qiymətləndirmə: nəticələrin izlənilməsi və inkişaf üçün məlumatdan istifadə” olub.Mövzu ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva təqdimatla çıxış edib. Təqdimat zamanı öyrənmə nəticələrinin izlənilməsi, əldə olunan məlumatların təhlili və həmin məlumatlardan şagirdlərin inkişafının dəstəklənməsi məqsədilə səmərəli istifadə olunması məsələlərinə diqqət yetirilib. 

Konfrans çərçivəsində “Dərsdinləmə: Tədrisin keyfiyyətinin müşahidəsi, təhlili və inkişafı” mövzusunda təqdimat da keçirilib. Mövzu üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva çıxış edib. Təqdimatda dərsin müşahidəsi və təhlili, dərsdinləmə prosesinin məqsədləri, eləcə də əldə olunan nəticələrin tədrisin keyfiyyətinin inkişafına yönəldilməsi məsələləri diqqət mərkəzində olub.

Konfransın yekun hissəsində “Fəndən bacarığa: Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panelə Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova moderatorluq edib.

Müzakirədə spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aynur Rüstəmova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Bakı Mühəndislik Universitetinin Qida və biotexnologiya kafedrasının dosenti, dərslik müəllifi Elşad Yunusov iştirak ediblər.

Panel müzakirəsi zamanı Azərbaycan dili, riyaziyyat və həyat bilgisi/təbiət fənlərinin tədrisində müasir yanaşmalar, biliklərin bacarıqlara çevrilməsi, şagirdyönümlü təlimin təşkili və tədris prosesinin daha səmərəli qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində təqdim olunan mövzular və aparılan müzakirələr yeni tədris ilinin daha keyfiyyətli və səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və məktəbdə müsbət öyrənmə mühitinin formalaşdırılması istiqamətində faydalı fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbirin sonunda konfransda iştirak edən qonaqlara, müəllimlərə və dəyərli fikirlərini bölüşən spikerlərə təşəkkür bildirilib. Konfrans iştirakçıların birgə foto çəkdirməsi ilə yekunlaşıb.

19.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
9 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin, eləcə də məktəb rəhbərlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris və idarəetmə strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik, analitik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirmək olub.

İbtidai sinif müəllimləri üçün “Riyazi bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları və məntiqi düşünməni inkişaf etdirən fəaliyyətlər nəzərdən keçirilib. Həmçinin gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması və onların tədris prosesində tətbiqi ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Azərbaycan dili müəllimləri üçün “Oxu prosesində interaktiv təlim strategiyaları: şagirdin mətni anlamasından düşünməsinə” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində oxu prosesində interaktiv strategiyalardan istifadə, mətnəqədər, mətn zamanı və mətnsonrası fəaliyyətlərin təşkili, əsas və köməkçi informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma, sualvermə və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində metodiki yanaşmalar və praktik fəaliyyətlər həyata keçirilib.

İngilis dili müəllimləri üçün “Dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlim zamanı dinləmə və oxu prosesində əsas informasiyanın müəyyənləşdirilməsi, məzmunun təhlili və şərhi, nəticə çıxarma, kontekstdən istifadə və anlama bacarıqlarının inkişafına yönəlmiş strategiya və fəaliyyətlər təqdim edilib.

Məktəb rəhbərləri üçün “Tədrisin keyfiyyətinin idarə edilməsi və müəllimlərin peşəkar inkişafı” mövzusunda təlim Fəzilə Mahmudova tərəfindən keçirilib. Təlimdə tədrisin keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi, müəllim fəaliyyətinin inkişafyönümlü dəstəklənməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, məktəbdaxili əməkdaşlıq və davamlı peşəkar inkişaf mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Təlimlər interaktiv metodlar, müzakirələr və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris və idarəetmə prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub, real tədris situasiyaları üzərindən praktik nümunələr müzakirə edilib.

Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ingilis dili təlimləri müvafiq olaraq təlimçilər Ülviyyə Ələkbərova, Ülvi Osmanlı və Babək Rzazadə tərəfindən keçirilib.

Keçirilən təlimlər müəllimlərin və məktəb rəhbərlərinin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris və idarəetmə yanaşmalarından istifadənin genişləndirilməsinə və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AGMA tərəfindən müəllimlərin və təhsil rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

10.09.2026

badge-icon
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlər keçirilib

8 sentyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəvəti və Ağsu Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ağsu rayonunda fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə AGMA-nın təşkilatçılığı ilə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ibtidai sinif, Azərbaycan dili və ingilis dili müəllimlərinin peşəkar inkişafına töhfə vermək, müasir və effektiv tədris strategiyalarının tətbiqini dəstəkləmək, şagirdlərin akademik və düşünmə bacarıqlarının inkişafına yönəlmiş yanaşmaları gücləndirməkdir.

İngilis dili müəllimləri üçün “Fikrin ardıcıl və strukturlaşdırılmış şəkildə abzasda ifadəsi” mövzusunda təlim Babək Rzazadə tərəfindən keçirilib. Təlim zamanı fikrin məntiqi ardıcıllıqla ifadə olunması, abzasın strukturunun düzgün qurulması və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı metodiki yanaşmalar təqdim edilib.
İbtidai sinif müəllimləri üçün “Oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim Ülviyyə Ələkbərova tərəfindən keçirilib. Təlim çərçivəsində oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişaf etdirilməsi istiqamətində praktik fəaliyyətlər həyata keçirilib.

Azərbaycan dili müəllimləri üçün isə “Azərbaycan dili dərslərində nəzəri biliklərdən praktik bacarıqlara” mövzusunda təlim Ülvi Osmanlı tərəfindən keçirilib. Təlimdə dil biliklərinin şüurlu mənimsənilməsi, nəzəri anlayışların nümunə və kontekst əsasında izahı, əldə olunan biliklərin şifahi və yazılı nitqdə tətbiqi, eləcə də praktik və kommunikativ tapşırıqlar vasitəsilə dil bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Təlimlər interaktiv metodlar və praktik fəaliyyətlər əsasında təşkil edilib. İştirakçılara tədris prosesində tətbiq edə biləcəkləri müasir metod və strategiyalar təqdim olunub.

Keçirilən təlimlər müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, müasir tədris yanaşmalarından istifadənin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlib. AGMA tərəfindən bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

08.09.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun